Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-19/2023 09.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payların kompensasiya edilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əliyev X2 Əkbər İlyas oğluna qarşı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinin ¾ hissədə cavabdehin, ¼ hissədə iddiaçının payının naturada ayrılması, bu mümkün olmadıqda cavabdeh tərəfindən iddiaçıya 20.000 manat kompensasiya ödənilməsi, bu mümkün olmadıqda Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Ə.Əliyeva iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinin ¾ hissəsinə cavabdehin, ¼ hissəsinə isə iddiaçının mülkiyyət hüququ vardır. Qeyd edilən fərdi yaşayış evi tərəflərin paylı mülkiyyəti olsa da, cavabdeh faktiki olaraq iddiaçının mülkiyyətində olan hissədən qanunsuz istifadə edir və həmin sahəyə iddiaçını buraxmır. Ümumiiyyətlə cavabdeh fərdi yaşayış evini bütövlükdə sahiblənərək iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. İddiaçı fərdi yaşayış evinin istifadəsi ilə bağlı cavabdehlə heç cür razılıq əldə edə bilmir. Mülki işin məhkəmə tədqiqi zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində isə qeyd olunan əmlakın naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir. Həmçinin onlar arasında payların kompensasiya edilməsi barədə razılıq əldə olunmamışdır və o, cavabdehlə kompensasiya verilməklə ikisindən birinin mülkiyyət hüququna xitam verilməsi məsələsində razılığa gələ bilmir. Bu səbəbdən də ümumi mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməlidir. Sonda G.Ə.Əliyeva iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********50-10301 reyestr nömrəli daşınmaz əmlaka dair çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinin (**********50-10301 reyestr nömrəli daşınmaz əmlak) ¾ hisssəsinə Cavabdeh və ¼ hissəsinə İddiaçı (qeydiyyat nömrəsi **********) mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 01 iyun 2023-cü il tarixli 10/187 nömrəli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq ¼ və ¾ hissələrə uyğun olaraq təcrid mənzillər şəklində 2 hissəyə bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinin (**********50-10301 reyestr nömrəli daşınmaz əmlak) ¾ hisssəsinə Cavabdeh və ¼ hissəsinə İddiaçı (qeydiyyat nömrəsi **********) payları müəyyən edilmiş, onların bu payları əsasında mənzil üzərində ümumi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin hər birinin mübahisəli mənzildən istifadə hüquqları vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli mənzilin mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin İddiaçı nümayəndəsinin mənzilin iddiaçıya aid olan paya dair hissəsinə görə yazılı kompensasiya təklifi Cavabdeh poçt vasitəsi ilə göndərilmiş, həmin təklif Cavabdeh 14 iyul 2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuş, lakin Cavabdeh həmin təklifə heç bir münasibət bildirməmiş və bununla yanaşı məhkəmə iclaslarına gəlməmişdir. Buna görə də tərəflərin bir-birilərinə paylara mütənasib şəkildə kompensasiya vermələri də mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüququ qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi, onlar paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişlər. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçilər arasında bölünməsinə də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli evin, mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmamışdır. Çünki, mübahisəli evin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bununla yanaşı, mübahisəli mənzilin hazırki vəziyyətini nəzərə alaraq onun mülkiyyətçilər arasında paylarına münasibətdə 2 hissəyə təcrid mənzillər şəklində bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Tərəflərin ümumi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinin (**********50- 10301 reyestr nömrəli daşınmaz əmlak) ¾ hisssəsinə Cavabdeh və ¼ hissəsinə İddiaçı (qeydiyyat nömrəsi **********) payları mövcuddur. Buna görə də məhkəmə mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşnməsini, yəni satış pulunun ¾ hissəsinin İddiaçı və ¼ hissəsinin Cavabdeh verilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbinin mənzilin naturada bölünməsi hissəsi təmin olunmadığından, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulu iddiaçıdan tutmağı məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı (¼ hissədə pay) və Cavabdeh (¾ hissədə pay) arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-19/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-19/2023
09.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver