Məhkəmə qərarları › İş №2(125)-1927/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1927/2024

18.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1927/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən mülkün hərraca çıxarılıb satılması və satış pulunun paylarına uyğun bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbində nöqsanlar olduğundan, həmin nöqsanların aradan qaldırılması üçün işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mülk 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsusdur. Mübahisəli mülkün paylara uyğun bölgüsü mümkün deyildir. Bu barədə məhkəmə qətnaməsi də vardır. Ona görə də mülk açıq hərraca çıxarılıb satılmalıdır. Hərracdan əldə edilmiş pul paya uyğun bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlə eyni evdə yaşamaları mümkün deyildir. Cavabdeh onları rahat yaşamağa qoymur, qızına pis sözlər deyir. Səhər tezdən cavabdehə görə həyətə düşə bilmir, üzərinə anti-sanitar vasitələr atır. Atası da həmçinin onunla eyni evdə yaşamaq istəməmiş, ondan imtina etmişdir. Qonşular da bu vəziyyətdən narazıdırlar. Həyətdə qəribə səslər çıxarmış, balta ilə üzərlərinə hücum etmiş, hər dəfə polis gəlmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, bankdan kredit götürüb əziyyətə yarımtikili tikdirmişdir. Həmin mülkdə payı vardır, orada da yaşayacaqdır. İddiaçı əvvəl onu ləyaqətsiz vərəsə kimi də təqdim etmiş, ancaq öz təsdiqini tapmamışdır. İddia əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- xx.xx.2018-ci il tarixli, **********66-10301 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşn fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 7/8 hissədə İddiaçı, 1/8 hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X2 və Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X4 və Cavabdeh iddiaçı X5 məxsus olan ünvan 4 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)- 1182/2016 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçı X3 ona məxsus olan ünvan 4 ünvanda yerləşən evdən X1 və Cavabdeh çıxarılmaları tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-7176 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-1182/2016 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 2831/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin paylı mülkiyyətdə olan payına kompensasiya verilmək yolu ilə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 631/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən paylı mülkiyyətçilər Cavabdeh və İddiaçı ümumi istifadə (yaşayış) qaydalarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2296/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ əsasında 7/8 hissədə İddiaçı, 1/8 hissədə isə Cavabdeh payları müəyyən edilərək rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə paylı mülkiyyətində olan paylarının naturada ayrılmasının mümkün olmadığını əsas gətirərək, əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. MM-in 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, payının naturada ayrılmasını tələb edən mülkiyyətçi payın naturada ayrılması mümkün olmadıqda digər mülkiyyətçilərdən öz payının əvəzində kompensasiya ödənilməsini tələb edə bilər. Hazırki işdən isə görünür ki, iddiaçının payının real surətdə ayrılması mümkün olmasa da, iddiaçı öz payının əvəzində kompensasiya ödənilməsini tələb etmədən paylı mülkiyyətlərində olan əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Halbuki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar