Məhkəmə qərarları › İş №2(125)-194/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-194/2024

24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-194/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payların kompensasiya edilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması və əldə olunan gəlirin paylara mütənasib olaraq bölünməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin paylı mülkiyyətində olan Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin) paylara mütənasib qaydada bölünməsi, bu mümkün olmadıqda əmlakdakı payların əldə edilməsi məqsədi ilə iddiaçının cavabdehə 7.000 manat və ya cavabdehin iddiaçıya 35.000 manat məbləğində kompensasiya verməsi, bu da mümkün olmadıqda həmin əmlakın açıq hərracda satılaraq, əldə olunan vəsaitin paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh onun qardaşıdır. Belə ki, Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin) 5/6 hissəsinə onun, 1/6 hissəsinə isə cavabdehin mülkiyyət hüququ vardır. Sözügedən ünvanda o, öz ailəsi ilə və həmçinin cavabdeg özü ailəsi ilə birlikdə yaşayır. Qeyd edilən fərdi yaşayış evi onların paylı mülkiyyəti olsa da, cavabdeh faktiki olaraq onun mülkiyyətində olan hissədən qanunsuz istifadə edir. O, cavabdehlə ortaq məxrəcə gələ bilmir və iki ailənin qeyd olunan ünvanda yaşaması olduqca çətindir. Mülki işin məhkəmə tədqiqi zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində isə qeyd olunan əmlakın naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir. Həmçinin onlar arasında payların kompensasiya edilməsi barədə razılıq əldə olunmamışdır və o, cavabdehlə kompensasiya verilməklə ikisindən birinin mülkiyyət hüququna xitam verilməsi məsələsində razılığa gələ bilmir. Bu səbəbdən də ümumi mülkiyyətdə olan fərdi yaşayış evinin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan vəsaitin cavabdehlə aralarında paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri və iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30-10301 reyestr nömrəli daşınmaz əmlaka dair çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin) (**********30-10301 reyestr nömrəli daşınmaz əmlak) 5/6 hisssəsinə İddiaçı və 1/6 hissəsinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7783 nömrəli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 1/6 və 5/6 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində 2 hissəyə bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin) (**********30- 10301 reyestr nömrəli daşınmaz əmlak) 5/6 hisssəsinə İddiaçı və 1/6 hissəsinə Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin hər birinin mübahisəli mənzildən istifadə hüququ vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmir. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli mənzilin mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün deyildir. Həmçinin iddiaçının kompensasiya ödəmək şərti ilə mənzilə mülkiyyət hüququna xitam verilməsi tələbi də cavabdeh tərəfdən qəbul olunmamışdır. Buna görə də tərəflərin bir-birilərinə paylara mütənasib şəkildə kompensasiya vermələri də mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, mübahisəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə olunan pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi, onlar paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişlər. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçilər arasında bölünməsinə də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə görə mübahisəli evin, mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmamışdır. Çünki, mübahisəli evin tərəflər arasında bölgüsü «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Tərəflərin ümumi mülkiyyətində olan Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin) (**********30-10301 reyestr nömrəli daşınmaz əmlak) 5/6 hisssəsinə İddiaçı və 1/6 hissəsinə Cavabdeh payları mövcuddur. Buna görə də məhkəmə mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılmasını və əldə olunan vəsaitin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsini, yəni həmin vəsaitin 5/6 hissəsinin İddiaçı və 1/6 hissəsinin Cavabdeh verilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iddianın mənzilin naturada bölünməsi hissəsi təmin olunmamasını nəzərə alaraq, hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evi (yeni qaydalarla Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi) açıq hərracda satılsın və satışdan əldə olunan vəsait ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı (5/6 hissədə pay) və Cavabdeh (1/6 hissədə pay) arasında onların paylarına mütənasib qaydada bölüşdürülsün. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar