Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-197/2025 06.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdeh Synergy Medıcal” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona dəymiş maddi və mənəvi ziyana görə 10000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X1 həkimlərinin səhvi nəticəsində o, özünün müalicəsinə 5000 manat xərc çəkmişdir, o həmin xəstəxanadan müalicəsinə çəkdiyi 5000 manat pulun və mənəvi ziyan olaraq da 5000 manat pulun əvəzini tələb edir, ona görə də maddi və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınıb ona verilməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh xəstəxananın cərrahiyyə şöbəsində onu diz nahiyəsindən əməliyyat etmişlər, təxminən 2500 manat xərci çıxmışdır. 3 ay sonra isə həmin hissədə 3-cü dərəcəli dəlik əmələ gəlmişdir. O isə bu barədə təkrar həmin xəstəxanaya müraciət edəndə onu əməliyyat edən həkimlər özləri etiraf etmişlər ki, “əməliyyat düzgün aparılmayıb, təkrar əməliyyat edək”. Artıq iddiaçının onlara etibarı olmadığı üçün o, Bakı şəhərində başqa xəstəxanada yenidən əməliyyat olunmuşdur. O cavabdehdən əməliyyat üçün ödədiyi pulu tələb edəndə, ona həmin məbləği ödəməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə etdi ki, hərbiçidir, 2023-cü ilin sentyabr ayında qılçasında olan ağrı ilə əlaqədar Gəncədə yerləşən Hospitala getmişdir, Hospitalın travmatoloqu ona ayağında şiş olduğunu bildirərək maqnetik rezonans tomoqrafiyadan keçməsini demişdir. Bundan sonra Gəncə şəhərində Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında maqnetik rezonans tomoqrafiyadan keçmiş, ona qılçasında İİ dərəcəli yırtığın olduğu bildirilmişdir. Təkrarən Hospitala müraciət edəndə ona öz istəyi ilə ya Bakı şəhərində icbari sığorta ilə, ya da öz şəxsi vəsaiti hesabına könüllü şəkildə əməliyyat oluna biləcəyi bildirilmişdir. Bundan sonra artroskopik əməliyyatın təkcə cavabdeh olan xəstəxanada həyata keçirildiyini öyrənmiş və ora müraciət etmişdir. Cavabdeh olan xəstəxananın həkimi Cahandar İsmayılov ona səhv diaqnoz qoyulduğunu bildirmiş və onu əməliyyat etmişdir. Həmin həkimin verdiyi epikriz əsasında 40 günlük məzuniyyətə çıxmışdır. Məzuniyyət bitdikdən sonra şəhadətnamə almaq üçün təkrarən Hospitala getmiş, Hospitalın travmatoloqu ona ayağında şiş olduğunu bildirmiş və ona maqnetik rezonans tomoqrafiyadan keçməsini demişdir. Bundan sonra Cahandar həkimin yanına gəlib ayağında güclü ağrıların olduğunu bildirmiş, o isə cavabında ağrıların keçəcəyini qeyd etmişdir. Hospitala müraciət etmiş, Hospitalda diskə baxılmış, ona ayağının düzgün əməliyyat olunmadığını bildirilmiş və o, Bakı şəhərində yerləşən Mərkəzi Hospitala yönləndirilmişdir. Mərkəzi Hospitalın həkimi ona düzgün əməliyyat olunmadığını bildirmişdir. Cahandar həkimə bu barədə məlumat verəndə belə bir şeyin mümkün olmayacağını demişdir. Bundan 3-4 gün keçdikdən sonra Cahandar həkim diskə təkrar baxmış, səhv etmiş ola biləcəyini bildirmiş, ona 15-20 dəqiqəlik əməliyyat olduğunu bildirərək təkrarən əməliyyat etməsini təklif etmişdir. Bundan sonra Hospitala gəlmiş, göndəriş götürərək Mərkəzi Hospitala getmişdir. Mərkəzi Hospitaldan isə “Semaşko” Xəstəxanasına göndəriş götürərək baş həkim, travmatoloq Hüseyn həkimin yanına getmişdir. Hüseyn həkimə ağrılara dözə bilmədiyini deyəndə o, mütləq əməliyyat olunmalı olduğunu bildirmişdir. Bir dəfə fizioterapiyaya getmiş, lakin faydası olmadığı üçün 2024-cü ilin aprel ayında ikinci dəfə əməliyyat olunmuşdur. Təzədən epikriz götürərək məzuniyyətə çıxmışdır. Hazırda heç bir ağrısı yoxdur. Bundan başqa bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur, ekspert rəyində əməliyyatın faktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi qeyd olunmuşdur. Həmin ekspert rəyində həkimin səhvi ucbatından əməliyyatın düzgün aparılmadığı müəyyən olunmamışdır. İddiaçı Cahandar həkimin ona əməliyyatı səhv etmiş ola biləcəyini dediyini bildirsə də, bunu təsdiq edən hər hansı sübuta istinad etmir və bu hal ümumiyyətlə tibbi sənədlər və ekspert rəyi ilə təsdiq olunmur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1987-ci il təvəllüdlü İddiaçı adına “X4”-nın ortopediya və travmatologiya şöbəsində tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:56-da xəstəxanaya daxil olmuşdur. Şikayətləri sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, sol tərəfli axsama. Deməsinə görə bir neçə ildir şikayətləri var, son iki aydır ağrıları şiddətlənmişdir. Daxil olarkən xəstənin vəziyyəti kafidir. Dəri və görünən selikli qişaları fizioloji rəngdədir. Periferik limfa vəzləri böyüməmişdir. Tənəffüs vezikulyar xırıltı yoxdur. Bədən temperaturu 36.7, A/T- 120/80 mm.c.st, Ps 76 ritmikdir. Sidik kisəsi palpasiya edilmir. Lokal status diz nahiyəsində şişkinlik, oynaq aralığında palapasiyada ağrı qeyd olunur. Hərəkət zamanı 0/0/110 ağrılıdır. xx.xx.2023-cü il tarixdə xəstənin vəziyyəti kafidir. Bədən temperaturu 36.6, A/T-110/75 mm.c.st, Ps-77 ritmikdir. Klinik diaqnoz: “Meniskin zədələnməsi”. xx.xx.2023-cü il tarixdə xəstəyə dizin oraqvari qığırdağının kəsiklə çıxarılması. (Meniskektomiya-oynaq siçanının çıxarılması) əməliyyatının icrasına başlanıldı. Ön aşağı medial və lateral parapatelyar kəsiklərdən sol diz oynağının artroskopiyası icra edildi. Oynaq boşluğunun reviziyası zamanı patellada 2d, femur tibia medial kondildə 2-3d xondromalyasiya, medial meniskin arxa buynuz və cismində kompleks yırtıq, ön çarpaz bağın hissəvi zədələnməsi aşkarlandı. Yırtılmış menisk rezeksiya edildi. Oynaq boşluğu yuyuldu. Tikiş qoyuldu. Xəstənin sarğısı olundu. Əməliyyat fəsadsız keçdi. Məsləhət verildi: ortoped nəzarəti, sarğılar 10-12 gün sonra tikişlər alınsın, xondroprotektor, NSAİ ağrı zamanı, fizioterapiya, 1 ay istirahət. Son Klinik diaqnoz: “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağı medial meniskin köhnəlmiş yırtığı. ÖÇB hissəvi zədələnməsi. Ağrı sindromu”. İş materiallarına əlavə edilmiş İddiaçı adına Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının reabilitasiya bölməsindən verilmiş 2396 saylı xəstəlik tarixindən görünür ki o, xx.xx.2024-cü il tarixində hospitala daxil olmuşdur. Daxil olarkən şikayətləri: Xəstə beloma nahiyəsində olan ağrılardan şikayət edir. Ağrılar hər iki aşağı ətraflara yayılır, sol dizində olan ağrılardan, hər iki yuxan ətraflarda olan ağnlardandır. Diaqnoz: “Sol diz oynağın medial meniskin yırtığı. İkincili hissəvi adentiya. Vertebrogen lumbalgiya. İki tərəfli karpal tunel sindromu, yüngül dərəcə. Hepatostearoz. Anamnezi: Deməsinə görə özünü 1 (bir) ildir ki, xəstə hesab edir. Xəstəliyinin səbəbini aldığı travma ilə əlaqələndirir. xx.xx.2023-cü il tarixində “X3”da “Meniskektomiya-oynaq siçanının çıxarılması” əməliyyatı olunub. Son zamanlar ağrıları artdığı üçün MN BKH-na müraciət etmiş və Tibbi Reabilitasiya bölməsində stasionar müalicəyə qəbul olunmuşdur. Müayinələr: Qanın ümumi analizi: (xx.xx.2024) normal. Sidiyin ümumi analizi: (xx.xx.2024) normal. Qanın biokimyəvi analizi (xx.xx.2024) normal. DQOF (xx.xx.2024) normal. Abdominal USM (xx.xx.2024) Qaraciyər-GRADE İ-İİ piylənmə izlənilir. EKQ (xx.xx.2024) normal. Qan qrupunun təyini (xx.xx.2024) A(İİ) RH (+) pozitiv. X8, HCV İgG, QİÇS-HİV, Siflis Screen (xx.xx.2024) neqativ. Aparılmış müalicələr: Rejim, Pəhriz, Elektrofarez, Elektrostimulyasiya, medikamentoz müalicə təyin olunmuşdur. Xəstə xx.xx.2024-cü il tarixdə kafi vəziyyətdə evə yazıldı. Tövsiyyələr: Özünü soyuqdan və ağır fiziki işdən qorumalı. Həkim travmatoloq məsləhəti ilə xx.xx.2024-cü il tarixdə İcbari Tibbi sığortanın dəstəyi ilə KTM-də əməliyyat olunması üçün göndərilsin. HHK-na göndərişi ilə birgə. İcbari Tibbi sığortanın dəstəyi ilə “Lumbal MRT” nəticələri ilə həkim-neyrocərrahın baxışına göndərilsin. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X1” həkimi Cahandar İsmayılov tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 39243/477899 nömrəli epikrizdən görünür ki, iddiaçı keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağı medial meniskin köhnəlmiş yırtığı. ÖÇB hissəvi zədələnməsi. Ağrı sindromu diaqnozu ilə xx.xx.2023-cü il tarixdə dizin oraqvari qığırdağının kəsiklə çıxarılması (meniskektomiya-oynaq siçanının çıxarılması) əməliyyatı olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4” tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “sol diz oynağın iç meniskin köhnəlmiş yırtığı, ön çarpaz bağın hissəvi zədələnməsi, ağrı sindromu” diaqnozu ilə stasionar/ambulator rejimdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi PHŞ “X6” X7 tərəfindən verilmiş İddiaçı məxsus xx.xx.2024-cü il tarixli, ******* nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı sol diz oynağın medial menisk arxa buynuzunda horizontal İİİ dərəcəli yırtıq diaqnozu qoyulmuşdur. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 tərəfindən keçirilmiş, məhkəmə-tibbi ekspertizasının 150/KEŞ nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1987-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”na sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, sol tərəfli axsama şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Meniskin zədələnməsi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və sol diz oynağının artroskopiyası “Dizin oraqvari qığırdağının kəsiklə çıxarılması (Meniskektomiya-oynaq siçanının çıxarılması)” əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonra xəstəyə müvafiq məsləhətlər verilmiş və kontrol müayinə təyin edilmişdir. 2-4. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”nda icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2024-cü il tarixdə Tibbi Ərazi Bölmələrinin idarəetmə Birlliyinin “X6” X7nə müraciət etmişdir. Müayinə zamanı “Sol diz oynağı medial meniskdə horizontal İİİ dərəcəli yırtığı” diaqnozu müəyyənləşdirilmiş və spinal anesteziya altında yenidən “sol diz oynağının artroskopik meniskentomiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bunu nəzərə alaraq, əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”na sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, sol tərəfli axsama şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Meniskin zədələnməsi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və sol diz oynağının artroskopiyası “Dizin oraqvari qığırdağının kəsiklə çıxarılması (Meniskektomiya-oynaq siçanının çıxarılması)” əməliyyatı icra edilmişdir. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nəzdində fəaliyyət göstərən “X4”nda icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2024-cü il tarixdə Tibbi Ərazi Bölmələrinin idarəetmə Birlliyinin “X6” X7nə müraciət etmişdir. Müayinə zamanı “Sol diz oynağı medial meniskdə horizontal İİİ dərəcəli yırtığı” diaqnozu müəyyənləşdirilmiş və spinal anesteziya altında yenidən “sol diz oynağının artroskopik meniskentomiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məcəllənin 1099.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Baxılan iş üzrə iddiaçı tələbini cavabdeh qismində onu əməliyyat etmiş həkimin fəaliyyət göstərdiyi tibb müəssisəsinə qarşı yönəltmiş və hesab etmişdir ki, həmin tibb müəssisəsinin işçisi olan həkimin səhvi nəticəsində dəymiş maddi və mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçını əməliyyat etmiş həkimin cavabdeh tibb müəssisəsinin işçisi olması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 1099 və 1112-ci maddələrinə əsasən, işçinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərər işçisi olduğu hüquqi və ya fiziki şəxs tərəfindən ödənilməlidir. Hazırkı iş üzrə hüquqi şəxs olan tibb müəssisəsində cərrahiyyə əməliyyatı zamanı iddiaçıya zərərin vurulduğu sübut edildiyi halda həmin zərərə görə məsuliyyəti müəssisənin özü daşımalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlir ki, iddiaçıya cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə ekspert rəyi ilə razılaşmaqla onu hazırkı iş üzrə sübut qismində qəbul edərək hesab edir ki, iddiaçı üzərində cavabdehin işçisi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir, həmin əməliyyat zamanı iddiaçının sağlamlığına ziyan vurulmamışdır. İddiaçının üzərində təkrar cərrahi əməliyyatın səbəbi cavabdeh tibb müəssisəsində icra edilmiş ilkin cərrahi əməliyyatın taktiki cəhətdən düzgün yerinə yetirilməməsi olmamışdır. Belə ki, iş üzrə ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının üzərində təkrar əməliyyatın (6 ay sonra) aparılması menisk yırtığının təkrarlanması, əzələ zəifliyi, residiv və ya travma hesabına əmələ gələ bilərdi. Bu baxımdan əməliyyatlar arasında səbəbli əlaqənin olması istisna edilir. Sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). Beləliklə, mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin hərəkətləri (hərəkətsizlikləri) nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Bundan başqa, hazırkı iş üzrə məhkəmə xərci – iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddia təmin edilmədiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov