Məhkəmə qərarları › İş №2(125)-1987/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1987/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1987/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 vəfatına görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 5000 manat sığorta ödəniş məbləğini və iddia ərizəsinin verilməsi ilə bağlı 70,40 dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan ‘‘GAZ 270500” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X5 vəfat etmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. İddiaçı Sığorta Şirkəti öz növbəsində X3 vəfatına görə 5 000 AZN sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının, Ali Məhkəmənin Cinayət Kollegiyasının yekun qərarlarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh tələbə etiraz edərək iddia müddətini tətbiq etməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, AZ-İ 727827 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, 393582 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında xx.xx.1988-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məkəməsinin xx.xx.2015-ci il tarixli 1(088)-309/2015 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1 3-cü maddəsi ilə təqsirli bilinib, 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh 31 iyul 2015-ci il tarixdə, saat 08 radələrində alkoqol sərxoşluğu halında, həmçinin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi QAZ-270500-mikroavtobus markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinləri Gəncə şəhəri Gülüstan qəsəbəsi, «Üç qardaş» adlanan ərazidə yerləşmiş 48 nömrəli yaşayış binasının yaxınlığından keçən yolda digər avtomobilə minmələri üçün boşaltdıqdan sonara ‘‘Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-ci hissəsinin tələblərinə əsasən avtomobili dayandığı yerdən arxaya doğru hərəkətə gətirməzdən əvvəl eldiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı, mikroavtobusdan arxada piyadanın olduğu vəziyyətdə mikroavtobusu arxaya doğru hərəkət etdirməməli olduğu halda bunları etməyərək yaxınlıqda olan dayanacağa getmək üçün avtomobili arxaya doğru hərəkət etdirərkən həmin avtomobilin arxasında dayanmış Gəncə şəhərində yaşayan X4 avtomobilin arxa tərəfi ilə vuraraq ona təpə-ənsə sümüklərinin qəlpəli sınığı, baş beyinin yumşaq qişasına, beyin mədəciklərində qansızma; döş qəfəsinin sağ tərəfində İİİ-İV-V-Vİ qabırğaların döşyanı xətt üzrə sınığı, sağ ağ ciyərin cırılması; sağ döş boşluğunda 800 ml maye qanın olması; hər iki baldır sümüklərinin açıq sınıqları, sağ baldır sümüklərinin qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızıma, üz və burun sümüklərinin sınıqları; üz hər iki dirsək, sağ sağrı, sağ bud, hər iki baldır və hər iki ayaq pəncələrinin üst səthlərinin sıyrıqları ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2016-cı il tarixli qərarı ilə Gəncə Agır Cinayətlər Məhkəməsinin dekabr 2015-ci il tarixli hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 050401 nömrəli xx.xx.2018-ci il tarixli “Sığorta akt”ından görünür ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Sığorta məbləği 5000 AZN olduğundan sığorta ödənişi vəfat etmiş şəxsin arvadı X1 ödənilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 27541718 (4825) saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 5000 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək X3 ölümüylə nəticələnən sığorta hadisəsinin baş verməsinə səbəb olmuşdur. X3 həyatını icbari sığorta növündə sığortalamış iddiaçı həmin sığorta hadisəsinə görə 5000 manat sığorta ödənişini ölən şəxsin arvadı X1 vermişdir. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə iddiaçının ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Lakin cavabdeh iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının subroqasiya qaydasında əvəzini tələb etdiyi sığorta ödənişi xx.xx.2018-ci il tarixdə edilmiş və cavabdehin yol-nəqliyyat hadisəsində təqsirli bilinməsi barədə ittiham hökmü Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2016-cı il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Beləliklə bu müqavilədən irəli gələn tələb üzrə üç illik iddia müddəti xx.xx.2019cu il tarixdə başa çatmışdır. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2016-cı il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmasa da öhdəliyin məcburi qaydada icrasının tələb edilməsi hüququnu ortadan qaldırır. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan təşkil edir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar