Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2037/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti 269 ünvanında çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m olan 6 saylı mənzilə dair təsdiqlənmiş plan-sxemin, mənzilin dəyərinin (pay haqqının) tam ödənilməsinə dair müvafiq arayışın ona verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin Gəncə şəhəri, Atatürk prospekti 269 ünvanında çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m olan 6 saylı mənzili 08 oktyabr 2004-cü il tarixli müqaviləyə əsasən almışdır. Müqavilənin 1.2-ci bəndinin şərtinə əsasən cavabdeh şirkət mənzilin dəyəri tam şəkildə ödənildikdə sonra mənzilin ona verilməsini öhdəsinə götürmüşdür. Tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Bununla bağlı cavabdeh ilə aralarında hər hansı bir mübahisə yoxdur. O, aldığı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh təşkilata müraciət edərək mənzilin tam dəyərinin ödənilməsi ilə bağlı müvafiq arayışın ona verilməsini tələb etsə də, cavabdeh ona ünvanladığı 06 iyul 2023-cü il tarixli cavabında mənzil üzrə quraşdırılmış kondinsionerə görə 1500 manat, həmçinin təmirsiz mənzili üzrə ümumi saxlanma xərci qismində 2010-cu ilin yanvar ayından başlamaqla, aylıq 20 manat olmaqla, cəmi 3240 manat borcun ödəniləcəyi, yəni borc olmadığı təqdirdə mənzil üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməsi üçün müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim ediləcəyi bildirilmişdir. Cavabdehin müvafiq hüquqmüəyyənedici sənədi ona verməməsi ilə bağlı hərəkətlərini qanunsuz və əsassız hesab edir. Belə ki, mənzil üzrə quraşdırılmış kondinsionerə görə 1500 manat pul tərəfindən ödənilmiş və sonuncu dəfə ona cavabdeh tərəfindən buna dair 12 mart 2010-cu il tarixli arayış təqdim edilərək, kondinsionerin dəyərinin tam ödənilməsi həmin arayışda qeyd olunmuşdur. Mənzil üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməsi üçün təmirsiz mənzili üzrə ümumi saxlanma xərci qismində 2010-cu ilin yanvar ayından başlamaqla, aylıq 20 manat olmaqla, cəmi 3240 manat ödəniş tələb edilməsi də əsassız olmuşdur. Əvvəla cavabdehin saxlanma xərcini hansı səbəbdən 2010cu ilin yanvar ayından hesablaması anlaşılan deyildir. Həmçinin, müqavilənin 2.1-ci bəndinə əsasən binanın və mənzillərin keyfiyyəti, layihəyə və tikinti normalarına uyğun tikilməsini təsdiq edən sənəd kimi müqəyyən edilmiş qaydada təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbulu haqqında aktın əsas olması razılaşdırılmışdır. Saxlanma xərcləri binanın dövlət tərəfindən istismara qəbul edildiyi vaxtdan hesablanmalı olmaqla, mənzilinin yerləşdiyi binanın dövlət tərəfindən istismara qəbul edilib-edilməməsi, edildiyi təqdirdə isə nə vaxtdan qəbul edilməsi qeyri-müəyyəndir. Tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin 3.2-ci bəndinin b yarımbəndinin şərtinə əsasən tərəfindən kommunal, istismar və xidməti xərclərlə bağlı müqavilə bağlamağı öhdəsinə götürmüşdür. Lakin, hazırki vaxtadək onunla heç bir müqavilə bağlanmamışdır. Onunla kommunal, istismar və xidməti xərclərlə bağlı müqavilə bağlandığı qəbul edildiyi təqdirdə və həmin müqaviləyə görə borcum olduğu təqdirdə belə cavabdehin mənzil üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməsi üçün müvafiq hüquqmüəyyənedici sənədləri ona verməsindən imtinası əsassızdır. Belə ki, iddiaçı borcunun olduğunu iddia etdiyi, tərəfindən isə borcu ödəməkdən imtinda edildiyi təqdirdə məhkəmə müdafiəsi hüququndan istifadə hüquq vardır ki, yaranmış mübahisə də məhkəmə qərarı əsasında həll oluna bilər. Cavabdehin kondinsionerə və binanın o cümlədən mənzilin saxlanması xərclərinə görə borcunun olmasını iddia edib müvafiq arayışı ona verməməsi onun daşınmaz əmlak üzərində hüquqlarının həyata keçirilmsinə mane olmaqla, mülkiyyət hüququnun pozulması deməkdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 269 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 140,6 kv.m olan mənzili Cavabdeh MMC İddiaçı (mənzilin tam dəyəri olan 36556 ABŞ dollarını müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, İddiaçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan ünvanda tikilən 9 mərtəbəli binanın tikintisi Cavabdeh MMC-yə məxsusdur. Müqaviləyə əsasən bu binanın 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 140.6 kv.m təşkil edən, 3 otaqlı, 6 saylı mənzildə quraşdırılan kanal tipli “Unionair” 36000 BTU kondisionerin dəyərinin hissə ödənişi kimi 600 manat İddiaçı tərəfindən Cavabdeh MMC-nin xəzinəsinə ödənilmişdir. Kondisionerin dəyəri tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışlarının surətlərindən görünür ki, ünvan ünvanda tikilən 9 mərtəbəli binanın tikintisi Cavabdeh MMC-yə məxsusdur. Tikiləcək binanın 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 140.6 m2 olan mənzilin ümumi dəyərinin 3000 ABŞ dolları xx.xx.2004-cü il tarixdə, xx.xx.2004-cü il tarixdə 3000 ABŞ dolları, xx.xx.2004-cü il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 2000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 2556 ABŞ dolları Cavabdeh MMC-nin xəzinəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 770-1.1. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər: 770-1.1.1. bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə; 770-1.1.2. daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılmışdırsa. 770-1.2. Bu Məcəllənin 770-1.1-ci maddəsində müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir. 770-1.3. Bu Məcəllənin 770-1.1-ci və 770-1.2-ci maddələrində nəzərdə tutulan müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər: 770-1.3.1. torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi; 770-1.3.2. tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra müqavilə məbləğinin 10 faizi; 770-1.3.3. dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi; 770-1.3.4. istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra müqavilə məbləğinin 3 faizi; 770-1.3.5. su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi; 770-1.3.6. elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi; 770-1.3.7. pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi; 770-1.3.8. daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi; 770-1.3.9. birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi; 770-1.3.10. fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi; 770-1.3.11. su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi; 770-1.3.12. bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi. 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Hazırkı iş üzrə iddiaçı mübahisəli mənzil üçün pay haqqının tam ödənilməsi barədə arayışın və plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə uyğun olaraq mənzilin ümumi dəyərini tam ödəmişdir. Bu hal iddiaçı tərəfdən təqdim edilmiş qəbzlərlə təsdiq olunur, belə olan halda, iddiaçı bu barədə arayışı, habelə tikintisini həyata keçirdiyi mənzilə dair plan-cizgini cavabdehdən tələb etməkdə haqlıdır. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Atatürk prospekti 269 ünvanında tikilmiş binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 m2 olan 6 saylı mənzilin pay haqqının tam ödənilməsi barədə arayışın və həmin mənzilin plan-cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2037/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2037/2024
23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver