Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-205/2024 29.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 və etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması və əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov (hazırki M.C.Paşayev) küçəsində yerləşən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 2-ci mərtəbəsində olan, sahəsi 82 kv.m, 2 otaqdan ibarət 4 nömrəli mənzilə dair xx.xx.2006-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsızlığının tanınmasına və həmin mənzilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ilin axırlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində tikilməyə başlayan 10 mərtəbəli yaşayış binasında mənzillərin əvvəldən pulu ödənilməklə pay almaq yolu ilə tikilməsi barədə məlumatı tanışları Mübariz İsgəndərovdan almışdırlar. Binanın tikinti ofisi Gəncə şəhəri ATS 254-ün qabağında yerləşmişdir. Orada cavabdeh qismində qeyd edilmiş Cavabdeh3 adlı şəxs oturmaqla, mənzil tikintisində iştirak edən payçıların pullarının yığılması və müqavilələrin rəsmiləşdirilməsi ilə məşğul olurdu. Onun və Mübariz müəllimin dediyinə görə binanın tikintisində əsas icraçı şəxs olan Rövşən Rüstəmov Bakı şəhərində yaşamaqla arabir Gəncəyə gəlib binanın tikintisi ilə maraqlanmışdır. Onlar ofisdə Ələddin müəllimə müraciət etdikdə, o onlara bildirmişdir ki, yaxından tanıdığı Ramiq adlı şəxsin qohumunun adına müqavilə yazılmış bir mənzil vardır, onlara mənzil lazım deyildir, müqavilə formal olaraq alınmış borc pulun əvəzi qismində yazılmışdır və həmin şəxslər yalnız pulun alınmasında maraqlıdırlar. Eyni zamanda Ələddin müəllim onlara bildirmişdir ki, müqavilə barədə razılaşma onunla olsa da, sənədləşmə mənzilin digər şəriki olan və Bakıda oturan Rövşən Rüstəmovun adına rəsmiləşəcəkdir. Onlar qarşılıqlı razılaşma əldə edəndən sonra 05 dekabr 2009-cu ildə ofisdə 25420 ABŞ dolları pul ödəmiş və adlarına həmin tarixli müqavilə tərtib olunmuşdur. Onların pul ödədikləri mənzil 10 mərtəbəli yaşayış evinin blok 2-ci mərtəbəsində yerləşən, sahəsi 82 kv.m olan 2 otaqdan ibarət 4 nömrəli mənzil olmuşdur. Onlar ofisdə pulu ödəyib müqavilə yazılan vaxt orada Ələddindən savayı digər tərəfdən Eldar və Ramiq adlı şəxslər də orada olmuşdurlar. Onlar tərəfdən isə o, həyat yodaşı və Mübariz müəllim iştirak etmişdir. Orada onlara məlum olmuşdur ki, onlardan əvvəl həmin mənzilə dair Ramiq adlı şəxsin qohumunun adına formal müqavilə yazılmışdır. Onlardan alınan Ramiqə verilməklə əvvəlki müqavilənin ləğv edildiyini bildirmişdirlər. Müqavilənin şərtlərinə görə tikinti 1 il 6 ay ərzində təhvil verilməli idi. Həmin müddətdə tikinti tam başa çatmasa da, 2009-cu ildə artıq onların mənzilləri hazır idi. Yəni, onların mərtəbələri tikilmiş, mənzillər bir-birindən təcrid olunmuş, qapılar qoyulmuşdur. Faktiki olaraq mənzil onlara təhvil verilmişdir. 2011-ci ildə eşitmişdirlər ki, mənzil tikintisinə icraçı kimi məsul olan rəsmi şəxs Rövşən Rüstəmov Bakıda öldürülmüşdür. Bundan sonra bina tikintisinin başa çatdırılması bir müddət dayandırılmışdır. Sonradan Ələddin müəllimin və binanın digər payçılarının köməyi ilə tikinti başa çatdırılmışdır. Qeyd edildiyi kimi 2009-cu ildən mənzil onlara təhvil verilmiş, mənzilin giriş qapısına qıfıl qoydurmaqla onun sahibliyini onlar həyata keçirmişdirlər. 2020ci ilə qədər onların mənzilləri ilə bağlı heç bir mübahisə olmamışdır. Son 1 ildə mənzillərinin qıfılı 2 dəfə Cavabdeh1 tərəfindən sındırılaraq dəyişdirilmişdir. Bununla bağlı onlar polisə rəsmi şikayətlər vermişdirlər. Onların şikayətlərinin araşdırılması vaxtı Cavabdeh1 mənzilin qıfılının dəyişdirdiyinin səbəbini Ələddinin ona pul borcunun olduğu ilə izah etmişdir. Bildirmişdir ki, Ələddinin onlardan alıb ona verdiyi pul guya Ələddinin başqa borcu olmuşdur. Guya o həmin mənzilə görə Ələddinə 27000 ABŞ dolları vermiş və Ələddin onu qaytarmamışdır. Cavabdeh1 polisdə izahat verərkən həmin mənzilə dair onun qaynı Cavabdeh2 adına müqavilə olduğunu, həmin müqavilənin ləğv edilmədiyini göstərmişdir. Hesab etmişdirlər ki, Cavabdeh1 özündə saxladığı onların mənzilinə dair 05 noyabr 2006-cı il tarixli müqavilə etibarsızdır. Çünki onlar tərəfindən 05 dekabr 2006-cı il tarixdə həmin mənzilə görə onlar 25420 ABŞ dolları ödənildikdən sonra, 1 ay əvvəlki formal müqavilə öz qüvvəsini itirmişdir. Müqavilə şərtlərinə görə sonradan mənzil onlara təhvil verilmiş və 15 ilə yaxın bir müddətdə onların sahibliyində olmuşdur. Bütün bu uzun müddət ərzində cavabdehlər Cavabdeh1 və yaxud onun qaynı Cavabdeh2 tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə cavabdehlərin özlərinin də etiraf etdiyi kimi onların adlarına olmuş müqavilə formal rəsmiləşmişdir. Həmin müqavilə tərəflərin həqiqi iradəsini ifadə etməmişdir. Yəni, müqavilə tərəfi olan Cavabdeh2 mənzil payçısı kimi pul ödəməmiş və mənzil almaq barəsində onların arasında razılaşma olmamışdır, yəni müqavilə şərtləri barədə tərəflər arasında razılaşma olmamış və icra olunmamışdır. İşin faktiki halı ondan ibarətdir ki, Cavabdeh2 qohumu Cavabdeh1 tikinti icraçısı Ələddinə faizlə borclar vermiş, həmin borcun təminatı olaraq ona müqavilə yazılmışdır. Sonradan müqavilə yazılmış mənzillər başqa şəxslərə satılmaqla Ramiqin borcları qarşılanmışdır. İşin bu faktiki halını Cavabdeh1 özü də, polis araşdırması zamanı verdiyi izahatlarda dolayısı yolla etiraf etmişdir. İş üzrə digər cavabdeh olan Cavabdeh3 isə həmin faktı birmənalı etiraf etmişdir. 05 noyabr 2006-cı ildə yazılmış müqavilənin yerinə 05 dekabr 2006-cı ildə müqavilə yazılmaqla, ilkin formal müqavilənin əhəmiyyətsizliyi təsdiq olunmuşdur. Mübahisəli mənzilə dair 05 dekabr 2006-cı ildə onların adına müqavilə yazılmasından, həmin gün onların ödədikləri puldan Cavabdeh1 pul verildiyi üçün onlar xəbərdar olmuşlar. Buna baxmayaraq, 15 ildən artıq bir müddətdə həmin mənzilə aid onların müqaviləsini mübahisələndirməmişlər. Bundan əlavə 2017-ci ildə onlar və həmin binanın sakinləri, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC-1) yaratdıqları vaxt iclasda o, həmin mənzilin rəsmi mülkiyyətçisi kimi iştirak etmiş, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Həmin vaxt Cavabdeh1 binada öz adına olan mənzili olmuş o, öz mənzilinin mülkiyyətçisi kimi qeydiyyatdan keçmişdir. Həmin vaxt Cavabdeh1 qaynı Cavabdeh2 adına özündə olan 05 noyabr 2006-cı il tarixli müqaviləni ortaya çıxarıb, mülkiyyətçi kimi onun deyil, Cavabdeh2 qeydiyyatını tələb edə biləcəyi halda tələb etməmişdir. Bundan əlavə son 5 ildə binaya və binanın mənzillərinə qaz, işıq, su digər kommunal xətlərinin çəkilməsi ilə bağlı həmin mənzilin mülkiyyətçisi kimi pul ödəmələrini özü həyata keçirmişdir. Son illərdə Ramiqlə Ələddinin arasında yaranmış borc-sələm mübahisələri ilə bağlı Cavabdeh1 onların mənzilinin qıfılını dəyişdirərək mənzilə sahiblənməklə, qanunsuz müdaxilə yolu ilə Ələddinlə mübahisəsində onların mənzilindən vasitə kimi yararlanmaq istəmişdir. Ona görə də, Cavabdeh1 onun mənzilinə qanunsuz müdaxiləsinə son qoyulmasına dair qərar qəbul edilməlidir. Bundan əlavə Cavabdeh2 adına olan 05 noyabr 2006-cı il tarixdə formal tərtib edilmiş əqd hüquqi nəticə yaratmaq üçün deyil, görünüş üçün bağlandığına görə, eyni zamanda tərəflərin mənzilə dair iradə ifadəsini həyata keçirmək üçün deyil, tərəflər arasında pul borcunun təminatını pərdələmək üçün rəsmiləşdirildiyinə görə əhəmiyyətsiz əqddir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib əlavə olaraq göstərdi ki, iddiaçıya mənzilin satılması barədə müqavilə Cavabdeh3 tərəfindən tərtib olunmuş, mənzil İddiaçı satılmışdır. 2006-cı ildə mənzilin tikintisinə başlanmış, 2010-cu ildə tikintisi başa çatdırılmışdır. 90 mənzilli binanın demək olar ki, bütün müqavilələrindəki Rövşən Rüstəmova aid möhür və imzalar Cavabdeh3 tərəfindən icra edilmişdir. Sonra narazılıqlar olmuş, Cavabdeh1 tərəfindən qanunsuz müdaxilələr olmuşdur. Cavabdeh2la bağlanan müqavilə formal olduğu üçün hesab edirlər ki, həmin əqd əhəmiyyətsiz əqdir. İddia tələbinin əsaslı olduğunu göstərdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 mənzilin dəyəri olan 25420 ABŞ dolları pulu Cavabdeh3 verdiklərini, sonuncunun həmin işlərin yerinə yetirilməsinə səlahiyyətinin olmasından məlumatları olmadığını göstərdi. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərdi ki, atası, xəstədir və özünü idarə edə bilmir. Atası Ələddin iddiaçıdan aldığı 25420 ABŞ dollar pulu Cavabdeh1 vermişdir, Cavabdeh1 həmin binanın tikintisində payçı olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, məhkəməyə yazılı etirazını təqdim etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçıların mübahisələndirdiyi müqavilə Rövşən Rüstəmovun özü ilə Cavabdeh2 arasında bağlanmışdır. Rövşən Rütəmovun vasitəsilə sərmayə qoyulub, ev tikilmiş və mənzil alınmışdır. İlhama aid mənzilin qapısı olmamış, özü 400 manata qapı qoydurmuşdur. 2019-cu ilə qədər həmin mənzil Cavabdeh2 məxsus olmuş, o idarə etmişdir. İddiaçı qapıya müdaxilə etmişdir ki, “ev bizimdir.” İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, bütün müqavilələrdə Rüstəmov Rövşənin imzası olmamışdır. Həmin mənzillərin satmasına görə Cavabdeh3 etibarnaməsi olmamışdır. Buna görə də iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı tərəfindən müqavilənin əsli yox, kserosurəti məhkəməyə təqdim edilmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı X5 ilə payçı İddiaçı arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalanmış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İ blok, İİ mərtəbəsində, ümumi sahəsi 82 kv.m olan 4 nömrəli mənzilin dəyəri 25420 manat müəyyən edilməklə ödəmə manatla ABŞ dollarına ekvivalent olaraq ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, icraçı X5 ilə payçı Cavabdeh2 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan binadan pay barədə müqavilə imzalanmış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İ blok, İİ mərtəbəsində, ümumi sahəsi 80,8 kv.m olan 4 nömrəli mənzil 23432 ABŞ dolları məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən X1 verilmiş xx.xx.2019-cu il tarixli, 05/3385/4-13 nömrəli məktubdan görünür ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrinə əsasən “Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsisçiləri arasında X3, İddiaçı və Cavabdeh1 da göstərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh1 əməlində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ünvan 1 ünvanında Zenner tipli, G4 markalı, **********2 nömrəli qaz sayğacı quraşdırılmış, sayğacın quraşdırılma səbəbi yeniquraşdırma olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı Cavabdeh1 iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 7E-12113 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, etibarlılıq müddəti xx.xx.2029-cu il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən Cavabdeh2 tərəfindən həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-254/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş Cavabdeh3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1822-5/1589 nömrəli rəyindən görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin çap mətni, üzərində olan əl yazı, imza və möhür əksi şırnaqlı printerdə çap edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsasını mübahisəli mənzilə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə üzrə 25420 ABŞ dolları ödəmək yolu ilə əldə etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1822-5/1589 nömrəli rəyindən məlum olmuşdur ki, həmin müqavilənin çap mətni, üzərində olan əl yazı, imza və möhür əksi şırnaqlı printerdə çap edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.(mad.324.2,324.4) MM-in 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında isə göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçının öz tələbinin hüquqi əsası kimi əsaslandığı xx.xx.2006-cı il tarixli müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmış etibarsız əqd olduğundan, iddiaçının mübahisə predmeti olan mənzilə dair iddia qaldırmaqda subyektiv hüququ olmamışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması və əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması və əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-205/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-205/2024
29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver