Məhkəmə qərarları › İş №2(125)-2131/2025

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-2131/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2131/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydə alınmışdır. xx.xx.2019cu il təvəllüdlü Cavabdeh3, xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1969-cu il təvəllüdlü X1, xx.xx.1993-cu il təvəllüdlü Qanuni nümayəndə2 (bundan sonra – cavabdehlər) ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzildən (bundan sonra – mübahisəli mənzil) cavabdehlərin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun sabiq arvadıdır. Qanuni nümayəndə2 qızıdır, Cavabdeh3 və İsmayıllı X3 uşaqlarıdır. Cavabdehlər ona məxsus mənzildə yaşamamasına baxmayaraq formal olaraq qeydiyyatda dururlar. Belə ki, onunla Cavabdeh1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1182 saylı qətnaməsi ilə rəsmi olaraq boşanmış, boşanmamışdan 10 il əvvəldən o, evdən çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Eyni zamanda cavabdeh Qanuni nümayəndə2 2017ci ildə ailə həyatı quraraq başqa ünvana Saatlı rayonuna köçüb getmiş, uşaqları isə heç vaxt onun evinidə yaşamamışlar. O, mülkiyyətində olan evdən cavabdehləri qeydiyyatdan çıxarmaq üçün Polis İdarəsinə müraciət etmiş, lakin, rəsmi olaraq ona imtina edilmişdir. Gəncə şəhəri, Cavadxan küçəsi 53, 45 saylı mənzil ona vərəsəlik qaydasında keçmişdir. Əvvəlcə mənzil order əsasında nənəsi X2ma məxsus olmuş, Gəncə şəhəri İcra hakimiyyəti Başçısının 25 yanvar 1993-cü il tarixli sərəncamı ilə mənzil onun şəxsi mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını, məhkəməyə yazılı ərizə verərək iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya evə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat əsasında iddiaçının xüsusi mülkiyyətindir. Cavabdehlər yaşamasa da, formal olaraq mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatı qalmışdır. Mübahisəli mənzildən cavabdehlərin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olubolmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Cavabdehlər həmin ünvanda qeydiyyatda olsa da həmin orada yaşamır. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar