Məhkəmə qərarları › İş №2(125)-2157/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2157/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2157/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qurbanov X1 Faiq İslam oğluna qarşı avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 3.820 manat, mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat, vurulmuş mənəvi zərərin əvəzi qismində 1.000 manat və ödənilmiş dövlət rüsumnun əvəzi qismində 69 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh onun qonşusudur. Cavabdeh 01 fevral 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zəminində onun mülkiyyətində olan «Mercedes Benz» markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən ziyan vurmuş və avtomobili yararsız hala salmışdır. Cavabdeh tərəfindən avtomobilin yararsız hala salınması Cavabdeh Gəncə şəhəri 2-ci polis şöbəsində verdiyi izahat və Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 02 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla sübuta yetirilir. Cavabdeh onun avtomobilində dəyəri 650 manat məbləğində olan bir ədəd ön alın şüşəsini, dəyəri 20 manat məbləğində olan bir ədəd alın şüşəsinin uplotnitelini, dəyəri 250 manat məbləğində olan bir ədəd sol yan güzgünü, ümumi dəyəri 550 manat məbləğində olan 2 ədəd arxa sağ-sol faranı, dəyəri 150 manat məbləğində olan bir ədəd arxa kapotun stop-kotofodunu, dəyəri 550 manat məbləğində olan bir ədəd original ön sağ qoşa faranı, dəyəri 550 manat məbləğində olan bir ədəd original ön sol qoşa faranı, dəyəri 250 manat məbləğində olan bir ədəd pavarotniklə birlikdə sağ yan güzgünü sıradan çıxarmışdır. Həmin avtomobilin təmiri üçün əlavə olaraq, çilingər işlərinə 200 manat, dəmirçi işlərinə 300 manat və rəngsaz işlərinə 600 manat məbləğində vəsait sərf edilmişdir. Bununla da Cavabdeh hüquqa zidd əməlləri nəticəsində ona cəmi 3.820 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh analoji hərəkətləri ilə əvvəllərdə ona maddi ziyan vurmuşdur. Buna görə də o, Cavabdeh hüquqa zidd əməlləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Buna görə də, o, pozulmuş hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, İddiaçı ilə qonşuluqda yaşayır. 01 fevral 2023-cü il tarixdə saat 12-13 radələrində, İddiaçı onun evinə gedən yola tikinti materialları və kəsilmiş ağac tökmüş, həmçinin avtomobili evinin önündə saxlayaraq yolunu bağlamışdır. O, iddiaçıya yolunu kəsən bu maneələri aradan qaldırmasını təklif etsə də, iddiaçı onun bu təklifini qəbul etməmiş və ona etinasız münasibət göstərmişdir. Buna görə də onlar arasında mübahisə yaranmış, İddiaçı ona qarşı zorakılıq tətbiq etmiş və daha sonra qaçmışdır. O, İddiaçı bu hərəkətləri ilə əlaqədar əsəblərinə hakim ola bilməmiş, əlində olan taxta parçası ilə iddiaçıya məxsus avtomobilin arxa stopunu və arxa kapatonu sındırmışdır. Digər hissələri isə o, sındırmamışdır və vurduğu ziyanı ödəməyə razıdır. Lakin iddiaçı tələb etdiyi və ekspert rəyində göstərildiyi qədər maddi ziyan vurmamışdır. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, BB seriyalı 312774 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz» markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan «Avtomotoservis və ticarət» İstehsalat birliyi «Avtomotoservis və ticarət» Gəncə müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14/02 nömrəli qüsur aktına dair rəyindən görünür ki, «Mercedes Benz» markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin vurulmuş zərər nəticəsində yararsız olan hissələri dəyəri 650 manat məbləğində olan bir ədəd ön alın şüşəsindən, dəyəri 20 manat məbləğində olan bir ədəd alın şüşəsinin uplotnitelindən, dəyəri 250 manat məbləğində olan bir ədəd sol yan güzgüdən, ümumi dəyəri 550 manat məbləğində olan 2 ədəd arxa sağ-sol faradan, dəyəri 150 manat məbləğində olan bir ədəd arxa kapotun stopkotofodundan, dəyəri 550 manat məbləğində olan bir ədəd original ön sağ qoşa faradan, dəyəri 550 manat məbləğində olan bir ədəd original ön sol qoşa faradan, dəyəri 250 manat məbləğində olan bir ədəd pavarotniklə birlikdə sağ yan güzgüdən, işçi xərcləri isə çilingər işləri üçün 200 manat, dəmirçi işləri üçün 300 manat və rəngsaz işləri üçün 600 manat təşkil edir. «Mercedes Benz» markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ümumi zərər 3.820 manat təşkil edir. İşdə olan Gəncə «Avtomotoservis və ticarət» müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, «Mercedes Benz» markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın hesablanıb smeta akt rəyinin hazırlanmasına dair xidmət haqqı 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Abdulla Şaiq küçəsində Cavabdeh ilə İddiaçı Fəman oğlunun aralarında baş vermiş münaqişə zamanı Cavabdeh İddiaçı məxsus ** ES *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz» minik markalı avtomobilə maddi ziyan vurmuşdur. Cavabdehlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti polis şöbəsinə göndərilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4290 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Gəncə «Avtomotoservis və ticarət» müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxlışlı «Mercedes Benz» minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 3.170 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Mülki iş məhkəmə iclasında tədqiq edilərkən Cavabdeh iddianı qismən qəbul edərək, İddiaçı mülkiyyətində olan «Mercedes Benz» minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğunu, lakin həmin zərərin 3.820 manat məbləğində və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4290 nömrəli rəyində göstərilmiş 3.170 manat məbləğində deyil, daha az məbləğdə olduğunu bildirmişdir. Həmçinin Cavabdeh öz izahatında əlində olan taxta parçası ilə «Mercedes Benz» minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız arxa stopunu və arxa kapatonu sındırdığını qeyd etmişdir. Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X4 Bölməsində verdiyi izahat zamanı «Mercedes Benz» minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və arxa faralarını, qabaq alın şüşəsini və arxa baqaj nahiyyəsini vuraraq, sındırdığını göstərmişdir. Cavabdeh istər məhkəmə iclasında, istərsə də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X4 Bölməsində verdiyi izahatındakı həmin xüsusatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4290 nömrəli rəylə və digər sübutlarla müqayisəli tədqiq edilərkən, həmin ekspert rəyində qeyd edilmiş avtomobilin dəyişdirilməli olan hissələrinin (alın şüşəsi, alın şüşəsinin ultpotniteli, arxa sağ+sol stop, arxa kapotun stopu, ön sağ qoşa fara, ön sol qoşa fara) əksəriyyətinin cavabdehin özünün məhz zərər vurduğunu göstərdiyi hissələrə uyğun olduğu müəyyən edilir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən edilmiş həqiqi halları və sübutların məcmusu ilə Cavabdeh 01 fevral 2023-cü il tarixdə təqsirli (hüquqa zidd) hərəkətləri ilə İddiaçı mülkiyyətində olan «Mercedes Benz» minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə 3.170 manat məbləğində maddi zərər vurduğu müəyyən edilir. Buna görə də məhkəmə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 3.820 manat məbləğində pul tələbinə dair iddiasına, Cavabdeh isə həmin iddia tələbinə etirazına hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair iddiası, Cavabdeh isə həmin iddia tələbinə etirazı qismən əsaslıdır və vurulmuş maddi zərərin əvəzi qismində Cavabdeh 3.170 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır vəbu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı Bundan başqa, məhkəmə iddianı mənəvi zərərin əvəzi kimi 1.000 manat pul tələbinə dair hissədə əsaslı hesab etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətində narahatlıqlar yarandığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması istisna edilməsə də, məhkəmə hesab edir ki, belə mənəvi sarsıntının əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 fevral 2023-cü il tarixdə «Mercedes Benz» minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 3.170 manat məbləğində pul vəsaiti alınıb, M.Cavabdeh verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, mütəxəssis rəyinin alınmasına sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 18 manat məbləğində pul vəsaiti İddiaçı aid edilməli, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 51 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb, İddiaçı verilməli, həmçinin məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 25 manat məbləğində pul vəsait İddiaçı, digər hissəsinin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 01 fevral 2023-cü il tarixdə «Mercedes Benz» minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 3.170 (üç min bir yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 51 manat, cəmi 3.221 (üç min iki yüz iyirmi bir) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddiaçı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cavabdeh məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar