Məhkəmə qərarları › İş №2(125)-2184/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2184/2024

22.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2184/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 117, 25 nömrəli mənzildə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə 07 noyabr 1995-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 1996-cı il tarixdə Cavabdeh və 13 noyabr 1998-ci il tarixdə X4 doğulmuşdurlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2020-cu il tarixli, 2(044)-1207/10 nömrəli qətnaməsi ilə X3 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra xx xxxxxx 1996-cı il tarixdə doğulmuş Cavabdeh onun, 13 noyabr 1998-ci il tarixdə doğulmuş X4 isə anasının yanında qalmışlar. 13 noyabr 1998-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin l3 fevral 2012-ci il tarixli, 2(044)-144/2012 saylı qətnaməsi ilə X2 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmişdir. Beləliklə, xx xxxxxx 1996-cı il tarixdə Cavabdeh onunla qalaraq onu o böyütmüşdür. Oğlu həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra anası X3 ilə yaşamaq istəmişdir. O, oğlunun bu fikrinə hörmətlə yanaşmış və onun getməsinə mane olmamışdır. 2017-ci ildə oğlu ünvan 1 ünvanda yerləşən mənzildən özünə məxsus əşyalarını götürərək evi tərk etmişdir. Cavabdeh o gündən etibarən ona məxsus evə qayıtmamışdır. Bu fakt qonşuları və MKTİB-nin 1 nömrəli xidmət sahəsinin rəisinin iştirakı ilə tərtib edilmiş aktla sübut olunur. Cavabdehin onun evində qeydiyyatda olduğuna görə onun əvəzinə kommunal xidmətləri ödəyir bu da ona müəyən problem yaradır. Özü isə Qarabağ əlilidir və heç bir yerdə işləmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehin anası Türkiyədədir. Oğlu da hərbi xidmətdən qayıtdıqdan sonra Türkiyəyə anasının yanına getmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dinlənilən Şahid2 ifadəsində göstərdi ki, İddiaçıla qonşudurlar. İddiaçının oğlu Cavabdeh uşaqlıqdan tanıyır. İddiaçı yoldaşı ilə ayrıldıqdan sonra Azad iddiaçı ilə yaşamış, sonra anasının yanına getmişdir. Təxminən 10 ilə yaxın olar ki, getmişdir və həmin evdə yaşamır. Onun evə gəlibgetdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilən Şahid1 ifadəsində göstərdi ki, İddiaçıla qonşudurlar. Azad əsgərlikdən gələndən sonra onu 1 dəfə görmüş, sonra görməmişdir. Hazırda həmin evdə iddiaçı özü, yoldaşı və balaca oğlu yaşayırlar. Azad isə burda yaşamır. Məhkəmə iclasında şahid qismində dinlənilən Şahid3 ifadəsində göstərdi ki, İddiaçıla qonşudurlar. 2003-cü ildən bəri Şəddadilər küçəsində yaşayır. Azad 7-8 ildir ki, sözügedən evdə yaşamır. Harda olduğunu görən yoxdur. Gedəndə Azadı görmüşdür. İdman sumkası ilə getmişdir, apardığı ancaq öz əşyaları olmuşdur. Ondan sonra heç gəlməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2008-ci il tarixli, MH ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 117 nömrəli binanın 25 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X5, X6 və Cavabdeh qeydiyyatdadırlar. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 nömrəli Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1-də yaşamış Cavabdeh 2017-ci ildə özünə məxsus əşyalarla birlikdə mənzili tərk etmişdir və bir daha həmin mənzilə qayıtmamışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-1207/10 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə cavabdeh İddiaçı arasında olan nikah pozulmuş, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh atası İddiaçı, xx.xx.1998-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(044)-144/2012 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 Gəncə şəhəri, Şəddadilər küçəsi, bina 117, 25 nömrəli mənzildən istifadə hüququnun itirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X10 Birliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 007754 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlili olmaqla Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Bundan sonra Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Göründüyü kimi Cavabdeh iddiaçının ailə üzvü olsa da, uzun müddətdir ki, 7 ildən artıq həmin evdən köçüb başqa ünvanda yaşamışdır. Cavabdehin uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Mənzil Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdeh 7 il müddətdən artıqdır ki, mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 117, 25 nömrəli mənzildən istifadə hüququna xitam verilməlidir. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 117, 25 nömrəli mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh dövlət rüsumu hesabına 100 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar