Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2226/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın əvəzinə kompensasiya verilməsi, avtomobilin açıq hərracdan satılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(125)-439/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 526 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması; xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment və hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(125)-400/2022 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və X3 arasında bağlanmış «Opel» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, «Opel» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ (ikidə bir) hissəsinə Cavabdeh, ½ (ikidə bir) hissəsinə İddiaçı payları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Gəncə Şəhər Məhkəməsinin 2(125)-400/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “Opel” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi Cavabdeh, ½ hissəsinə İddiaçı payları müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan ½ hissə payının əvəzinə Cavabdeh tərəfindən 2500 manat məbləğində kompensasiyanın ona ödənilməsi, razılıq olmadıqda isə həmin avtomobilin açıq hərracdan satılaraq satış pulunun aralarında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Opel” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin minimum bazar qiyməti təxminən 5000 manat təşkil edir. Lakin avtomobilin ½ hissəsinin ona məxsus olmasına baxmayaraq, cavabdeh avtomobildən özü tək istədiyi kimi istifadə edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iş üzrə iddiaçıya “Opel” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissədə payının əvəzinə 2500 manat kompensasiyanın ödənilməsinə etiraz etdiyini, həmin avtomobilin açıq hərracda satılaraq satış pulunun paylarına uyğun bölünməsinə razı olduğunu bildirdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, mübahisəli avtomobil paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmiş, avtomobilin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün deyildir. İddiaçı ilə cavabdeh payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ½ hissədə və İddiaçı ½ hissədə paylı mülkiyyətlərində olan «Opel» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq satışdan əldə edilən pul Cavabdeh və İddiaçı paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2226/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2226/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver