Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2254/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli aktın, iddiaçının barəsində qanunsuz hesablanmış 176 manat məbləğində cərimənin ləğv olunması və iddiaçının qaz təhcizatının bərpa edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli aktın, iddiaçının barəsində qanunsuz hesablanmış 176 manat məbləğində cərimənin ləğv olunması və iddiaçının qaz təhcizatının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, İsmayıl Talıblı küçəsi 163 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun üzərində yerləşdirilmiş sayğac əvvəllər onun arvadı X1, 2018-ci ilin sentyabr ayında isə yeni sağac quraşdırılarkən onun adına qeydiyyata alınmışdır. Qaz istifadəsində heç bir zaman problem yaşanmamışdır. O, bir müddət ünvan 1 ünvanında yaşayış olmamışdır. 2019-cu ilin aprel ayında evə gəri döndükdə qaz təchizatının kəsildiyi aşkar edilmişdir və o bu məsələ ilə bağlı aidiyyəti üzrə «Azəriqaz» İstehsalat Birliyinə müraciət etmişdir. Bununla əlaqədar ona bildirilmişdir ki, sayğac sökülərkən onda qüsur müəyyən edilmişdir və bunun nəticəsində də onun 176 manat 40 qəpik borcu yaranmışdır, həmin borc məbləği ödənilmədiyi təqdirdə isə qaz təchizatı bərpa edilməyəcək. O, etiraz edərək qaz sayğacının evdən kənarda quraşdırıldığını, sayğaca heç bir müdaxilə etmədiyini və yalnız kart vasitəsilə ödəniş edərkən sayğaca yaxınlaşdıqlarını qeyd etmişdir. O, «Azəriqaz» İstehsalat Birliyinə şikayət verərək bildirmişdir ki, sayğac dəyişdirilən zaman hər hansı qüsurun müəyyən oluduğu onlara söylənməmişdir. 28 fevral 2019-cu il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktda göstərilmişdir ki, 1764 m3 qaz itkisinə yol verilmişdir. Həmin akt onun şikayət ərizələrinə cavab verilərkən ona təqdim olunmuşdur. O həmin aktın nə zaman tərtib edilərək onun tərəfindən imzalandığını xatırlamır. O, evdə tək olan zaman «Azəriqaz» İstehsalat Birliyinin işçisi ona hansısa sənədi imzalatmışdır. Onun görmə qüsuru olduğu üçün o imzaladığı sənədi oxuya bilməmiş və «Azəriqaz» İstehsalat Birliyinin işçisindən sənədin nə haqda olduğunu soruşmuşdur. Ona bildirilmişdir ki, həmin sənəd sayğacın dəyişdirilməsi ilə əlqədar aktdır. İmzaladığı sənədin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli akr olduğu ona sonradan məlum olmuşdur və buna görə də həmin akt qanunsuz hesab edilməlidir. Sonda İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində ona hesablanmış 176 manat məbləğində borcun silinməsi və qaz təhcizatının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 nömrəli Gəncə şəhəri Kəpəz rayon Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 seriyalı 092270 nömrəli arayışın surətindən görünür ki, İddiaçı gözlə əlaqədar ümumi səbəblərdən birinci dərəcəli əlildir. İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 01 iyun 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 adına qeydə alınmış qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma, heç bir nasazlıq aşkar edilməmişdir. Sayğac növbəti texniki baxışa (təmiz qaz) göndərilməsi üçün çıxarılmışdır. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 13 sentyabr 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı adına qeydə alınmış qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma, heç bir nasazlıq aşkar edilməmişdir. **********3 nömrəli sayğac element bitib qeydi ilə çıxarılmışdır. İş materiallarında olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, iştehlakçıya məxsus qeyriyaşayış sahəsində 28 fevral 2019-cu il tarixdə təbii qaz uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və **********3 nömrəli sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. İşdə olan 28 fevral 2019-cu il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»nin surətindən görünür ki, qaz sayğacının maksimal saatlıq qaz sərfi 1.2 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, kombinin 24 kw maksimal saatlıq qaz sərfi 2.6 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1.2x6x30=216 m3, 2.6x18x30=1404 m3 və 0.8x6x30=144 m3, cəmi 1764 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan «Azəriqaz» X2 X4 İdarəsinin 20 may 2022-ci il tarixli HŞ- 01/08-849 nömrəli məktubundan görünür ki, İddiaçı hesab kodunda yaranmış borc yaşayış ünvanında istismarda olmuş və xx.xx.2018-ci il tarixdə istismar müddəti bitməsi səbəbindən sökülmüş, «Gulf» markalı, **********3 zavod seriya nömrəli qaz sayğacının sərfiyyatı qeydə almaması ilə əlaqədar hesablanmış itirilmiş təbii qazın dəyərinə əsasən yaranmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00000 abonent kodlu istehlakçıdır və qazdan Gəncə şəhəri, İsmayıl Talıblı küçəsi 163 ünvanında yerləşən mənzildə quraşdırılmış sayğac əsasında istifadə edir. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 13 sentyabr 2018-ci il tarixdə İddiaçı məxsus mənzilə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacı dövlət yoxlamasına göndərilməsi üçün xətdən açılmış və həmin vaxt qaz sayğacı «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən yararlı qəbul edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 13 sentyabr 2018-ci il tarixli, ******* saylı aktda da qeydlər aparılmışdır. Keçirilmiş yoxlama zamanı «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, «Azəriqaz» X2 X4 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, İsmayıl Talıblı küçəsi 163 saylı fərdi yaşayış evinə aid qaz sayğacının texniki baxışın keçirilməsi zamanı İddiaçı iştirakı təmin olunmamış, 2 nəfər hal şahidi baxışın keçirilməsinə cəlb edilməmişdir. Digər tərəfdən «Azəriqaz» X2 X4 İdarəsinin 20 may 2022-ci il tarixli HŞ-01/08-849 nömrəli məktubunda da xx.xx.2018-ci il tarixdə istismar müddəti bitməsi səbəbindən sökülmüş «Gulf» markalı, **********3 zavod seriya nömrəli qaz sayğacının sərfiyyatı qeydə almaması ilə əlaqədar İddiaçı hesab kodunda borcunun yarandığı qeyd olunmuşdur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qaz sayğacının dövlət yoxlamasına getdiyi üçün 13 sentyabr 2018-ci il tarixdə açılaraq, götürdüyünü və həmin sayğac «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları yararlı vəziyyətdə qəbul edildiyini, bundan 5 ay 15 gün sonra – 28 fevral 2019-cu il tarixdə qeyd olunan sayğacda müəyyən edilmiş korriziyaların onun təqsiri olmadan baş verməsini, eləcə də sayğacın digər səbəblərdən deyil, məhz istismar müddətinin bitməsi ilə əlaqədar çıxarılmasını «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 13 sentyabr 2018-ci il tarixli, ******* saylı aktın surətini, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2019-cu il tarixli, ******* saylı aktın surətini və «Azəriqaz» X2 X4 İdarəsinin 20 may 2022-ci il tarixli HŞ-01/08-849 nömrəli məktubunu məhkəməyə təqdim etsə də, cavabdeh öz etirazını və belə etirazı olduğu halda onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı hesablanmış 176 manat məbləğində borc silinməli, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli akta əsasən hesablanmış borcla əlaqədar Gəncə şəhəri, İsmayıl Talıblı küçəsi, 163 saylı mənzilə dayandırılmış qaz təchizatı bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı hesablanmış 176 (bir yüz yetmiş altı) manat məbləğində borc silinsin. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli akta əsasən hesablanmış borcla əlaqədar Gəncə şəhəri, İsmayıl Talıblı küçəsi, 163 saylı mənzilə dayandırılmış qaz təchizatı bərpa edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2254/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2254/2022
14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver