Məhkəmə qərarları › İş №2(125)-2308/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2308/2023

06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2308/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin cavabdehin hesabına qoşulması, maddi və mənəvi zərərin ödənilməsi, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 64 ünvanda yerləşən ona məxsus “Dülgər sexinin” elektrik xəttinin cavabdeh tərəfindən və cavabdehin hesabına bərpa edilməsi, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 60000 manatın və mənəvi zərərin əvəzi olaraq 40000 manatın, ümumilikdə 100000 manatın cavabdehdən alının ona verilməsi, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC onun istehlakçı hüquqlarını pozaraq heç bir qanuni əsası olmadan ona məxsus dülgər sexinin elektrik xəttini kəsmiş, dirəkləri çıxarıb aparmış, hazırki vaxtadək hələ də bərpa etməmişdir. Ona görə də, məcbur qalaraq istehlakçı hüququnun bərpası üçün məhkəməyə müraciət etməli olmuş, lakin bu mübahisə kommersiya mübahisəsi deyil, cavabdehlə aralarında kommersiya münasibətləri yoxdur. Belə ki, 2017-ci ildə 1 saylı X1 Xidmət Mərkəzinin açılışından əvvəl cavabdeh ona məxsus Gəncə şəhəri, H.Əliyev prospekti, 64 ünvanda yerləşən “dülgər sexinin” elektrik xəttini kəsmiş, o, həmin hərəkətə izahat tələb etdikdə bildirilmişdir ki, xətt prospektin üstündən keçdiyi üçün həmin vaxt vəzifədə olan İcra Hakimiyyəti başçısının göstərişi ilə kəsilib, halbuki xəttin qoşulması tamamilə qanunlara müvafiq qaydada həyata keçirilmiş, müvafiq qurumlarla razılaşdırılmış, icazə alınmış və uzun illər istifadə olunmuşdur. Daha sonra dəfələrlə cavabdehdən tələb etsə də, o, bəhanələr irəli sürərək xətti bərpa etməmişdir. Cavabdeh ona bildirir ki, guya o, İcra Hakimiyyətindən razılıq almalı imiş, halbuki obyektə işıq xəttinin qoşulması üçün İcra Hakimiyyətindən razılıq çoxdan alınmış, texniki şərt verilmişdir, odur ki, cavabdeh qanunsuz olaraq kəsdiyi xətti bərpa etməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci maddəsi). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (MPM-in 25.1-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 14-cü bəndində isə qeyd edilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsində cavabdehin ona məxsus qeyriyaşayış sahəsinə elektrik xəttini bərpa etməli olduğunu, bununla bağlı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirir. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları görünmür. Başqa sözlə, iddia tələbinin mahiyyətindən ilkin olaraq görünür ki, tərəflər arasındakı hazırki mübahisə onlar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisə deyil, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisədir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmə tərəfindən deyil, inzibati məhkəmədə tərəfindən baxılmalıdır. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya təbii inhisar subyekti olan cavabdehin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyi ilə bağlı müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik xəttinin cavabdehin hesabına qoşulması, maddi və mənəvi zərərin ödənilməsi, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar