Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2315/2025 07.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Gəncə şəhəri 6 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4 və X9) qarşı «iddiaçının xüsusi mülkiyyətində olan mənzilə dair bağışlama müqaviləsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4 və X9) qarşı iddiaçının xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 4 nömrəli 18 mənzilini X7 bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyinin Gəncə şəhəri 6 saylı notariat ofisininin notariusunun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 4 nömrəli 18 nömrəli mənzili onun mülkiyyətindədir. Həmin mənzildə özü ilə yanaşı keçmiş arvadı X4, uşaqları X8 və X9 pasport qeydiyyatındadırlar. X1 arasında olan nikah xx.xx.2002-ci il tarixdə qeydə alınmış, onların birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 anadan olmuşdur. Lakin onunla Z.C.Həsənova arasında olan ailə münasibətləri pozulduğundan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)- 1323/2013 nömrəli qətnaməsi əsasında aralarında olan nikah pozulmuşdur. Z.C.Həsənova azyaşlı qızı 2008-ci il təvəllüdlü Leyla Həsənova ilə 2 il Gəncə şəhərində valideyinlərinə məxsus evdə yaşadıqdan sonra Bakı şəhərinə köçmüşdür. Həmin vaxtdan ötən 10 il müddət ərzində nə Z.C.Həsənova, nə də X9 onun xüsusi mülkiyyətində olan mənzildə yaşamamışlar. O, onkoloji xəstə olan digər qızı X8 ilə birlikdə yaşayır. X5 xəstəliyi səbəbindən o, mülkiyyətində olan mənzili sonuncuya bağışlamaq istəyir. Bununla bağlı Gəncə şəhəri 6 saylı notariat ofisinə müraciət etmiş və mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 4 nömrəli evin 18 nömrəli mənzilinin X7 bağışlanmasına dair müqavilə bağlamaq istədiyini bildirmişdir. Lakin Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi həmin əqdi təsdiq etməkdən imtina etmişdir. Bu imtinanın səbəbi kimi isə sözügedən mənzildə pasport qeydiyyatında olan Z.C.Həsənovanın və L.İddiaçının əmlakın özgəninkiləşdirilməsinə dair razılıqlarının olmamasını əsas gətirmişdir. Lakin bu imtina əsassızdır. İlk öncə onu qeyd etmək lazımdır ki, X4 formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmasına baxmayaraq onun keçmiş arvadıdır və uzun illərdir ki, həmin mənzildə yaşamır. Bundan başqa digər qızı 2008-ci il təvəllüdlü X9 isə onun ailə üzvü olmasına baxmayaraq yetkinlik yaşına çatmamışdır, habelə o da uzun müddətdir ki, həmin mənzildə yaşamır. O, ata kimi, o cümlədən evin mülkiyyətçisi kimi mülkiyyətində olan mənzili digər qızı olan Ləman Həsənovaya bağışlamaq istəyir. Lakin mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu Məhərrəm Talıbov məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4 və X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********39-05101-093015 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, ünvan 1 ünvanında xx.xx.1982-ci il təvəllüdlü X4, xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 pasport qeydiyyatındadırlar. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1323/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış və xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 07 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 anaları X2 yanında qalması, İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İşdə olan AZ-İ seriyalı 497190 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X4 arasında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1323/2013 nömrəli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə 180 akt qeyd nömrəsi ilə pozulmuşdur. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 80 nömrəli məktubdan görünür ki, «Notariat hərəkətlərinin aparılması» haqqında Təlimatın 49-cu bəndinə əsasən «yaşayış sahəsinin özgəninkiləşdirilməsi haqqında müqavilələr təsdiq edilərkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı alınır». İddiaçı ailə üzvlərini gətirməkdən imtina etdiyinə görə əmlaka dair notariat qaydasında bağışlanma müqaviləsinin təsdiq edilməsi mümkün deyildir. Aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ İddiaçı tövsiyyə olunmuşdur. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-983/2025 nömrəli məktubdan görünür ki, İddiaçı X4 ilə birgə nikahından anadan olmuş uşaqları barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindı yoxlama aparılmış və xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 adlı iki uşaqları aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-4633/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 4 ünvanında yerləşən 18 saylı mənzil ünvan 3 il tarixli, 3M-2-239 reyestr nömrəli müqaviləyə əsasən İddiaçı 20 oktyabr 1999-cu il tarixli, 15730 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin 01 aprel 2021-ci il tarixli, 3M-220 reyestr nömrəli kirayə müqaviləsinin ləğv edilməsi barədə sazişə əsasən mənzilə dair 15 aprel 2021-ci il tarixli, **********39-05101-093015 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-57/2-13870/2025 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında X4 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, İddiaçı xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X8 xx.xx.2015-ci il tarixdən hal-hazıradək və X9 xx.xx.2015-ci il tarixdən hal-hazıradək qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, 038158 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 4 nömrəli evin 18 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.1999-cu il tarixli, 3M-2-239 reyestr nömrəli müqaviləyə əsasən İddiaçı xx.xx.1999-cu il tarixli, 15730 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3M-220 reyestr nömrəli kirayə müqaviləsinin ləğv edilməsi barədə sazişə əsasən mənzilə dair xx.xx.2021ci il tarixli, **********39-05101-093015 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ilə Z.C.Həsənova arasında olan nikah xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 07 nömrə ilə qeydə alınmış, onların birgə nikahlarından xx.xx.2003-cü ildə X8 və xx.xx.2008-ci ildə X9 anadan olmuşdur. Daha sonra ailə münasibətləri pislədiyindən İddiaçı ilə X4 arasında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1323/2013 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 4 nömrəli evin 18 nömrəli mənzilini qızı X7 bağışlanmasına dair əqdin təsdiq edilməsi üçün Gəncə şəhəri 6 saylı notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi «Notariat hərəkətlərinin aparılması» haqqında Təlimatın 49-cu bəndinə əsasən yəni «yaşayış sahəsinin özgəninkiləşdirilməsi haqqında müqavilələr təsdiq edilərkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı alınır» bəndinə görə əmlaka dair notariat qaydasında bağışlanma müqaviləsinin təsdiq edilməsindən imtina etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan mənzili qızı X7 bağışlamaq istədiyini lakin həmin mənzildə keçmiş arvadı X4 və yetkinlik yaşına çatmayan digər qızı X9 pasport qeydiyyatında olduqlarına görə bunu həyata keçirə bilmədiyini bildirmişdir. İlk öncə qeyd etmək lazımdır ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir.Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, «Notariat haqqında» Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan,qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinə görə yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qeydiyyatda olan şəxsin razılığı notariat fəaliyyəti ilə tənzimlənir. Lakin əqdin etibarsızlığı Mülki Məcəllə ilə müəyyən edilir. Yəni notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsininin zədələnməsinə dəlalət etmir. Digər tərəfdən İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququ, o cümlədən mənzil üzərində sərəncam vermək hüququ həmin mənzildə qeydiyyatda olan keçmiş arvadı X2 və azyaşlı yetkinlik yaşına çatmayan qızı X5 hüquqları ilə məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə əsas deyildir. Buna görə də İddiaçı mülkiyyətində olan mənzili qızı X7 bağışlaması keçmiş arvadı Z.C.Həsənovanın və digər qızı L.İddiaçının hüquqlarının məhdudlaşdırılmasına və ya hüquqlarının hər hansı nöqteyi nəzərdən pozulmasına gətirib çıxarmır. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. «Ə.Ə.İbrahimovun şikayəti üzrə» Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında göstərilir ki, «... mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür». Plenumun bu Qərarına müvafiq olaraq, MM-in 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-5161/2020 nömrəli, xx.xx.2022-ci il tarixli 2(125)-3070/2022 nömrəli və xx.xx.2023-cü il tarixli 2(125)-3960/2023 nömrəli və digər qərarlarında formalaşdırılmış hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 4 nömrəli evin 18 nömrəli mənzilini X7 bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyi Gəncə şəhəri 6 saylı notariat ofisininin notariusuna həvalə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 4 nömrəli evin 18 nömrəli mənzilini X7 bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyi Gəncə şəhəri 6 saylı notariat ofisininin notariusuna həvalə edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2315/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2315/2025
07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver