Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2404/2023 19.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı X5 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ümumi mülkiyyətdə olan evin naturada faktiki bölünmüş hissəsinin ayrılması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ümumi mülkiyyətdə olan evin naturada faktiki bölünmüş hissəsinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 376 kvadratmetr olan ümumi mülkdəki 24/108 hesab hissə paylarının naturada faktiki ayrılmış və istifadəsində olan “A” literli tikilinin tərkibində rəsmi ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ev 24/108 hissədə onların, 12/108 hissədə Cavabdeh1, 12/108 hissədə X1, 12/108 hissədə Cavabdeh2, 12/108 hissədə Cavabdeh3, 12/108 hissədə Cavabdeh7, 5/108 hissədə X3, 5/108 hissədə Cavabdeh5, 5/108 hissədə Cavabdeh6 və 9/108 hissədə Cavabdeh8 olmaqla paylı mülkiyyətindədir. Payçılardan Cavabdeh1 bibisi, X6 anası, Cavabdeh2 və Cavabdeh3 əmiləridir. Digər payçılardan Cavabdeh7 bibisi Sonanın oğlu, Cavabdeh8 isə Cavabdeh7 oğludur. Digər 3 nəfər payçı isə bibisi Sonanın digər oğlu mərhum Knyaz Ələkbər oğlunun arvadı Almaz və uşaqları Ruhanə ilə Malikdir. Rəsmi sənədlər üzrə müəyyən edilmiş paylarından əlavə bildirir ki, mülk faktiki olaraq əvvəldən bir-birindən təcriddə olunmuş ayrı-ayrılıqda yerləşən 3 tikilidən ibarətdir. X9 göstərilən “A” literli tikilinin ümumi sahəsi 113.5 kvadratmetr, “B” literli tikilinin ümumi sahəsi 104.1 kvadratmetr, “C” literli tikilinin ümumi sahəsi 158,4 kvadratmetr olmaqla, Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 376 kvadratmetr göstərilmişdir. Mülkün texniki sənədinə uyğun olaraq hər 3 tikilinin altındakı və faktiki istifadəsində olan ətrafındakı torpaq sahəsinin ümumi ölçüsü 0,24 ha, yəni 24 sotdur. Mülkün çıxarışında heç bir hüquqi əsası olmadan mülkün torpaq sahəsinin ölçüsü 0,0468 ha, yəni 468 kvadratmetr göstərilməklə, guya dövlət mülkiyyətində olması qeyd edilmişdir. Hazırkı mübahisə predmetinə aid olmasa da, bildirir ki, həmin mülklərin altındakı 24 sot torpaq sahəsi hələ keçən əsrdə, Azərbaycanda Sovet Hakimiyyəti qurulmamışdan əvvəl onların babalarının mülkiyyətində olmuş, Sovet Hakimiyyəti illərində Gəncə şəhərində olan bütün həyətyanı torpaqlar kimi, dövlət mülkiyyətinə aid edilmişdir. Azərbaycan Müstəqillik qazanandan sonra, 1996-cı ildə qəbul olunmuş "X10" Qanunun tələbinə əsasən onların istifadəsində olan həmin torpaq sahələri onların mülkiyyətinə verilməsinə baxmayaraq, qanunsuz olaraq torpaqları dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. X9 göstərilən "A" literli tikili faktiki olaraq ona və onların ailəsinə məxsus olmaqla ayrıca evdir. Yəni, evin ümumi mülkə aid olmayan ayrıca giriş-çıxış yolu, təcrid olunmuş həyətyanı sahəsi, evə bitişik ayrıca kommunalxidmət otaqları vardır. Mülkün bu hissəsindən artıq uzun illərdir ki, yalnız onlar istifadə edir, digər mülkiyyətçilərin onların istifadəsində olan həmin evlə bağlı heç bir iddiası və tələbi olmamışdır. Əlavə olaraq bildirir ki, mülkün onların istifadəsində olan həmin "A" literli tikilisi 1989-cu ilə qədər bir yaşayış otağı, dəhliz və ona bitişik 1 köməkçi-təsərrüfat otağından ibarət olmuşdur. Sonradan o, həmin evdə uzun müddətli təmir-tikinti işləri apararaq oranı ayrıca abad yaşayış sahəsinə çevirmişdir. Hazırda onların həmin evləri 2 yaşayış otağından, örtülü və açıq eyvanlardan və ayrıca mətbəxdən ibarətdir. Mülkün "B" literli tikilisi cavabdeh qismində göstərdiyi Cavabdeh3 ailəsinin sahibliyində və istifadəsindədir. "C" literli tikili isə qardaşı Cavabdeh2, ailəsinin sahibliyində və istifadəsindədir. Cavabdeh qismində göstərdiyi Cavabdeh1 ümumi mülkdəki payı 12/108 təşkil etsə də, o ümumi mülkün heç bir tikilisindən istifadə etmir, yəni faktiki paya malik deyildir. Çünki Kifayət uzun illər əvvəl ailə quraraq köçüb Gəncə şəhərində başqa ünvanda, öz evində yaşayır. Mülkdə 12/108 hissədə payı olan X6 onların anasıdır. Anası Sənubər 2015-ci ildə vəfat etmişdir. Anası Sənubər əvvəl onunla birlikdə, o ailə qurduqdan sonra isə onlarla birlikdə, hazırda isə onlara məxsus olan “A” literli tikilidə ölənədək yaşamışdır. Onun yas mərasimini o, keçirmişdir. Cavabdeh7 onun bibisi Sonanın oğludur. O, faktiki olaraq həmin tikililərin heç birində yaşamır. Ümumi mülkün həyətinə bitişik anası Sonaya aid ayrıca torpaq sahəsində özünə ev tikmişdir. Mülkdə 9/108 hissə ilə payı olan Cavabdeh8 da, atası Kəpəzin tikdiyi həmin evdə yaşayır. Mülkdə 5/108 hissə ilə hər birinin payları olan Cavabdeh6, X7 və Cavabdeh5 bibisi Sonanın digər oğlu Knyazın arvadı və uşaqlarıdır. Knyaz özü 2018-ci ildə vəfat etmişdir. Hələ onun sağlığında o ailəsi ilə birlikdə öz evləri olan Göygöl rayonu, Aşıqlı kəndində yaşamışdır. Knyazın vəfatından sonra onun arvadı Almaz, uşaqları Ruhanə və Malik məhkəmədə əmiləri Cavabdeh7 qarşı iddia qaldıraraq nənələri Sonanın miras payından pay tələb etmişlər. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 981/2019 nömrəli, 29 aprel 2019-cu il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 589/2020 nömrəli, 4 mart 2020-ci il tarixli qətnamələri ilə onların Sona Məhərrəm qızından miras qalmış paydan və ataları Knyaz Məmmədovdan miras qalmış paydan hər birinə 5/108 hissədə payları müəyyən olunmuşdur. Ümumi mülkdə payları olan bibisi oğlu Knyazın vərəsələri Almaz, Ruhanə və Malik, eyni zamanda bibisi oğlu Kəpəz və onun oğlu Mahir faktiki 3 yerə bölünmüş mülkün heç bir tikilisində yaşamırlar. Onların özlərinə məxsus ayrılıqda evləri olmaqla, onlar faktiki mülkiyyətçilərdən tələbləri olmamışdır. Əksinə olaraq bibisi oğlu Kəpəz Ələkbər oğlu 2021-ci ildə məhkəmədə iddia qaldıraraq ümumi mülkün digər ½ hissəsinin qardaşı Knyaz Ələkbər oğlunun Almaz, Malik və Ruhanə adlı vərəsələri ilə onun arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-396/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə onun iddia təmin edilməmişdir. Uzun müddət əvvəl faktiki bölünərək onların istifadəsində olan "A" literli tikili naturada faktiki ayrılmağına baxmayaraq, sənəddə ümumi mülkün bir hissəsi kimi qalmışdır. Bu isə onların payları barəsində istifadə, sahiblik hüquqlarına maneçilik törətməsə də, sərəncam vermək hüququn məhdudlaşdırır. Belə ki, onlar faktiki istifadəsində olan həmin ayrıca evə dair satmaq, bağışlamaq, girov qoymaq hüquqlarından istifadə edə bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Çıxarışa əsasən 24/108 hissədə pay iddiaçıya məxsusdur. Hansı ki, həmin pay iddiaçının atası tərəfindən iddiaçıya bağışlanmışdır. İddiaçının ümumi mülkdəki payı 24/108 hissədə təşkil etdiyindən, eyni zamanda iddiaçının payı faktiki olaraq "A" literli tikilinin tərkibində naturada faktiki ayrıldığından, hesab edir ki, iddiasının təmin edilməsi mümkündür. Ona görə də, hesab edir ki, 30 ildən artıq bir müddətdə faktiki olaraq istifadə və sahiblikdə olan, ümumi sahəsi 113,5 kvadratmetr təşkil edən mülkün naturada ayrılmış "A" literli tikilisinin rəsmi olaraq ayrılması mümkündür. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ona və digərlərinə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mülkdə onun 12/108 payı vardır. Mübahisəli mülkün “A” literli tikilisində iddiaçı və onun ailəsi yaşayır. “A” literli tikili digər tikililərdən faktiki olaraq ayrılmışdır. O, hazırda Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayır. İddiaçı qardaşı Əvəzə baxmadığı üçün mülkün naturada bölgüsü ilə razı deyil. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X7 ona və digərlərinə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mülkdə onun 5/108 payı vardır. Əvvəllər mübahisəli mülkdə yaşasa da hazırda başqa ünvanda yaşayır. Mübahisəli mülkün “A” literli tikilisində iddiaçı və onun ailəsi yaşayır. “A” literli tikili digər tikililərdən faktiki olaraq ayrılmışdır. Lakin mübahisəli mülkün naturada bölgüsü ilə razı deyil. Belə ki, mülk naturada bölünərsə onların mübahisəli əmlaka gediş-gəlişinin bağlana bilməsi ehtimalı var. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh5 ona və digərlərinə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mülkdə onun 5/108 payı vardır. Hazırda mübahisəli ünvanda yaşayır. Mübahisəli mülkün “A” literli tikilisində iddiaçı və onun ailəsi yaşayır. “A” literli tikili digər tikililərdən faktiki olaraq ayrılmışdır. Lakin mülkün naturada bölgüsü ilə razı deyil. Belə ki, mülk naturada bölünərsə onların mübahisəli əmlaka gediş-gəlişinin bağlana bilməsi ehtimalı var. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh6 ona və digərlərinə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mülkdə onun 5/108 payı vardır. Hazırda mübahisəli ünvanda yaşamasa da köçüb yaşamaq istəyir. Mübahisəli mülkün “A” literli tikilisində iddiaçı və onun ailəsi yaşayır. “A” literli tikili digər tikililərdən faktiki olaraq ayrılmışdır. Lakin mübahisəli mülkün naturada bölgüsü ilə razı deyil. Belə ki, mülk naturada bölünərsə onların mübahisəli əmlaka gediş-gəlişinin bağlana bilməsi ehtimalı var. Orada dədə-baba darvazası olubdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh7 ona və digərlərinə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mülkdə onun 12/108 payı vardır. O, əvvəlki bölgülərlə razı deyil. Ona görə də hesab edir ki, mülk 2 yerə ayrılmalıdır. Bu barədə iddia qaldırsa da təmin olunmamışdır. Hazırda mübahisəli ünvanda yaşayır. Mübahisəli mülkün “A” literli tikilisində iddiaçı və onun ailəsi yaşayır. “A” literli tikili digər tikililərdən faktiki olaraq ayrılmışdır. İddiaçının payının naturada bölgüsü ilə razı deyil. Belə ki, mülk naturada bölünərsə onların mübahisəli əmlaka gediş-gəlişinin bağlana bilməsi ehtimalı var. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında göstərdi ki, mübahisəli mülkün iddiaçının payına düşən hissəsi ekspertiza rəyinə əsasən faktiki olaraq naturada bölgüsü mümkündür və bölünmüşdür. Ancaq buna baxmayaraq iddia tələbinin təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, **********67-10301 reyestr nömrəli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 376 kvadratmetr olan daşınmaz əmlakın hər birinin payı 12/108 olmaqla Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7, hər birinin payı 5/108 olmaqla X7, Cavabdeh5 və Cavabdeh6, payı 9/108 hissədə olmaqla Cavabdeh8, 24/108 hissəsi olmaqla İddiaçı mülkiyyətindədir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/3364 nömrəli rəyindən görünür ki, İddiaçı 24/108 hissə payının (A literli tikilinin) faktiki olaraq naturada digər tikililərdən təcrid şəkildə ayrıldığını, həmin tikiliyə küçədən ayrıca giriş-çıxış qapısının açıldığını, iddiaçının faktiki istifadəsində kommunal xidmət sahələrinin olduğunu nəzərə alaraq, “A” literli tikilinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Digər paylara məxsus olan tikililərin hər birinə ayrıca giriş qapısının olduğunu nəzərə alaraq, “A” literli tikilinin naturada ayrılacağı təqdirdə həmin tikilinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyətin yaranmayacağı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarında olan sənədləri, tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında məhkəmə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 376 kvadratmetr olan daşınmaz əmlakın hər birinin payı 12/108 olmaqla Cavabdeh1, X6, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh7, hər birinin payı 5/108 olmaqla X7, Cavabdeh5 və Cavabdeh6, payı 9/108 hissədə olmaqla Cavabdeh8, 24/108 hissəsi isə İddiaçı mülkiyyətindədir. İddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını istəyir. Mübahisəli mülkün “A” literli tikilisində iddiaçı və onun ailəsi yaşayır. “A” literli tikili digər tikililərdən faktiki olaraq ayrılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddianı qəbul etməyərək iddiaçının payının naturada ayrılmasına etiraz etmişlər. Məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/3364 nömrəli rəyinə əsasən, İddiaçı 24/108 hissə payının (A literli tikilinin) faktiki olaraq naturada digər tikililərdən təcrid şəkildə ayrıldığını, həmin tikiliyə küçədən ayrıca giriş-çıxış qapısının açıldığını, iddiaçının faktiki istifadəsində kommunal xidmət sahələrinin olduğunu nəzərə alaraq, “A” literli tikilinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Digər paylara məxsus olan tikililərin hər birinə ayrıca giriş qapısının olduğunu nəzərə alaraq, “A” literli tikilinin naturada ayrılacağı təqdirdə həmin tikilinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyətin yaranmayacağı müəyyən edilmişdir. Məhkəmə, hazırkı mübahisəni həll edərkən ekspert rəyini işdə olan digər sübutlarla yanaşı tədqiq etmiş və belə qənaətə gəlmişdir ki, ekspertiza rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı paylı paylı mülkiyyətdə olan mülkdən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq qeyd edir ki, mübahisəli mülk iddiaçı və cavabdehlərin paylı mülkiyyətindədir. Mülkiyyətçilər arasında ümumi paylı mülkiyyətdə olan mülkə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etdir. Ümumi paylı mülkiyyətdə olan mülkdən iddiaçının payının naturada ayrılması faktiki olaraq baş vermişdir və bu bölgünün mümkünlüyü ekspert rəyi ilə də təsdiq olunmuşdur. Ona görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli, **********67-10301 reyestr nömrəli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iddiaçı və cavabdehlərin ümumi paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 376 kvadratmetr olan daşınmaz əmlakdan İddiaçı 24/108 payı həcmində olmaqla onun faktiki istifadəsində olan “A” literli tikili olan hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/3364 nömrəli ekspertiza rəyinə uyğun olaraq naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin təşəbbüsü ilə təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli, **********67-10301 reyestr nömrəli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı və cavabdehlərin ümumi paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 376 kvadratmetr olan daşınmaz əmlakdan İddiaçı 24/108 payı həcmində olmaqla onun faktiki istifadəsində olan “A” literli tikili olan hissəsi naturada ayrılsın. Məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN**********, Hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumu iddiaçıya isə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2404/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2404/2023
19.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver