Məhkəmə qərarları › İş №2(125)-2407/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2407/2025

11.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2407/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X7 prospekti (keçmiş H.Əliyev) 237, ev 1, mənzil 37 saylı ünvanda yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X7 prospekti (keçmiş H.Əliyev) 237, ev 1, mənzil 37 saylı mülk mülkiyyət hüququ üzrə ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin mülkə onun tərəfindən çıxarış alınmışdır. Üçüncü şəxs Cavabdeh ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X7 prospekti (keçmiş H.Əliyev) 237, ev 1, mənzil 37 saylı ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin mənzildə yaşamır. Hazırda cavabdeh mübahisəli mənzildən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdehin hansı ünvanda yaşamasından tamamilə məlumatsızdır, cavabdehin ona məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etməsi bir mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Cavabdeh nəvəsidir. Oğlu və gəlini 2005-ci ildən etibarən Rusiyada yaşayırlar. Nəvəsi, hazırki iş üzrə Cavabdeh hərbi xidmətdən gəldikdən sonra qeydiyyata düşmək üçün evin sənədini istəmiş, lakin o, verməmişdir. Bundan sonra onun xəbəri olmadan nəvəsi qeydiyyata düşmüşdür. Dəfələrlə əməliyyat olunmuş, nəvəsi bir dəfə də olsun maraqlanmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamış, SMS vasitəsilə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, İddiaçı dayısının yoldaşıdır. Fəqanı uşaq vaxtlarında görmüş, gediş-gəlişləri olmuşdur. O, F.Əliyev küçəsində yaşamış, iddiaçının yaşadığı ünvanla aralarında az məsafə olmuşdur. Fəqanı 5-6 yaşlarında olanda anası ilə birlikdə evdən köçdükləri vaxt görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, evdən köçəndə Fəqan körpə olmuşdur. Təxminən 2006-cı ildə köçmüşdürlər. Fəqanın anası Ramiləni tanımışdır. Hər ikisi köçüb getmişdir. Sonradan onları görməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71-05101-093007 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X7 prospekti, 237, ev 1 ünvanında yerləşən 37 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, X7 prospekti, 237, ev 1, mənzil 37 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1450 nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, X7 prospekti 237 (keçmiş H.Əliyev), ev 1, mənzil 37 ünvanında qeydiyyatda olmasına baxmayaraq, 2006-cı ildən hal-hazıradək həmin ünvanda yaşamamışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4110/2024 nömrəli qərarındın görünür ki, İddiaçı cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxs Cavabdeh qeydiyyatdan çıxarılması tələbinə dair iddiası sonuncunun mübahisəli evdən istifadə hüququnun mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməli olduğundan təmin edilməmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, Cavabdeh özünə başqa yaşayış yeri seçməklə valideynləri ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxaraq başqa yaşayış sahəsinə köçmüşdür. Cavabdehin mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, X7 prospekti, 237, ev 1, 37 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, X7 prospekti, 237, ev 1, 37 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar