Məhkəmə qərarları › İş №2(125)-252/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-252/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-252/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulması və mənzilin təmiri üçün 1340,60 manat məbləğində pulun və mənəvi ziyana görə 1000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 101 manat, vəkil xidməti üçün 51 manat və ekspertiza xərci qismində 100 manat olmaqla, cəmi 252 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. ünvan 2 ünvanda yerləşən mənzil hazırda cavabdehin mülkiyyətindədir. İddiaçıya məxsus mənzil yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış binasının 5-ci, cavabdehin yaşadığı və mülkiyyətində olan mənzil isə 6-cı mərtəbədə yerləşir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mənzilində olan təmir üst mərtəbədə, yəni ünvan 2 ünvanında yaşayan cavabdehin səhlənkarlığı ucbatından demək olar ki, tamamilə sıradan çıxmışdır. Cavabdeh dəfələrlə mənzilə su axıtdığından mənzildə rütubətdən yaşamaq olmur. Cavabdeh özünəməxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının mənzili beşinci mərtəbədə, cavabdeh isə altıncı mərtəbədə yaşayır. Cavabdehin onun mənzilinə su axıtmağı barədə iddiaçının doğma bacısı X2 şəhər Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə müraciət etmiş, oradan xx.xx.2023-cü il tarixdə gəlib, ona məxsus mənzilə baxış keçirib su sızması barədə akt tərtib edilmişdir. İddiaçının doğma bacıları X4 və X6 dəfələrlə cavabdehə müraciət edərək iddiaçının mənzilinə edilən qəsdə son qoyulmasını xahiş etmişlər, lakin o bu barədə heç bir tədbir görməmişdir. Əksinə hər dəfə onu və bacılarını təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. Bu hadisə ilə əlaqədar iddiaçının bacısı X6 DİN-in “102” qaynar xəttinə zəng edərək polis əməkdaşlarını çağırmışdır. Cavabdeh onun mənzilinə mütəmadi su axıtdığına görə mənzil yararsız hala düşüb, onun dəvət etdiyi usta mənzilin təmiri üçün böyük məbləğdə xərcin lazım olduğunu bildirmişdir. Təminat yoxdur ki, bu dəfə də təmir etdirdikdən sonra cavabdeh mənzilə su axıtmayacaqdır. Gəncə şəhər MKTİB-nin işçiləri tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, iddiaçının mənzilinə dəymiş ziyanın aradan qaldırılmasından imtina etmişdir. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində "xxxx" MMC-nin tərtib etdiyi smetaya əsasən təmir dəyəri 1340,60 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, artıq 10 ildir ki, cavabdeh özünəməxsus mənzilin hamam və sanitar qovşağından ona məxsus mənzilə su axıdır. Hazırda ona məxsus evdə bacısı yaşayır. Dəfələrlə cavabdehə həm özü, həm də bacıları xəbərdarlıq etsə də, cəhdləri heç bir nəticə verməmiş, cavabdeh su axıtmağa davam etmişdir. Ekpertlər hər iki evə baxış keçirmişlər, tərtib edilmiş ekspert rəyi ilə də tanış olmuşdur, cavabdehə məxsus evin “drop”u 10 ildir ki, xarabdır, evin kafellə döşənmiş kolidoru qırıqdır, cavabdehin həyat yoldaşı vedrə ilə su töküb kolidoru təmizlədiyi üçün həmin su ona məxsus evə tökülür. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etdi və iddiaçını tanımadığını qeyd edərək əlavə etdi ki, iddiaçının bacısı Flora Hüseynova ona cavabdehin mətbəxindən su axdığını bildirdikdən sonra iddiaçının mənzilinə getmişlər, bu zaman divarda su ləkələrinin olduğunu, Flora Hüseynovanın razılığı ilə usta divar kağızını araladıqda isə divarın quru olduğunu görmüşdür. Ekspertiza rəyi ilə tanış olmuşdur, rəydə də onun evindən iddiaçının evinə bir damcı belə su axmadığı müəyyən edilmişdir. Hər dəfə yağış yağarkən ona məxsus evin üstündə yerləşən “damaxoddan” onun evinə su axır, güman edir ki, iddiaçının evinə axan su da elə həmin sudur. Həmin suyu təmizləmək üçün 3 dəfə kran çağırmış, lakin bu yüksək məbləğ tələb etdiyindən sonralar kran çağıra bilməmişdir. İddiaçının evinə su axmasında onun heç bir təqsiri yoxdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatdan görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 31 kv.m olan 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzilə dəymiş ziyanın usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 1340,60 manat təşkil edir. İş materiallarında olan Gəncə şəhər MKTİB-nin mühəndisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, cavabdehə məxsus üst 6-cı mərtəbədə yerləşən 24 saylı mənzilin sanitar qovşağından həqiqətən ərizəçinin sanitar qovşağının və dəhlizinin tavanına su sızması müşahidə edilmişdir. İş materiallarında olan Gəncə şəhər MKTİB-nin xx.xx.2023-cü il tarixli, Ə-706 nömrəli iddiaçıya cavab məktubundan görünür ki, iddiaçıya məxsus mənzilə texniki baxış keçirilmiş, baxış zamanı 6-cı mərtəbədə yerləşən cavabdehə məxsus 24 nömrəli mənzilin sanitar qovşağından iddiaçıya məxsus 19 nömrəli mənzilin sanitar qovşağının və dəhlizin tavanına su sızması müəyyən edilmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. 24 nömrəli mənzilin sahibinə - cavabdehə xəbərdarlıq edilmiş, ancaq edilmiş xəbərdarlığa baxmayaraq, o, mənzilin sanitar qovşağına dəymiş ziyanın aradan qaldırılmasından imtina etmişdir. Odur ki, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-21- 3-33/2-10373/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən mənzil Gəncə şəhər dövlət notariat kontorunun xx.xx.1992-ci il tarixli, 1-610 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 və onun adına xx.xx.1992-ci il tarixli, 6222 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 1 saylı dövlət notariat kontorunun xx.xx.1993-cü il tarixli, 2V-1-99 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən qeyd olunan mənzil Cavabdeh miras verilmişdir. Cavabdeh adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74-05101- 093001 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9276 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti, 247, 6A nömrəli evin, 19 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini cavabdehin mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığını nəzərə alaraq, 19 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 24 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 19 saylı mənzilə su sızması 24 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 24 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Qərardadın 3-cü sualı üzrə göstərilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti, 247, 6A nömrəli evin, 19 saylı mənzilə baxış keçirilən zamanı 24 saylı mənzildən 19 saylı mənzilə suyun sızmadığı müəyyən edilmişdir. Qərardadın 4-cü sualı üzrə müəyyən edilmişdir ki, su sızma nəticəsində, Gəncə şəhəri, Atatürk prospekti, 247, 6A nömrəli evin, 19 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 491,0 manat məbləğində müəyyən edilir. Ekspertiza rəyinə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu cavabdehə məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bu halın bir neçə dəfə təkrarlandığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(125)-6459/2023 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən 19 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 24 saylı mənzildən su axdığı müəyyən edilmişdir və 19 saylı mənzilə su sızması 24 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 24 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Həmçinin, rəyə əsasən 19 saylı mənzilə su sızma nəticəsində, əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 491,0 manat məbləğində olması müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulmasını, həmçinin mənzilin təmiri üçün 1340,60 manat maddi və 1000 manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 2340,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə olan qəsdə son qoyulmalıdır. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini, su sızmanın səbəbinin binanın damından axan yağış suları olduğunu iddia edir və bu səbəbdən həmin halları sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin cavabdeh ekspert rəyini və aktları şübhə altına alan və ya onları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Çünki, işin halları ilə sübut olunur ki, iddiaçının yaşadığı mənzilə cavabdehin yaşadığı mənzildən çirkab su sızıntısı baş verir və bu hal mütəmadidir. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, su sızıntısının baş verməsi cavabdehin təqsirli hərəkətinin (hərəkətsizliyinin) nəticəsidir. Yəni, cavabdeh bu sızıntının mənbəyini təmir etməli olduğu halda, bunu etməmişdir. Vurulan ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində bu məbləğin 1340,60 manat olduğu göstərilsə də, iş üzrə keçirilmiş ekspertiza rəyinin nəticəsi olaraq vurulmuş ziyan 491 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 491 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 491 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 1000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə isə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, lakin mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 51 manat məbləğində vəkilə çəkilən xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, həmin 51 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda ekspertiza xərci olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə edilən qəsdə son qoyulsun. Cavabdeh dəymiş maddi zərərə görə 491 manat, məhkəmə xərcinə görə 151 manat olmaqla, cəmi 642 (altı yüz qırx iki) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X3; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar