Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2564/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Əİəstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə mübahisəli evə - ünvan 1 ünvanda 0,0916 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 361,70 kv.metr olan fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə iddiaçının adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi hazırda tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda mübahisəli evdə pasport qeydiyyatındadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi, ona məxsusdur. Evin ona məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur. Cavabdeh1 onun həyat yoldaşı olmuşdur, onunla aralarında olan nikah qeydi məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh1 hazırda Özbəkistan Respublikasında yaşayır. Cavabdeh2 qızıdır, ailə quraraq ayrı yaşayır. Cavabdeh3 gəlinidir, Bakı şəhərində yaşayır. Cavabdeh4 isə digər Cavabdeh1 anasıdır, Bakı şəhərində yaşayır. Adları qeyd edilən cavabdehlər öz evlərində yaşamalarına baxmayaraq, ona məxsus ünvan 1 ünvanında olan evində qeydiyyatda qalmışlar. Onun üçün məcbur məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin onun evindən istifadə hüququ olmadığından onların yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və pasport qeydiyyatı haqqında” Qanunun 5-civə 9-cu maddələrinə əsasən öz yaşayış yerləri üzrə istifadə etdikləri evə pasport qeydiyyatına alınmalıdır. Hazırda cavabdehlərin həmin evdə passport qeydiyyatında qalmaları onun əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, sözügedən evi ona qaynı bağışlayıb, 1998-ci ildən adıçəkilən evdə yaşayır. Cavabdeh Şəmsi keçmiş həyat yoldaşı, cavabdeh Abuzəndə keçmiş həyat yoldaşı Şəmsinin anası, cavabdeh Nigar gəlini və cavabdeh Ayişə isə qızdır. Ayişədən başqa Atatürk və Sadəgül adlı övladları da var. Cavabdeh Şəmsi 1998-ci ildən 2000-ci ilə qədər həmin evdə yaşasa da, 2000-ci ilin yanvar ayının 7-də azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2023-cü ilin may ayının 28-də azadlığa çıxdıqdan sonra bir neçə ay mübahisəli evdə yaşamış, ölkə hüdudlarını tərk edərək Türkiyə və Rusiyaya getmişdir, hazırda isə Özbəkistandadır. Cavabdeh Abuzəndə daimi olaraq heç vaxt onunla yaşamamış, müəyyən vaxtlarda mübahisəli evə qonaq kimi gəlib-getmişdir. Sənəd almaq üçün cavabdeh Abuzəndə evə qeydiyyata düşməli olmuşdur. Cavabdeh Abuzəndənin öz evi var, vəfat edən oğlu İnqilabın evində yaşayır. Cavabdeh Nigar isə ögey oğlu Niyazinin arvadı, onun isə gəlinidir. O, 2008-ci ildə Niyazi ilə evlənib sözügedən evə gəlin köçmüşdür, həmin evdə 1 ilə yaxın yaşadıqdan sonra Niyazi ilə birlikdə Rusiyaya gedərək orada 6-7 ilə yaxın qalmışlar. Sonradan bu evə qayıtsalar da, təxminən 2 ilə yaxındır ki, evdən çıxmışlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul edərək bildirmişdi ki, 1998-ci ildən 2011-ci ilin mart ayına kimi həmin evdə yaşamış, 2011-ci ildə ailə quraraq bu ünvandan qeydiyyatdan çıxaraq Bakı şəhərinə qeydiyyata düşmüş, 2017ci ildə boşanmış, bir müddət sonra Bakı şəhərindəndə qeydiyyatdan çıxıb, 2022-ci ilin avqustunda mübahisəli evə qeydiyyata düşmüşdür. 2022-ci ilin noyabrında yenidən ailə qurub sözügedən evdən ayrılmışdır. Hazırda ünvan 3 ünvanda yaşayır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, qeydiyyatdan çıxmağa razı olduğunu bildirərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi xahiş etmişdir. Digər cavabdehlər isə məhkəməyə gəlməmələrinin səsəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə həmin cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək MPM-in 147-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 455121 nömrəli, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikaha Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2053/2023 nömrəli qətnaməsi əsasında 07 avqust 2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 447 nömrəli akt qeydi rəsmiləşdirilmişdir. Nikah pozulduqdan sonra ərə və arvada Səmədzadə soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-57/2-5-92xx/xx/2024 nömrəli iddiaçıya cavab məktubundan görünür ki, cavabdehlərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 5068/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Nizami Rayon XDS İcraiyyə Komitəsinin 25 may 1987-ci il tarixli qərarı əsasında şəxsi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər İkinci Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən reyestrdə 4Ə-1-121 nömrə ilə qeydə alınmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən X4 (etibarnamə üzrə nümayəndə X2) tərəfindən İddiaçı bağışlanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli ev əvvəlcə iddiaçının qaynı X1 mülkiyyətində olmuş, qaynı evi iddiaçıya bağışlamışdır və ev 2007-ci ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında araşdırılmış sübutlardan, iddiaçının izahatından və cavabdeh Ayişənin izahından, ərizəsindən məlum olur ki, cavabdehlərdən Cavabdeh1 (iddiaçının keçmiş əri), Cavabdeh4 (iddiaçının keçmiş qayınanası) və Cavabdeh2 (iddiaçının qızı) həmin evdə 2000-ci ildən əvvəl həm əvvəlki mülkiyyətçinin, həm də hazırkı mülkiyyətçinin ailə üzvü kimi yaşamışlar və qeydiyyata alınmışlar. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisəyə həmin cavabdehlərə münasibətdə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqlarının yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mübahisəli evdə əvvəllər uzun müddət mülkiyyətçinin razılığı ilə yaşadıqlarından onların istifadə hüquqları yaranmışdır. Bununla belə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 uzun müddət yaşamamalarını, onların yaşayış sahəsini tərk etmələrini və evə olan ehtiyaclarının aradan qalxmasını bildirərək, həmin cavabdehlərin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmiş olsa da, cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri, yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mübahisəli evdə daimi yaşamamaları müəyyən olunmadığından, habelə həmin cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri və yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, onların mübahisəli evdən istifadə hüquqları itirilmiş hesab edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mübahisəli evin mülkiyyətçisinin razılığı ilə həmin evdə yaşayaraq oradan istifadə hüququ əldə etdikləri və hazırda məhkəmə tərəfindən onların istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onların həmin evdən istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı yalnız kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Cavabdeh4 məhkəməyə ünvanladığı teleqramına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyatdan çıxmağa razı olduğunu bildirməsi Cavabdeh4 sözügedən evə istifadə hüququnun olmaması və ya itirilmiş hesab edilməsi üçün əsas ola bilməz. Bununla belə, sonuncu istənilən vaxt evdən pasport qeydiyyatından çıxma barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Bundan başqa, MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh2 mübahisəli evə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmiş, Cavabdeh2 isə iddianı qəbul edərək həmin evə istifadə hüququnun itirilməsi ilə razılaşmışdır. Məhkəmə həmin cavabdehin sözügedən evə istifadə hüququnun davam etdiyini də nzəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi qismən təmin edilərək Cavabdeh2 mübahisəli evə istifadə hüququ itirilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə iclasında araşdırılmış sübutlardan, iddiaçının izahatından həmçinin məlum olur ki, cavabdehlərdən Cavabdeh3 iddiaçının gəlinidir, yəni iddiaçının ögey oğlu Niyazinin arvadıdır. O, 2008-ci ildə Niyazi ilə evlənib sözügedən evə gəlin köçmüşdür, həmin evdə 1 ilə yaxın yaşadıqdan sonra Niyazi ilə birlikdə Rusiyaya gedərək orada 6-7 ilə yaxın qalmışlar. Sonradan bu evə qayıtsalar da, təxminən 2 ilə yaxındır ki, evdən çıxmışlar. Digər tərəfdən, mübahisəli ev 2007-ci ildən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, Cavabdeh3 sözügedən evin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından Cavabdeh3 iddiaçıya məxsus evdən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh3 ilə iddiaçı arasında evdən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, həmin cavabdehin evdən istifadə hüququ da əmələ gəlməmişdir. Mövcud olmayan hüququn itirilmiş hesab edilməsi və ya itirilməsi (hüquqa xitam verilməsi) mümkün deyil, hüququn itirilməsi (hüquqa xitam verilməsi) üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Cavabdeh3 evdən istifadə hüququ olmadığına görə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə tələb də təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətçinin razılığı ilə onun yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması və bu hüququn yaranmasına mülkiyyətçinin razılıq verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, cavabdehin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Cavabdeh3 yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi İddiaçı arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır. Cavabdeh3 İddiaçı mülkiyyətində olan evə sonuncunun razılığı ilə qeydiyyata alınması isə onun həmin evə istifadə hüququnun əmələ gəlməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 sözügedən evə dair istifadə hüququ itirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilçəlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2564/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2564/2024
17.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver