Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2608/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «şəhadətnamədə adın dəyişdirilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-168F KOD 50712028 nömrəli, 05 may 1998-ci il tarixli şəhadətnamədə X1, əslində İddiaçı olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Hazırkı iddia, iddiaçı tərəfindən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı irəli sürülsə də həmin cavabdehə hansı tələbinin yönəldiyi göstərilməmiş, tələbinin həmin cavabdehə hansı əsaslarla aid olması da əsaslandırılmamışdır. Ümumiyyətlə cavabdehlə iddiaçının konkret hansı mübahisəsinin olduğu ərizənin məzmunundan müəyyən edilmir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər öz əksini tapmışdır. Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə, prosessual qənaət prinsipi baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş xüsusi icraat qaydasında baxılmalı olan işdir, yəni ərizənin məzmununa görə əslində ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Lakin ərizənin adı səhvən iddia ərizəsi kimi, ərizəçi və maraqlı şəxsin ərizəsi isə iddiaçı və cavabdeh kimi qeyd edildiyindən, iş məhkəmənin icraatına iddia icraatı kimi daxil edilmişdir. MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «şəhadətnamədə adın dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2608/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2608/2024
08.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver