Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2643/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərsu» açıq səhmdar cəmiyyətinə qarşı Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 13 nömrəli evin 46 nömrəli mənzilində yaşayan **********460 abonent kodlu istehlakçıya əsassız olaraq hesablanmış 231 manat 19 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı ərizə ilə müraciət edərək, cavabdeh qismində «Azərsu» açıq səhmdar cəmiyyətinin Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 13 nömrəli evin 46 nömrəli mənzilində yaşayır və onun yaşadığı evə çəkilmiş su borusunun üzərində quraşdırılmış sayğac ön ödənişli sayğacdır. O, istehlak etdiyi suyun ödənişlərini daim vaxtı-vaxtında aparmışdır. 31 dekabr 2022-ci il tarixdə o, su sayğacının balansının artırılması üçün əvvəlcə kartdakı hesabı artırmış, sonra isə artırılmış hesabı sayğaca yükləməyə çalışmışdır. Bu zaman kart yüklənmiş vəsait su sayğacına köçməmiş və bununla əlaqədar olaraq o, «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin əməkdaşları ilə əlaqə saxlamışdır. «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin əməkdaşları sayğaca baxarkən sayğacda yaranmış texniki qüsurla əlaqədar balansın artırılmasının mümkün olmadığını bildirmiş və su sayğacını mexaniki ödəniş sisteminə keçirmişlər. Sonradan «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin əməkdaşlarının ona 231 manat 19 qəpik məbləğində borc hesabladığı məlum olmuşdur. Halbuki, o, ona hesablanmış borc üzrə sudan istifadə etməmiş və təqsirli hərəkətləri nəticəsində «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə zərər vurmamışdır. Belə ki, ona aid abonent kartasına diqqət yetirdikdə onun və ailəsinin sudan aylıq istifadə normasının 5-7 m3 arasında dəyişdiyini görmək olar. O isə həmin su sərfiyyatına görə daim ödənişlər aparmışdır. Digər tərəfdən su sayğacı pilləkən qəfəsində quraşdırılmış, həmin su sayğacının işlək vəziyyətdə qalmasına «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin əməkdaşları cavabdeh olmuşdur. O, «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin rəhbərliyi ilə əlaqə saxlasa da, ona əsassız hesablanmış borc silinməmiş və əksinə hesablanmış borcun ödənilməsi təkidlə tələb edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona hesablanmış 231 manat 19 qəpik məbləğində borc tamamilə qanunsuz və əsassız olduğuna görə silinməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov iddia tələbini qəbul etməyərək bildirdi ki, 01 yanvar 2005-ci il tarixdə sistem üzərindən ünvan 1 ünvanına dair müqavilə bağlanmışdır. 02 fevral 2014-cü il tarixdə isə sayğac istismara verilmişdir. Bu müddət ərzində iddiaçının ödədiyi ən yüksək məbləğ 10 manat təşkil etmişdir. Sayğaca hər 6 aydan bir baxış keçirilir. Sonuncu dəfə 2023-cü ilin əvvəllərində sayğaca baxış keçirilərkən, sayğacın elektron hissəsinin sıradan çıxması və mənfiyə doğru irəlilədiyi aşkar edilmişdir. Sayğacın elektron hissəsi 1487 m3 göstəricisində dayanmış, mexaniki hissəsi isə 1752 m3 göstərmişdir. Beləliklə də, 265 m3 fərq yaranmış, bu isə 238 manat 50 qəpik təşkil etmişdir. Həmin məbləğin 7 manat 31 qəpik hissəsi isə iddiaçının dövrdən əvvəl qalıq borc olduğu üçün 238 manat 50 qəpik məbləğindən çıxılmış və yekun olaraq iddiaçıya 231 manat 19 qəpik məbləğində borc yazılmışdır. Lakin bununla əlaqədar hər hansı akt tərtib olunmamışdır. Sonda A.C.Rəhimov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan 25 fevral 2023-cü il tarixli fakturadan görünür ki, ünvan 1 ünvanında 27 yanvar 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək İddiaçı sudan istifadə sərfiyyatı 1752 m3 olmuş, dövri borc 238 manat 50 qəpik təşkil etmişdir. Həmin borcun 7 manat 31 qəpik məbləğində hissəsini dövri ev qalıq borcu təşkil etmiş, ödənilməli məbləğ 231 manat 19 qəpik olmuşdur. İş materiallarında olan abonent kodu **********460 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından görünür ki, ünvan 1 ünvanından yaşayan **********460 abonent kodu İddiaçı məxsusdur. İddiaçı 25 fevral 2023-cü il tarixdə 265 m3 miqdarında su sərfinə görə 238 manat 50 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı su təchizatı üzrə **********460 abonent kodlu istehlakçıdır. Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 13 nömrəli evin 46 nömrəli mənzilinə gedən su xəttinin üzərində quraşdırılmış su sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. Sudan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 25 fevral 2023-cü il tarixdə «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı 265 m3 miqdarında su sərfinə görə 238 manat 50 qəpik məbləğində borc hesablanmışdır. İddiaçı həmin borcun 231 manat 19 qəpik məbləğində hissəsinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi A.C.Rəhimov məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və etirazının əsası kimi ön ödənişli su sayğacının elektron qeydiyyatçısının nasaz hala düşsə də, mexaniki hissəsinin işlək vəziyyətdə olması, elektron və mexaniki qeydiyyatçılar arasındakı fərqin 265 m3 olması ilə əsaslandırmışdır. Lakin cavabdehin nümayəndəsi su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi hallarına dair aktın tərtib olunmadığını bildirmiş, eləcə də həmin aktın surətini məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 6.16 və 6.17-ci bəndlərinə görə su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Digər tərəfdən Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 13 nömrəli evin 46 nömrəli mənzilinə çəkilmiş su borusunun üzərində quraşdırılmış sayğac pilləkən qəfəsində yerləşir və həmin sayğaca İddiaçı mütəmadi olaraq nəzarət etməsi mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları» ilə müəyyənləşdirilmiş tələblərə görə həmin sayğacın işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi STKM-in vəzifəsidir. Buna görə də onun işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 2.1.7 və 2.1.8-ci bəndlərinə görə STKM-in vəzifələrinə istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək daxildir. Həmin Qaydaların 6.4-cü bəndinə görə yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə görə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli olmadığı hərəkətlərə və ya hərəkətsizliyə görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir, həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona sudan istifadəyə görə 231 manat 19 qəpik məbləğində hesablanmış borcun əsassız olmasını sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində ona maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 13 nömrəli evin 46 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı borc kimi hesablanmış 231 manat 19 qəpik məbləğ silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 13 nömrəli evin 46 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 231 (iki yüz otuz bir) manat 19 (on doqquz) qəpik məbləğində borc silinsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2643/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2643/2023
22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver