Məhkəmə qərarları › İş №2(125)-2669/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2669/2023

21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2669/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən törədilmiş cinayət nəticəsində iddiaçıya dəymiş real zərər olaraq banka ödənilmiş 5602 manat və 1166 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 191 saylı Hərbi Hissənin tank əleyhinə bölüyünün birinci tağım tank əleyhinə tağımın tank əleyhinə idarə olunan raketlər manqasında baş operator vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətdə olarkən Cavabdeh ona 20000 manata “Toyota Prado” markalı avtomobil olması barədə məlumat verərək həmin avtomobili almağını təklif etmiş və özünün bu işi həll edəcəyini vəd etmişdir. Aralarında olan razılaşmaya əsasən iddiaçı 20000 manat pulu cavabdehə vermiş, lakin cavabdeh vəd verdiyi avtomobilin alınmasını təmin etməmişdir, bunun əvəzində iddiaçıya avtomaşın salonundan yeni avtomaşın alınmasını təklif etmiş, iddiaçı isə razılaşmışdır. Bu razılaşmadan sonra cavabdeh 26 mart 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən avtosalondan 6500 manat pul ilkin ödəniş etdikdən sonra iddiaçının adına rəsmiləşdirilməklə lizinq yolu ilə ümumi dəyəri 35000 manat olan GAC GS 4 markalı avtomaşın alınmasını təklif etmiş, eyni zamanda 750 manat təşkil edən aylıq ödənişi özünün ödəyəcəyi barədə ona vəd vermişdir. Cavabdeh 6500 manat və iki ay - hər ay 750 manat pul ödənişi etdikdən sonra ödənişi dayandırmış, iddiaçının xeyrinə heç bir hərəkət etməyərək təkrarən ona xeyli miqdarda ziyan vurmuşdur. Cavabdeh avtomobilə görə 6500 manat ödəniş edəndə ona yalan ümidlər verərək axıra qədər ödənişləri vaxtlı-vaxtında edəcəyini bildirmiş, sonradan isə ödəniş aparmadığı üçün avtomobilin əldən çıxmaması üçün iddiaçı 5602 manat pul ödəniş etmək məcburiyyətində qalmış, sonra məbləği çox olduğu və daha ödəniş apara bilmədiyi üçün faiz borcları yaranmışdır. İddiaçı onu qeyd edir ki, Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən də görünür ki, ödənişi apara bilmədiyi üçün faiz borcu və dövlət rüsumu olaraq ondan və başqa bir şəxsdən - Əliağa Mustafayevdən müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 2333 manat pul tutulmuş və avtomobil ondan alınmışdır. İddiaçı hesab edir ki, onun banka ödədiyi, cavabdehin törətdiyi cinayət əməli nəticəsində real zərər olaraq 5602 manat və faiz borcu olaraq 2333 manat pulun yarısı, yəni 1166 manat pulu cavabdeh ona ödəməlidir. Gəncə Apellyasiya Məhkəməsinin hazırda qüvvədə olan 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə bu qeyd etdikləri bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, növbəti məhkəmə baxış iclasına gəlməmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1-1(095)-113/2019 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 32.4, 312.1-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, CM-in 333.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzalarını az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək və cərimə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Cavabdeh qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Həmin hökmlə CM-in 68.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaların müstəqil icra edilməsi, həmçinin CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş 02 il azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına dair Gəncə Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1- 1(104)-36/2019 saylı qərarının müstəqil icra olunması, Cavabdeh davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini - Gəncə şəhəri Yeni İrəvan qəsəbəsi, Təzə məhəllə adlanan fərdi yaşayış evini hər gün saat 22.00-dan saat 08.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Gəncə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasının Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi, hökm qanuni qüvvəyə minib icraya yönəldildikdən sonra isə ləğv edilməsi qərara alınmış, həmçinin həmin hökmlə məhkəmə xərclərinə dair məsələ həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1-1(104)-06/2020 nömrəli, 06 iyul 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1-1(095)-113/2019 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası artırılmış və ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh 08 may 2020-ci il tarixdən 06 iyul 2020-cı il tarixədək həbsdə saxlanıldığı 60 (altmış) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanılmaqla üzərində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə 2 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin qərarla “Cavabdeh Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş 02 il azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına dair Gəncə Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1-1(104)-36/2019 saylı qərarının müstəqil icra olunmasına” dair müddəanın hökmdən xaric edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və barəsində başqa yerə getməmk haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş başqa yerə getməmk haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönəldildikdən sonra ləğv edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanması və Cavabdeh məhkəmə iclas zalında həbsdən dərhal azad edilməsi qərara alınmışdır. Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2019/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı və X2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, zərərin və cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2871 nömrəli alqı satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 2253 manat ziyan, 50 manat cərimə olmaqla cəmi 2303 (iki min üç yüz üç) manat və 30 (otuz) manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1590/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “törədilmiş cinayət işi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh maddi zərər görə 8500 manat, mənəvi zərər olaraq 300 manat və məhkəmə xərci qismində 30 manat dövlət rüsumunun, ümumilikdə 8830 (səkkiz min səkkiz yüz otuz) manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3411/2021 nömrəli, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi qismən-iddianın qismən təmin edilmiş maddi ziyan hissəsində ləğv edilmiş və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılaraq Cavabdeh maddi ziyana görə 16500 (on altı min beş yüz) manatın tutularaq İddiaçı verilməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetir ki, Cavabdeh tanışı və eyni hərbi hissədə xidmət etdiyi İddiaçı 20.000 manata “Toyota Prado” markalı avtomaşın olması barədə məlumat verərək sonuncuya həmin avtomaşını almasını təklif etmiş və özünün bu işi həll edəcəyini vəd vermişdir. Aralarında olan razılaşmaya əsasən İddiaçı 11 mart 2018-ci il tarixdə 14.000 manat, 18 mart 2018-ci il tarixdə isə 6000 manat olmaqla ümumilikdə 20.000 (iyirmi min) manat pulu Cavabdeh vermişdir. Lakın Cavabdeh vəd verdiyi avtomaşın markasının alınmasını təmin etməmiş, bunun əvəzində İddiaçı avtomaşın salonundan yeni avtomaşın alınmasını təklif etmiş, sonuncu isə bununla razılaşmışdır. Bu razılaşmadan sonra Cavabdeh 26 mart 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən avtosalondan 6500 manat pul ilkin ödəniş etdikdən sonra İddiaçı adına rəsmişləşdirilməklə lizinq yolu ilə ümumi dəyəri 35.000 manat olan GAC GS 4 markalı avtomaşın alınmasını təşkil etmiş, eyni zamanda 750 manat təşkil edən aylıq ödənişi özünün ödəyəcəyi barədə İddiaçı vəd vermişdir. Lakin iki ay ödəniş etdikdən sonra ödənişi dayandıraraq bundan sonra İddiaçı xeyrinə heç bir hərəkət etməyərək təkrarən, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Göründüyü kimi, cavabdehin 26 mart 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən avtosalondan 6500 manat pul ilkin ödəniş etdikdən sonra iddiaçının adına rəsmişləşdirilməklə lizinq yolu ilə ümumi dəyəri 35.000 manat olan GAC GS 4 markalı avtomaşın alınmasını təşkil etməsi, eyni zamanda 750 manat təşkil edən aylıq ödənişi özünün ödəyəcəyi barədə iddiaçıya vəd verməsi, lakin iki ay ödəniş etdikdən sonra ödənişi dayandıraraq bundan sonra iddiaçının xeyrinə heç bir hərəkət etməyərək təkrarən, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirib iddiaçıya qarşı dələduzluq etməsi qanuni qüvvəsini almış Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1-1(095)-113/2019 nömrəli hökmü və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1-1(104)-06/2020 nömrəli, 06 iyul 2020-ci il tarixli qərarı ilə təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya zərər vurmasına səbəb olan cinayət əməli qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına, prosessual qənaət prinsipinə görə, zərurət yoxdur. Həmçinin, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(043)-2019/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 2871 Ne-li xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı 1 (bir) ədəd GAC GS 4 markalı, buraxılış ili 2016-cı il, dövlət qeydiyyat nişanı ** AF *** olan nəqliyyat vasitəsini cavabdehə satmış, bağlanmış müqaviləyə əsasən satılan minik avtomaşınının qiyməti 48651 (qırx səkkiz min altı yüz əlli bir) manat müəyyən olunmuş, müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödəniş 2591 manat ödəməklə qalan 45060 manat məbləği 60 (altmış) ay bərabər hissələrə bölünməklə hər ay üzrə 751 (yeddi yüz əlli bir) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2023-ci il tarixini müəyyən etmişlər. 2871 saylı, xx.xx.2018-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” İddiaçı X3 zamin durmuş və zaminlik müqaviləsinə əsasən Zamin “Satıcı” qarşısında “Borc ödəyənin” müqavilə üzrə öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı oğlı müqavilə bağlandığı gündən cəmi 7102 (yeddi min yüz iki) manat ödəniş etmişdir. 2019-cu ilin yanvar ayından etibarən cavabdeh İddiaçı "xxxx" MMC-yə heç bir ödəniş etməmiş və bununla da iddiaçıya 37958 manat əsas borcu qalmışdır, cavabdeh İddiaçı 4 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 751 manat məbləği cəmi 3004 manatı ödəməmişdir. Cavabdeh İddiaçı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə və avtomobil ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olduğundan cəmiyyətin tələbi əsasında avtomobil xx.xx.2019-cu il tarixdə cəmiyyətə gətirilmişdir. Həmin vaxtda cavabdehin müqavilə üzrə 3 ay üzrə 2253 manat əsas borcu, həmin gecikdirilmiş məbləğə görə əlavə 1 faiz hər gün üçün 90 günə görə 675 manat, cəmi 2928 manat "xxxx" MMC-yə borcu olduğundan, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iddianı qismən təmin etmiş, cavabdehlər İddiaçı və X1 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə cəmi 2333 manat məbləğində pul tutmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçının etibarından sui istifadəsi nəticəsində yaranmış borca görə üçüncü şəxs məhkəməyə müraciət etmiş və onun müraciəti əsasında iddiaçıdan üçüncü şəxsin xeyrinə cəmi 1166 manat pulun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı həmin pul vəsaitini üçüncü şəxsə qaytarmağa borcludur. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz əməli nəticəsində yaranmış borc vəsaitini iddiaçı üçüncü şəxsə qaytarmaqla maddi zərər çəkmiş olur ki, həmin zərərin yaranmasında təqsirkar şəxs cavabdehdir. Ona görə də iddiaçı 1166 manat hissədə hazrkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı dələduzluq etməsi və bunun nəticəsində yaranmış borcu ödəməsi ilə bağlı ona dəymiş maddi ziyana görə 1166 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın – cavabdeh tərəfindən törədilmiş cinayət nəticəsində iddiaçıya dəymiş real zərər olaraq banka ödənilmiş 5602 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin avtomobilə görə 6500 manat ödəniş edəndə ona yalan ümidlər verərək axıra qədər ödənişləri vaxtlı-vaxtında edəcəyini bildirdiyini, sonradan isə ödəniş aparmadığı üçün avtomobilin əldən çıxmaması üçün iddiaçının 5602 manat pul ödəniş etmək məcburiyyətində qaldığını qeyd etsə də, 5602 manat ödəniş etdiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının 5602 manat pul ödəniş etməsi yuxarıda istinad edilən məhkəmə qətnamələri ilə də müəyyən edilmir. Məhkəmə qeyd edir ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 31,66 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə xərcinin digər hissəsi iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu zərərin əvəzi olaraq 1166 (bir min bir yüz altmış altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,66 (otuz bir manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar