Məhkəmə qərarları › İş №2(125)-2842/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2842/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2842/2024 12.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 1710,96 AZN və mənəvi zərərə görə 1500 AZN pulun cəmi 3210,96 manat məbləğin Cavabdeh alıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1993-cü ildə 31 yanvarda onun həyat yoldaşını cinayətkarlar evində qəsd edərkən, onu qətlə yetirmişlər və onu isə ağır xəsarət yetirərək yaralamışlar. Ona həmin vaxtlar telefon vasitəsi ilə tanıya bilməyən şəxslər tərəfindən hədsiz qorxu gəlirdilər. Ona görə də, 1995-ci ildə iyun ayında rəhmətlik atası X1 Vətən Müharibəsi 1-ci qrup əlil onu və övladını yaşamaq üçün öz evlərinə aparmışdır. Həmin ildə atası öz ailəsi ilə birlikdə Türkiyə Respublikasına yaşamaq üçün köçmüşlər. O, qızı və bibisi X4 2-ci qrup əlil Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, ev 54-də yaşamışlar. 1 il sonra qardaşı Xaliz rəhmətə getmişdir. Daha bir il keçəndən sonra atası Mükadim Gəncəyə öz evinə geri qayıtmışdır. Atası sonralar ağır xəstələnmiş və ona qulluq etmişdir. 4 il keçəndən sonra, 2003-cü ildə atası rəhmətə getmişdir. Həmin vaxtlar faktiki mirası o, qəbul etmişdir, yəni həmin evdə yaşayaraq xəstə atasına qulluq etmiş, sonralar dəfn xərclərini o, çəkmiş, bununla da atasından qalan miras əmlakı faktiki olaraq o, qəbul etmişdir. Beləlikdə həmin mübahisəli evdə o, yaşamışdır. Evdən harasa gedərkən o, evin açarını, etibar etdiyi qonşusu Səfərov Əbülfəzə vermişdir. 2017-ci ildə o, Qazaxıstanda xəstəxanada əməliyyat olmuşdur. Həmin ildə onunla yaşayan bibisini insult vurmuşdur. Özbəkistandan bacısı həmin vaxtlar gəlib bibisinə qulluq edirmiş, bacısının Gəncəyə gəlməsi üçün aviabileti o, almışdır. Həmin vaxtlar qardaşı oğlu X11 gələrkən onun xəstə bibisinə yalan vəd verərək, onu müalicə üçün Türkiyə aparacağına dair yalan söyləmişdir. 5 ay qulluq edəndən sonra ona baxmamışlar və geri qaytarmışlar. 2018-ci ildə kənar şəxslə geri Gəncəyə göndərmişlər. 2018-ci ildə bu məsələdən sonra o, bibisinə qulluq etmək üçün Qazaxıstandan geri Gəncəyə dönmüşdür. 2019-cu ildə isə bibisi rəhmətə getmişdir. Bibisinin son günlərini o, qulluq etmişdir. Bibisinin yas mərasimi bütün xərclərini yenə də o, tək başına çəkmişdir. 2020-ci ildə fevral ayında o, qızının yanına Qazaxıstana getmişdir. Çoşqunov Osman bu aralarda anası Mənəmşə Çoşqunovaya etibarnamə vermişdir. Bununla da əlaqədar qonşuları olmuş Əbülfəz köməklik edərək saxta etibarnamə verilmişdir. Həmin vaxtlar koronavirus pendemiyası ilə əlaqədar o, Qazaxıstandan geri öz evinə qayıda bilməmişdir. Belə olduğu halda Osman istifadə edərək onun evini öz adına keçirərək onu başqa şəxsə qanunsuz olaraq satmışdır. Bu aralarda həmin ilin may ayında qohumları ona məlumat vermişlər ki, ev satılır. Həmin məsələ ilə bağlı evi alan şəxsin yəni 18 may 2022-ci ildə Cavabdeh dayısı olan Səfərov Rüstəmlə ilə danışaraq ona bildirmişdir ki, o, gəlməyənəcən ev satılmasın. Rüstəmdə ona bildirmişdir ki, o, gəlməyənə qədər alqı-satqı aparılmayacaq. Sonralar Osman ona zəng edərək evi satacağını bildirmişdir, o, isə ona qətiyyən satmamağı və bunun qanunsuz olmasını bildirmişdir. Həmin vaxtlar o, Qazaxıstandan öz evinə gəlmişdir. Evin başqa şəxslərə qanunsuz olaraq satıldığını görmüşdür. Bütün ev əşyaları evdən götürülmüşdür, halbuki onun xəbəri olmamış və qanunsuz olaraq onun əmlakını talamışlar. Həmçinin özünü də evdən qovaraq qoymamışlar ki, öz evində qalsın və ya əşyalarını götürsün. Həmin gecə o, səhərə kimi çöldə qapıda qalmışdır. O, bununla bağlı polisə 102 qaynar xəttə şikayət etmişdir. Polis gəlib ona köməklik etməmiş və o, səhərəcən küçədə qalmışdır. Polis ilə 14 gündən sonra bəzi əşyaları tapılmış və oradan qızının adına olan evin, açarlarını tapıb o evə getmişdir. Əşyalarının çoxunu itirilmişlər və qaz qızdırıcı olmamışdır. Sonra noyabr ayında qızdırıcını tələb etmişdir. Onlar öz köhnə qızdırıcısını vermək istəmiş, lakin o, qəbul etməmişdir. Havalar soyduqda o, məcbur qalıb qızdırıcı almışdır. Cavabdehin günahı ucbatından o, çöldə qalmış, evsiz qalmış və öz şəraitindən məhrum olmuşdur. Məcbur qalaraq başqa evlərdə qalaraq özünə yeni şərait düzəltmişdir. O, yaşlı və köməksiz adamdır. Soyuq havalarda çox çətinliklə bir yararsız qızdırıcı tapıb evə quraşdırmışdır. Bununla bağlı o, dəm qazından üç dəfə zəhərlənmişdir. Əgər cavabdeh qanunsuz olaraq onu öz mülkündən məhrum etməsə idi və ya vaxtında əşyalarını (qızıdırıcını) versə idi o indi zəhərlənməzdi və bu qədər xərcə düşərək (xəstəxana xərcləri) maddi və mənəvi zərər görməzdi. O, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-392/2023 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Bundan narazı qalaraq o, apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 4 saylı dövlət notariat kontorunun təsdiq etmiş 24 aprel 2008-ci il tarixli, 2 V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmişdir. Bu iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 4401/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1481/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda hazır ki, iddia ilə cavabdehə qarşı dəymiş maddi və mənəvi zərər kimi pul tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Qazaxıstandan gələn zaman evinin qapısının bağlı olduğunu görmüşdür. Cavabdehin hərəkətləri ucbatından o, çöldə, yəni evsiz qalmış öz şəraitindən məhrum olmuşdur. Cavabdeh qanunsuz olaraq onu mülkündən məhrum etmiş və ona məxsus əşyaları həmçinin, qızdırıcını vermədiyi üçün məcbur qalaraq qazdan istifadə etmiş və buna görə də dəm qazından zəhərlənmişdir. Sözügedən qızdırıcının ona məxsusluğu və şəkli barədə sübutu yoxdur. Beləliklə də, ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 122-42144A-3222 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, araşdırma zamanı 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X8 ona qarşı hər hansı bir qanunsuz hərəkətlərin törədilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 28 aprel 2023-cü il tarixli, 3-13-51-2/2-H-102xx/xx/2023 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, onun müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə orqanlarının səlahiyyətindədir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə qərar qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 31 yanvar 2024-cü il tarixli, A-30xx/xx/2024 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə müraciətlə əlaqədar Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə qərar qəbul edilmişdir. Qərardan narazı olduğu halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən Prokurorluğa və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. “X5” tərəfindən verilmiş İddiaçı epikriz məlumatlarından görünür ki, İddiaçı (T59.7) karbon iki-oksidin toksik təsiri diaqnozu qoyulmuşdur. “X5” tərəfindən verilmiş İddiaçı epikriz məlumatlarından görünür ki, İddiaçı (T58) dəm qazının toksik təsiri diaqnozu qoyulmuşdur. “X5” tərəfindən verilmiş 1523/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2024-cü il tarixdə “X5”nın X18 Bölməsinə gətirilmişdir. Aparılan müayinələr nəticəsində xəstəyə “dəm qazının toksik təsiri” diaqnozu təyin edilərək Reanimasiya bölməsində intensiv stasionar müalicə edilmişdir. “X5” tərəfindən verilmiş 1524/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək “dəm qazının toksik təsiri” diaqnozu əsasında “X5”nın Təcili Reanimasiya bölməsində intensiv stasionar müalicə olmuşdur. “X5” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli göstərilən xidmətlərə dair qəbzdən görünür ki, İddiaçı göstərilən xidmətlərin məbləği 499,22 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən X2 487,00 AZN ödəniş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1481/2023 nömrəli 20 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 nömrəli qətnaməsi qismən İddiaçı cavabdehlər X9, Cavabdeh, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli, 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissənin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli, 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh onu evə qoymaması, həmçinin ona məxsus qızdırıcını, verməməsi nəticəsində dəm qazından zəhərləndiyini, buna görə xərclər çəkdiyini əsas gətirərək maddi və mənəvi zərər tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”mn müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iddia tələbinin dəlillərini işin faktiki halları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, İddiaçı Cavabdeh onu evə qoymaması nəticəsində çöllərdə, evsiz qaldığını, ona məxsus qızdırıcını vermədiyi üçün qazdan istifadə edərək dəm qazından zəhərləndiyini qeyd etsə də, Cavabdeh təqsiri, habelə hərəkət və ya hərəkətsizliyi ucbatından iddiaçının sağlamlığının pozulması, iddiaçının səhhətinə hər hansı formada ziyan dəyməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı dəm qazından zəhərlənməsi xüsusatı ilə bağlı polis orqanında müvafiq araşdırma aparılmış və cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı səhhətində problemlər yaranması Cavabdeh təqsiri, habelə hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermədiyindən, başqa sözlə, Cavabdeh tərəfindən İddiaçı maddi zərər vurulmadığından, iddiaçının həkim qəbullarında olmasına, müayinələrdən keçməsinə, analizlər verməsinə görə iztirab və sarsıntı keçirməsinin də səbəbkarı da Cavabdeh deyildir və iddiaçının məhz buna görə də cavabdehdən mənəvi zərər tələb etməsi də əsassızdır. Odur ki, iddia tələbi mənəvi zərərə aid hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar