Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2983/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində cavabdehlərin hər birindən 1.000 manat, cəmi 3.000 manat, iddia ərizəsinin tərtib olunmasına sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, 29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində öz namizədliyini irəli sürmüş, dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli, 46/206 nömrəli qərarı ilə Gəncə şəhəri, 41 saylı Gəncə Gəncə-Samux-Goranboy seçki dairəsində namizədliyi qeydə alınmışdır. Seçki təbliğatı zamanı digər namizədlər kimi onun da şəkilləri seçki məntəqələrindən asılmışdır. Lakin seçki ərəfəsində heç bir əsas olmadan 13 saylı və 29 saylı orta məktəbin seçki sədrləri olan cavabdehlər tərəfindən onun şəkili namizədlərin şəkilləri olan löhvədən cırılıb atılmışdır. O, bu barədə Mərkəzi Seçki Komissiyasına, Gəncə şəhər Prokurorluğuna və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bu zaman cavabdehlər özləri də onun şəkilini namizədlər siyahasından çıxardıqları etiraf etmişdirlər. O, öz maddi imkanları çərçivəsində seçki təbliğatına qoşulmuş, şəkillərini çoxaldaraq löhvələrdən seçicilərin onu tanımaları üçün asmışdır. Lakin cavabdehlərin heç bir əsas olmadan onun şəkilini seçki namizədlərinin siyahısından götürmələri ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Onun şəkilini görməyən və onu tanımayan seçicilər ona səs verməmiş, bununla əlaqədar o, seçkilərdə uduzmuşdur. Bundan başqa, şəklinin təbliğat lövhəsindən əsassız yerə çıxarılması ona mənəvi iztirab vermiş, əsəb gərginliyi yaşamasına gətirib çıxarmışdır. Onun iddia tələbinin əsası kimi istinad etdiyi təbliğat lövhəsindən cırılmış şəkillərin onun özünün təsviri olan hissəsi cırılmamış, onun təsvirinin üzərində hər hansı qaralama aparılmamış və şəkil buruşdurulmamış, yəni hörmətsizlik və qərəz ifadə edən tərzdə əzişdirilməmişdir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, 40 saylı Gəncə 3-cü seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri vəzifəsini uzun müddət ərzində icra etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınmış İddiaçı əvvəllər tanımamışdır. 3 saylı seçki məntəqəsinin inzibati binası Gəncə şəhəri 13 nömrəli tam orta məktəbin binasıdır. Həmin məktəbin həyətyanı sahəsində namizədlərin seçki qabağı təbliğata dair çap materiallarını asmaq üçün ümumilikdə üç löhvə quraşdırılmışdır. Məktəbin həyətyanı sahəsinin girişindən solda olan löhvə 3 saylı, sağda olan 2 saylı, habelə məktəbin inzibati binasının sağ tərəfində olan löhvə isə 30 saylı seçki məntəqəsinə məxsus olmuşdur. Təxminən xx.xx.2025-ci il tarixdə axşam saatlarında məktəbin həyətyanı sahəsində olan löhvədən bəzi namizədlərin şəkillərinin qoparıldığı bildirilmişdir. xx.xx.2025-ci il tarixdə o, həmin məktəbə gedən zaman bələdiyyə seçkilərində namizəd İddiaçı şəkillərinin löhvədə olmadığını və löhvənin yaxınlığında yerə düşdüyünü görmüşdür. O, bu hadisənin təbii yolla, yəni küləyin təsiri ilə və ya kənar təsir nəticəsində baş verdiyini aşkar edə bilməsə də, həmin şəkilləri seçki məntəqəsinin üzvləri ilə bərpa edərək yenidən löhvələrə asmışdır. Daha sonra isə İddiaçı ilə əlaqə saxlayaraq ona məxsus şəkillərin bərpa edilərək yenidən löhvələrə yerləşdirildiyini bildirsə də, İddiaçı bununla razılaşmamış, şəkillərinin yararsız olduğunu, elə buna görə də şikayət edəcəyini bildirmişdir. Halbuki, şəkillər yararsız vəziyyətdə olmamış, yalız təbliğat lövhəsinə yapışdırılmış hissəsi kiçik formada deformasiya olmuş və hissə bərpa olunmuşdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi təbliğat lövhəsindən cırılmış şəkillərin həmin şəxsin özünün təsviri olan hissəsi cırılmamış, onun təsvirinin üzərində hər hansı qaralama aparılmamış və şəkil buruşdurulmamış, yəni hörmətsizlik və qərəz ifadə edən tərzdə əzişdirilməmişdir. Bundan başqa, digər namizəd olan Nailə adlı xanımın da şəkili löhvədən qopmuşdur. Bu isə həmin ərazi küləkli olduğundan və şəkillər löhvələrə yaxşı bərkidilmədiyindən şəkillərin qopduğunu göstərir. O, İddiaçı tanımır və ona qarşı hər hansı qərəzli mövqedə olmasından söhbət gedə bilməz. Sonda Cavabdeh1 iddianın əsassız olduğunu və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2021-ci ildən etibarən 39 saylı Gəncə 2-ci seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri vəzifəsini icra edir. xx.xx.2025-ci il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınmış İddiaçı əvəllər tanımamışdır. 24 saylı seçki məntəqəsi Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin inzibati binasında yerləşir. Həmin binada 24 saylı seçki məntəqəsindən başqa 25 saylı və 31 saylı seçki məntəqələri də yerləşir. Təxminən xx.xx.2025-ci il tarixdə 29 nömrəli məktəbin həyətyanı sahəsinin giriş qapısından sağda olan löhvədə bələdiyyə seçkilərinə namizəd olan İddiaçı şəklinin olduğunu görmüşdür. Həmin şəklin üzərində «41 saylı seçki dairəsi» yazıldığından o, həmin şəklin səhvən löhvəyə asıldığını, löhvənin 39 saylı seçki dairəsinə aid olduğunu düşünmüşdür. Bu səbəbdən də dəqiqləşdirmə aparmaq məqsədi ilə löhvəyə metal tutucular və yapışdırıcı ilə bərkidilmiş İddiaçı məxsus şəkli səliqəli qaydada çıxararaq, sədri olduğu məntəqənin otağına aparmış və dəqiqləşdirmə aparmışdır. Bu zaman İddiaçı məntəqəyə gələrək səsküy salmış, o isə yanlışlıqla şəkli çıxardığını, hazırda bərpa edəcəyini bildirmişdir. O, həmin şəkli bərpa edərək təxminən saat 10:00 radələrində yenidən löhvəyə asmış, qəsdən və ya bilərəkdən həmin şəkli çıxarmamış və şəkilə hər hansı zədə vurmamışdır. Sonda Cavabdeh2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2022-ci ildən etibarən 39 saylı Gəncə 2-ci seçki dairəsinin 31 saylı seçki məntəqəsinin sədri vəzifəsini icra edir. xx.xx.2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərinə namizdən olan İddiaçı tanımır və əvvəlllər görməmişdir. 31 saylı seçki məntəqəsinin inzibati binası Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin binasıdır. Həmin binada 31 saylı seçki məntəqəsindən başqa 24 saylı və 25 saylı seçki məntəqələri yerləşir. Həmin məktəbin həyətyanı sahəsində namizədlərin seçkiqabağı təbliağata dair çap materiallarını asmaq üçün ümumilikdə 3 löhvə quraşdırılmışdır. Təxminən xx.xx.2025-ci il tarixdə səhər saatlarında 24 saylı seçki məntəqəsinin sədri Cavabdeh2 məktəbin həyətyanı sahəsinin giriş qapısından solda, sayca birinci löhvədə bələdiyyə seçkilərinə namizəd olan İddiaçı şəkilini çıxararaq öz məntəqəsinə gətirmişdir. Həmin hal seçki dairəsindən həmin namizədin təbliğat materiallarını seçki məntəqəsinin löhvəsində asmaq üçün icazəsinin olub-olmamasını dəqiqləşdirməklə əlaqədar olmuşdur. Cavabdeh2 həmin gün seçki dairəsi ilə dəqiqləşdirmə apardıqdan sonra İddiaçı şəklini yerinə asmaqla bərpa etmişdir. Həmin gün saat 09:52-də o, İddiaçıla əlaqə saxlayaraq bu barədə məlumat vermiş və İddiaçı isə şəkili zədələndiyindən şikayət edəcəyini bildirmişdir. Onun İddiaçı qarşı hər hansı qərəzli münasibəti olmamış, İddiaçı şəklində isə hər hansı zədə olmamışdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi təbliğat lövhəsindən cırılmış şəkillərin həmin şəxsin özünün təsviri olan hissəsi cırılmamış, onun təsvirinin üzərində hər hansı qaralama aparılmamış və şəkil buruşdurulmamış, yəni hörmətsizlik və qərəz ifadə edən tərzdə əzişdirilməmişdir. Sonda Cavabdeh3 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində İddiaçı vəkili olmuşdur. Həmin seçkilərdən təxminən 5-7 gün əvvəl İddiaçıla seçki məntəqələrinə gedərkən 13 və 29 nömrəli məntəqələrdə olan təbliğat löhvələrindən İddiaçı şəkillərinin qoparıldığını görmüşdür. O, həmin şəkillərin sonradan yerlərinə bərpa edilməsini görməmişdir. R.M.Tağızadə ilə görüşərkən yanlışlıq olduğunu İddiaçı dediyini eşitmişdir. O, həmin şəkillərin cırılmasını görməmişdir. Lakin o, 29 nömrəli seçki məntəqəsində səslər barədə sənəd istəmiş, lakin təqdim olunmadığından bununla bağlı mübahisə yaranmışdır. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində İddiaçı vəkili olmuşdur. Həmin seçkidən 5-10 gün əvvəl təbliğat löhvələrinə baxış keçirərəkən, o, İddiaçı fotolarının qoparıldığını görmüşdür. Bundan sonra onlar 13 və 29 nömrəli məntəqə seçki komissiyalarının sədrləri ilə əlaqə saxlamışlar. Məntəqə seçki komissiyasının sədrləri özləri qoparılmış şəkilləri bərpa edəcəklərini bildirmişlər. Qeyd olunan hadisədən 2-3 gün sonra fotolara baxarkən, o, qoparılmış şəkillərin təbliğat lövhələrində öz yerlərində olduqlarını görümüşdür. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi təbliğat lövhəsindən cırılmış şəkillərin həmin şəxsin özünün təsviri olan hissəsi cırılmamış, onun təsvirinin üzərində hər hansı qaralama aparılmamış və şəkil buruşdurulmamış, yəni hörmətsizlik və qərəz ifadə edən tərzdə əzişdirilməmişdir. Həmin şəkillərin yalnız löhvəyə bərkidilmiş hissələri qopmuş vəziyyətdə olmuş, əvvəlki bərkidilən, yəni sancaq vurulan hissələri cırılmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində o, İddiaçı vəkili olmuşdur. İddiaçı bələdiyyə seçkilərindən 3-4 gün öncə ona şəkilinin təbliğat löhvələrindən götürüldüyünü demişdir. Onlar birinci dəfə gedəndə də həqiqətən şəkillərin orada olmadığını görmüşlər. Daha sonra ikinci dəfə gedərkən şəkillərin yerinə bərpa olunduğunu görmüşlər. 13 və 29 nömrəli orta məktəblərdə yerləşən seçki məntəqələrində fotolar az əzilmiş, İddiaçı fotoda olan əksi zədəli olmamış, fotonun löhvəyə yapışdırılmış hissələrində sancaqların fərqli yerdən vurulduğu aşkar görünmüşdür. Foto olmayanda cavabdehlərlə görüşməmişdir. 29 nömrəli ortaməktəbdə 1 nəfər uşağın şəkli qopardığını bildirmişlər. Qeyd olunan məntəqələrinin sədrləri şəkilləri bərpa edərək təbliğat lövhəsindəki yerinə yapışdırmışlar. Daha sonra İddiaçı özü köhnə fotoları qoparıb, yerinə yenisini yapışdırmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 01 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində bələdiyyə namizədliyini irəli sürmüşdür. İş materiallarında olan Mərkəzi Seçki Komissiyasının İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli, 3-11/2-Q-xx-xx/2025 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 2025-ci ilin yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları Mərkəzi Seçki Komissiyasının xx.xx.2025-ci il tarixli 12/64 saylı qərarı ilə təsdiq edilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57-4/2-448/2025 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə DİN-in «102-zəng mərkəzi» xidmətinə etdiyi müraciətdə göstərilən xüsusatlara dair heç bir cinayət və ya inzibati xəta tərkibi aşkar olunmadığı üçün müraciət əsasında toplanmış material 4-cü Polis Bölməsinin dəftərxanasında işə alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Prokrorluğunun xx.xx.2025-ci il tarixli, 2-2- 415/2-105315/2025 nömrəli məktubundan görünür ki, İddiaçı namizəd olduğu dövrdə Gəncə şəhərində yerləşən seçki məntəqlərində qanunsuzluqlara məruz qalması barədə müraciəti əsasında Gəncə şəhər prokurorluğunda toplanmış material baxılıb qanunamüvafiq tədbir görülməsi üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərilmişdir. İşdə olan 31 saylı seçki məntəqəsinin sədri Cavabdeh3, 24 saylı seçki məntəqəsinin sədri Cavabdeh2 və 25 saylı seçki məntəqəsinin sədri X3 tərəfindən tərtib olunmuş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bələdiyyə seçkiləri ilə əlaqədar məkəbin ərazisində olan təşviqat-təbliğat löhvəsində namizəd İddiaçı məxsus şəkilə heç bir xələl yetirilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş flash kartlarda olan xx.xx.2025-ci il tarixli, 181353 nömrəli 1 dəqiqə 37 saniyəlik audio-video qeyddən görünür ki, videogörüntüdə 13 nömrəli məktəbin görüntüsü əks olunmuş, təbliğat löhvəsində şəkillərin olmadığı görünür. Şəkillərin cırıldığı bildirilir. xx.xx.2025-ci il tarixli, 092015 nömrəli 58 saniyəlik audio-video qeyddən görünür ki, asfalt örtük əks olunmuş, videoda üzü əks olunmayan şəxslərin söhbəti eşidilir. Mühafizəçi kimi müraciət edilən şəxsdən fotoların nə səbəbə qoparılıb, yenidən yapışdırılması bildirilir. Mühafizəçi isə bilmədiyini qeyd edir. xx.xx.2025-ci il tarixli, 151357 nömrəli 1 dəqiqə 12 saniyəlik audio-video qeyddən görünür ki, 29 nömrəli orta məktəbə prokurorluğun nümayəndəsinin yerində baxışını çəkir. Fotolar yerində görünür. xx.xx.2025-ci il tarixli, 153944 nömrəli 47 saniyəlik audio-video qeyddən görünür ki, 13 nömrəli orta məktəbə prokurorluğun nümayəndəsinin yerində baxışını çəkir. Fotolar yerində görünür. xx.xx.2025-ci il tarixli, 154307 nömrəli 1 dəqiqə 16 saniyəlik audio-video qeyddən görünür ki, 13 nömrəli orta məktəbdə İddiaçı fotoların qoparılmasından, cinayət məsuliyyətindən və prokurorluğun məsələni araşdırmasından danışır. Fotolar yerində görünür. xx.xx.2025-ci il tarixli, ********* nömrəli 1 dəqiqə 05 saniyəlik videodan görünür ki, İddiaçı özünün təbliğat löhvələrini çəkir, qoparılıb yerində bərkidilmiş fotoları göstərir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli 1 dəqiqə 09 saniyəlik audio-video qeyddən görünür ki, 29 nömrəli orta məktəbin görüntüsü çəkilir. Fotoların qoparılıb, yenidən yapışdırıldığı bildirilir. Otaqlar çəkilir, kamera otaqlarını videoda əks etdirir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli 37 saniyəlik audio-video qeyddən görünür ki, döşəmə çəkilir. Şəkillərin kimin qoparması soruşulur. Üzü görünməyən xanımın ayaqları düşür, xanım kameranı söndürməsini xahiş edir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli 3 dəqiqə 19 saniyəlik audio-video qeyddən görünür ki, videonun 27-ci saniyəsinə qədər musiqi səsləri eşidilir. Xanım səsində qeyd edir ki, «biz çıxardıq şəkili. Daha sonra səhv olduğunu aydınlaşdırdıqdan sonra yenidən yapışdırdıq». Xanımın adı Cavabdeh2 kimi qeyd olunmuşdur. Şəklin cırılmadığını, yenidən yerinə yapışdırılacağını bildirmişdir. Şəkilin yerinə yapışdırılacağını, 10 dəqiqə sonra yenidən yaxışlaşdıqda şəkili hazır yerində görəcəklərini bildirmişdir. İddiaçı isə «şəklim cırılıb, bütün Gəncə sakinləri bunların iç üzünü görsünlər şəklim yoxdur, cırıblar» sözlərini demişdir. 13 adlandırılan 2 dəqiqə 27 saniyəlik audio-video qeyddən görünür ki, Cavabdeh1 bildirmişdir ki, «bizim uşaqlar olublar, çıxarıblar, üzrlü sayın, şəkil cırılmayıb, yeni şəkil göndərin yapışdıraq, xahiş edirən göndərin yapışdıraq. Mən ödəyəcəm siz göndərin, mən özüm yapışdıracam, siz əziyyət çəkməyin». İddiaçı isə bildirmişdir ki, «pulum yoxdur, özünüz yapışdırın, sabah jurnalistləri ora tökəcəm». 29 adlandırılan 46 saniyəli audio-video qeyddən görünür ki, 29 nömrəli məktəbdən 31 nömrəli məntəqə sədri Saidə Tağızadə bildirmişdir ki, «Sevinc xanımın məlumatı olmayıb, araşdırmaq üçün şəkli çıxarıb. Şəkil cırılmayıb, zədələnməyib. Gəlin danışaq. Biz sizdən çox üzr istəyirik». 40 adlandırılan 4 dəqiqə 29 saniyəlik audio-video qeyddən görünür ki, 40 saylı seçki dairəsinin sədri Elvar Əhmədov bildirmişdir ki, «şəkli kimi qoparıbsa belə bu ümumi səhv deyildir. Siz göndərin biz yapışdıraq». Cavadeh Cavabdeh3 təqdim etdiyi video qeydiyyatdan görünür ki, 29 nömrəli orta məktəbin həyətində olan təbliğat löhvəsindən İddiaçı şəklini təbliğat lövhəsindən çıxarıb, yenidən yapışdırması əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəlllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) əlaqədar məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı iddia tələbinin əsası kimi 39 saylı Gəncə 2-ci seçki dairəsinin 31 saylı, 24 saylı və 40 saylı Gəncə 3-cü seçki dairəsinin 3 saylı seçki məntəqələrinin ərazisindəki namizədlərin təbliğat lövhələrində ona məxsus təbliğat materiallarının cırılmasına istinad etmişdir. Bununla əlaqədar İddiaçı müraciəti əsasında Gəncə şəhər prokurorluğunda aparılmış 141-Ş-25 nömrəli materialda xx.xx.2025-ci il tarixli «baxış keçirilməsi haqqında» protokollara əlavə edilmiş şəkillər tədqiq edilmiş, həmin şəkillərdəki təsvirlərdə İddiaçı məxsus təbliğat materiallarının cırılması, kəsilməsi, İddiaçı təsviri üzərində qaralamaların aparılması, həmin materialın buruşdurulması, yaxud fotodakı şəxsin şəxsiyyətini alçaldan, qərəzli formada əzilməsi müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş audio-video qeydlərdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçıla nəzakətlə davrandıqları, təbliğat materialının bilərəkdən, qəsdən və qərəzli olaraq qoparılmadığını dəfələrlə təkrarladıqları, onun lövhədə olmamasına görə dəfələrlə üzrxahlıq etdikləri və hətta təbliğat materialını şəxsən lövhədəki yerinə yapışdıracaqlarını dedikləri görünür. Həmçinin məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X2, X1 və X7 ifadələrində təbliğat materialının lövhədəki yerində olmamasında qəsd və qərəzlilik halını, eləcə həmin materiallara qarşı təhqiramiz davranış tərzini görmədiklərini bildirmişlər. Qeyd olunanlardan göründüyü kimi İddiaçı məxsus təbliğat materialarının 39 saylı Gəncə 2-ci seçki dairəsinin 31 saylı, 24 saylı və 40 saylı Gəncə 3-cü seçki dairəsinin 3 saylı seçki məntəqələrinin ərazisindəki namizədlərin təbliğat lövhələrində yerləşdirildiyi yerdə olmaması Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qəsdlə əhatə olunan qərəzli və təqsirli hərəkətləri ilə bağlı olmamış, təbliğat materialının lövhədə olmaması İddiaçı şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olacaq davranış tərzi ilə müşayət olunmamışdır. Digər tərəfdən İddiaçı təbliğat materialının lövhədə olmamasına görə maddi və mənəvi zərərə məruz qalmasına dair sübutları, eləcə də iztirab keçirməsini və qeyd olunanlarla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasını, habelə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2983/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2983/2025
01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver