Məhkəmə qərarları › İş №2(125)-300/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-300/2023

06.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-300/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, cavabdeh və eyni zamanda digər Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «əmlakın naturada bölünməsi, ayrı-ayrılıqda mülkiyyət hüququ verilməklə, ayrıca giriş-çıxış yolunun açılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Şahsevənlər küçəsi ev 108-də yerləşən X2 onlara miras qalan və 4 nəfər vərəsənin ümumi paylı mülkiyyətçisi olan evin naturada bölünməsi və eyni zamanda evin, yəni əmlakın, ayrıca giriş-çıxış yolunun mümkün olması səbəbi ilə ona və Cavabdeh4 ayrıca giriş çıxış yolunun ayrılması, ona miras düşən payın ayrılması və ayrı ayrılıqda mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda doğulmuşdur. Qeyd edilən ünvan 2 evdən ibarətdir və evin bir hissəsində o, digər hissəsində isə qardaşının ailəsi yaşayırlar və həmin hissədə də onlar, mirası qəbul etmişlər və ümumilikdə əmlak 4 nəfər mülkiyyətçinin adınadır. Cavabdeh4 qardaşı X1 arvadıdır. Hətta hər iki evin ayrıca girişi-çıxışı da var və hər kəs öz istədiyi öz əmlakına uyğun olaraq, hərəkət edir. Lakin cavabdeh ona təzyiq edir və giriş-çıxış yolunu bağlamaq istəyir və onu övladı olmadığına görə yaşayış sahəsindən və miras əmlakdan çıxarmaq istəyir. Yəni getgedə təzyiq etməklə əmlakı qanunsuz şəkildə ələ keçirmək istəyir. O, cavabdehlə və ailə üzvləri ilə bu mübahisəni məhkəmədən kənar pretenziya yolu ilə həll edə bilməmişdir. Çünki cavabdehin məqsədi bütün miras əmlakı qanunsuz şəkildə ələ keçirmək və zəbt etməkdir. Ona görə də məhkəmədə ümumi paylı mülkiyyətin bölünməsi və ayrıca girişçıxış yolunun açılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyib, payların naturada bölünməsinin mümkün olmadığını göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili Vəkil2 cavabdehlə eyni məzmunda çıxış edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş:- xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 108 nömrəli fərdi aşayış evi paylı mülkiyyət hüququ üzrə 2/8 hissədə Cavabdeh2, 2/8 hissədə Cavabdeh3, 2/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1, 1/8 hissədə Cavabdeh4 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 10/1344 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,9 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının «İnşaat Norma və Qaydaları» 2.08.01.89un 1.1, 2.1, 2.2, 2.4, və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının iddia etdiyi mənzil tərəflərin paylı mülkiyyətində olsa da, paylarına uyğun şəkildə naturada ayrılması inşaat norma və qaydalarının tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi və giriş-çıxış yolunun ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı payların naturada bölünməsi və giriş-çıxış yolunun ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar