Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3068/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2446 nömrəli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onunla Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-278753/23 nömrəli kredit müqaviləsinə əsasən ona 15.000 manat məbləğində kredit verilmişdir. Lakin heç bir əsas olmadan və ona heç bir məlumat verilmədən Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2446 nömrəli icra qeydi çıxarılmışdır. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2446 nömrəli icra qeydinə əsasən cəmi 14.794 manat 70 qəpik məbləğində pul vəsaiti ondan, zaminlər atası X2 və iş yoldaşı X1 alınaraq Cavabdeh2 ASC-yə ödənilməlidir. Həmin icra qeydi üzrə tutuma onunla yanaşı kredit müqaviləsi üzrə zamin olan iş yoldaşının əmək haqqına da yönəldilmişdir. İlk dəfə 2024-cü ilin noyabr ayında əmək haqqına tutuma yönəldildikdən sonra, yəni əmək haqqından 530 manat məbləğində pul vəsaiti çıxıldıqdan sonra ona məlum olmuşdur ki, barəsində icra qeydi çıxarılmışdır. Bununla bağlı tələbkar Cavabdeh2 ASC-yə yaxınlaşmış, razılıq əldə etmək məqsədi ilə qızıl-zinət əşyalarını lombard şirkətinə girov qoyaraq pul əldə etsə də heç bir razılıq əldə olunmamışdır. Daha sonra bununla bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 1884/2025 nömrəli qərardadına əsasən forma və məzmuna uyğun olmadığı üçün «icra qeydinə etiraz» ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmışdır. Daha sonra isə hərbiçi olduğu üçün və iş çoxluğu ilə əlaqədar yenidən məhkəməyə müraciət etməmiş, təxminən 1-2 ay bundan öncə əmək haqqının artması səbəbi ilə tutmanın da məbləği artmış 570 manat olmuşdur. Buna görə də o, yenidən məhkəməyə müraciət etmişdir. Barəsində tətbiq olunmuş icra qeydi qanunsuzdur, əsassız olaraq yüksək məbləğdə cərimə və faizin tutulması heç də ədalətli deyildir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, İK- 278753/23 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ASC, X4 və X5 arasında xx.xx.2023-cü il tarixli, İK-278753/23 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, İK-278753/23 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 20 % olmaqla cərimə faizi ödəyir. Müqavilə üzrə əsas borcalan və zaminlər öhdəliyi yerinə yetirmədiyindən Cavabdeh2 ASC tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmin bildiriş hazırki iş üzrə borcalan tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən Turanbank ASC tərəfindən iş üzrə icra qeydinin verilməsi üçün aidiyyəti notariat orqanına müraciət olunmuş və borclu İddiaçı barəsində Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 8İ- 2446 nömrəli icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən İddiaçı, X4 və X2 ümumilikdə 14.794 manat 70 qəpik məbləğində pulun tutulması tələb olunmuşdur. Göründüyü kimi tələbkar Cavabdeh2 ASC tərəfindən qanunun tələblərinə riayət olunmuş və borclu barəsində Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən əsaslı və qanunamüvafiq icra qeydi verilmişdir. Sonda Cavabdeh2 ASC-nin nümayəndəsi X7 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan ərizəsində cavabdeh Gəncə şəhəri 2 saylı notariat ofisinin notariusu məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və Cavabdeh2 ASC-nin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2446 reyestr nömrəli icra qeydindən görünür ki, İK-278753/23 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 12.125 manat 41 qəpik, cərimə qismində 2.644 manat 29 qəpik, ödənilmiş rüsumun əvəzi qismində 25 manat, cəmi 14.794 manat 70 qəpik məbləğində pul vəsaiti İddiaçı, X1 və X2 Cavabdeh2 ASC-nin xeyrinə tutulmalıdır. İşə əlavə edilmiş «icra qeydinə etiraz ərizəsinin» surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə «icra qeydinə etiraz ərizəsi» ilə müraciət etmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1884/2025 nömrəli qərardadından görünür ki, İddiaçı «icra qeydinə etiraz» ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin qanunun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Bundan başqa «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarından görünür ki, qanunverici orqan tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2446 nömrəli icra qeydindən 2024-cü ilin noyabr ayında ilk dəfə onun əmək haqqından tutulma aparılarkən xəbərdar olmuş, lakin bundan 5 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2025-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı həmin icra qeydi barədə məlumat aldığı andan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququna malik olmuşdur. Bununla yanaşı İddiaçı həmin müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmiş, qeyd olunan müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə heç bir səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3068/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3068/2025
11.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver