Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3263/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkil) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın bağışlama müqaviləsinin (reyestr 4Ə-83 nömrəli qeydiyyat) ləğv olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən oğlu Cavabdeh adına rəsmiləşdirilmiş ünvan 3-da yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, **********93-10301 reyestr nömrəli fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız olması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Qızıl Hacılı küçəsində tam mülkiyyəti özünə məxsus 67,6 kvadratmetr sahədən ibarət fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Lakin, onun həmin ünvana qeydiyyatı olmadığından satılacaq əmlak vergisinə cəlb olunmalı idi. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, vəfat edənədək onun müalicəsi, dəfni, üstünün götürülməsi və s. xərclər ödəmək məqəsdilə mübahisəli evi satmaq qərarına gəlmişdir. Oğlu Rafiq isə həmin ünvanda qeydiyyatda olduğundan ev satılan zaman vergiyə cəlb olunmasın deyə o, evi oğluna hədiyyə etmiş və qərara almışdır ki, ev Rafiqin adına keçəndən sonra satışa çıxaraq, satışdan əldə olunan vəsaitin bir qismi lazımi məsrəflərin qarşılanmasına, yerdə qalan məbləğ isə digər övladlarının arasında (6 övladı var) bölünsün. Ona görə də ona məxsus ƏMDX-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 67,6 kvadratmetr fərdi yaşayış evini 27 yanvar 2023-cü il tarixdə oğlu Cavabdeh hədiyyə etmişdir. Bağışlama (hədiyyə etmə) haqqında müqavilə Gəncə şəhəri 6 saylı notariat ofisində reyestr 4Ə-83 nömrəli qeydiyyatdan keçərək informasiya sisteminə daxil edilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən Cavabdeh adına **********93- 10301 reyestr nömrəli çıxarış alınmışdır. Çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2023-cü ildir. Sənədləşmə ilə bağlı bütün xərcləri özü çəkmişdir. Sənədləşmə işləri Rafiqin adına rəsmiləşdirilib bitəndən sonra oğlu razılığı pozaraq evi satmaq istəmir. Evin ona məxsus olduğunu, oradan heç kimə pay verməyəcəyini açıqca bildirir. Yaşlı adamdır, 88 yaşı vardır. Kimlərəsə borclu qalmaq istəmir. Nə də ki, övladlarının birini digərindən fərqləndirmək fikri yoxdur. Övladlarının hər birinin ayrılıqda özlərinə məxsus fərdi evləri vardır, ondan ayrı yaşayırlar. O da ayrıca tək yaşayır. Oğlu Rafiqin hərəkəti onu çox pərt etmiş və fərdi evini ona hədiyyə etdiyindən peşman olmuşdur. Ona görə də Daşınmaz əmlakın bağışlanması müqaviləsinin (Reyestr 4Ə-83 nömrəli qeydiyyat) ləğv olunmasını istəyir. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, uzun müddətdir ki, həmin ünvanda yaşayır. Mübahisəli fərdi yaşayış evi notarial qaydada bağışla müqaviləsi əsasında atası tərəfindən heç bir şərt olmadan ona bağışlanmış və hazırda onun mülkiyyətindədir. Hətta atası İddiaçı bir neçə il öncə ünvan 2 ünvanında yerləşən evi ona bağışlayacağı ilə bağlı vəd də vermiş və nəhayət evi ona bağışlamışdır. Qeyd etmək istəyir ki, atası olan İddiaçı özünün evi vardır. Anası öləndən sonra atası ayrı bir qadınla münasibət qurmuş və həmin şəxslə evlənmək niyyətindədir. Həmin qadın ona bağışlanan evi ələ keçirmək niyyətindədir. Atası evi satıb pulunu həmin qadına yedizdirmək fikri var. O isə heç cürə buna razı ola bilməz. Ümumiyyətlə atası İddiaçı mülkiyyətində olan evi satan zaman vergidən yayınmaq məqsədilə ona ev bağışlaması ilə bağlı iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil və bu bağışlama müqaviləsini ləğv etmək üçün onun tərəfindən uydurulan bir ideyadır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X2 Cavabdeh ilə eyni məzmunlu izahat verərək bağışlama müqaviləsinin ləğvi üçün qanunda nəzərdə tutulan əsaslar olmadığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 27 yanvar 2023-cü il tarixli, 4Ə-83 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 67,6 kvadratmetr olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi istifadədə olan 0,0121 ha torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsini (hissələri) hədiyyə alanın mülkiyyətinə verir(lər): Hədiyyə verən İddiaçı (tam hissə, ümumi sahəsi 67,6 kv/m olan fərdi yaşayış evini) – oğlu olan Hədiyyə alan Cavabdeh bağışlamışdır. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə İddiaçı verilmiş **********93- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 67,6 kvadratmetr. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişlər. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********OY74102 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10 fevral 2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı tam pay olmaqla Cavabdeh ğğlunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh doğma atasıdır. İddiaçı ünvan 3 ünvanını oğlu Cavabdeh 27 yanvar 2023-cü il tarixli, 4Ə-83 reyestr nömrəli bağışlama müqaviləsi əsasənda hədiyyə etmiş-bağışlamışdır. Cavabdeh sözügedən bağışlama müqaviləsi əsasında **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10 fevral 2023-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda İddiaçı cavabdeh olan oğlu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq daşınmaz əmlakın bağışlama müqaviləsinin (reyestr 4Ə-83 nömrəli qeydiyyat) ləğv olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına rəsmiləşdirilmiş ünvan 3-da yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, **********93-10301 reyestr nömrəli fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız olması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, lakin tələbinin əsasını təşkil edən istinad etdiyi hallar barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının hazırki tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, əqdin etibarsızlığı ilə əqdin ləğvi hüquqi təbiətinə və yaratdğı nəticə baxımından başqa başqa anlayışlardır. Lakin hazırki iş üzrə iddiaçı qeyd edilən bağışlama müqaviləsini mübahisələndirərkən əqdin etibarsızlığı ilə bağlı halları qeyd etmiş, lakin sonda həmin müqavilənin etibarsızlığını deyil, ləğvini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi müqavilənin iddianın obyektində ləğvini xahiş etsə də, tələbinin əsil mahiyyəti və məğzi onun etibarsızlığı ilə bağlı olmuşdur. Bu səbəbdən məhkəmə hazırki iddiaya qiymət verərkən iddianın obyekti olan bağışlama müqaviləsinin ləğvinə əsas olan halları yoxlamaqla yanaşı əqdin etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin tələblərini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərinə sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının qanunun: 2.1-ci maddəsinə əasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, sözügedən bağışlama müqaviləsi qanunun tələblərinə müvafiq olaraq bağlanmış və hədiyyə alan tərəfindən hədiyyə qəbul edilmişdir. Başqa sözlə mübahisələndirilən bağışlama müqaviləsinin ləğv olunması, eləcə də onun etibarsızlığına səbəb olan hallar məhkəmə iclasında müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla. tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutulan əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı əslində mübahisəli fərdi yaşayış evinin satılması və satılan zaman vergiyə cəlb olunmasının qarşısını almaq məqsədi ilə cavabdeh olan oğlu Cavabdeh bağışladığını, görüntü məqsədi ilə sözügedən bağışlama müqaviləsini bağladıqlarını və həmin bağışlama müqaviləsinin görüntüdə bağladıqları həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün bağladıqları müqavilə olduğunu bildirsə də bu hallara dair məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmadığından iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatları sadalanan qanunvericiliyin tələbləri baxımından məhkəmə əsaslı hesab etmir. Məhkəmə həm də qeyd etməyi lazım bilir ki, iddiaçının əsas tələbi olan bağışlama müqaviləsinin ləğv olunması barədə xahişi əsassız olduğundan onun mübahisələndirilən çıxarışın da etibarsız hesab olunması barədə tələbi də əsassız sayılmalıdır. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə görə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanmasına dair 27 yanvar 2023-cü il tarixli, 4Ə-83 reyestr nömrəli müqavilənin ləğv olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına rəsmiləşdirilmiş ünvan 3-da yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, **********93-10301 reyestr nömrəli fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız hesab olması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq məqsədilə hökumət ödəniş portalına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanmasına dair 27 yanvar 2023-cü il tarixli, 4Ə-83 reyestr nömrəli müqavilənin ləğv olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına rəsmiləşdirilmiş ünvan 3-da yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, **********93-10301 reyestr nömrəli fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız hesab olması barədə iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3263/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3263/2023
13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver