Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-329/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin qeydiyyatda olduğu evə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvana olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi ünvanında yerləşən 98 nömrəli fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh2 qardaşının keçmiş həyat yoldaşıdır, hazırda onların nikahları pozulmuşdur. Digər Cavabdeh1 qardaşının oğludur. Sözügedən fərdi yaşayış evi ata mülkü olmuşdur. Cavabdeh2 1995-1996-cı illərdə həmin evə gəlin köçmüşdür. Sonradan ev bölünmüş, qardaşına düşən payı vermiş, ayrı-ayrı çıxarışlar əldə etmişdirlər. Əsas ünvan onun payına düşən evin ünvanı olduğuna görə cavabdehlər də onun evində qeydiyyatda qalmışdırlar. Buna görə də cavabdehlərdən özlərinə məxsus evdə qeydiyyata düşmələrini tələb etsə də, cavabdehlər vaxt istəmiş, o isə kifayət qədər vaxt verməsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamışdırlar. Qardaşının iki uşağı olmuşdur. Qızı ailə qurmamışdan əvvəl həmin evdən qeydiyyatdan çıxmış, atasına məxsus ünvanda qeydiyyata düşmüş, ailə qurduqdan sonra isə gəlin köçdüyü evdə qeydiyyata düşmüşdür. Cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşamırlar. Qardaşının oğlu İlkin Moskvada işləyir, keçmiş yoldaşı Cəmilə isə Gəncə şəhərində müəllimə işləyir. Cavabdehlərin qeydiyyatları formal olaraq qaldığından iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə Cavabdeh1 sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 98 ünvanda qeydiyyatdadırlar. AZ-İ 385709 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə Cavabdeh2 nikahları xx.xx.2021-ci il tarixdə Gəncə “ ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində pozulmuşdur. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına rəsmi reyestrdə qeydə alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı iddia etmişdir ki, sözügedən fərdi yaşayış evi ata mülkü olmuş, qardaşının keçmiş həyat yoldaşı olan, hazırki iş üzrə Cavabdeh2 1995-1996-cı illərdə həmin evə gəlin köçmüşdür. Daha sonra paylar müəyyən edilərək öz adına və qardaşının adına ayrı-ayrı çıxarışlar əldə etmişdirlər. Lakin evin ilkin ünvanı onun payına düşən hissə olduğundan qardaşının arvadı və uşaqları formal olaraq həmin ünvanda qeydiyyatda qalmışdırlar. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Mənzil Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları yaransa da, sonradan paylar bölünərkən sonuncular ünvan 3 ünvana köçərək orada yaşamışlar. Cavabdehlərin iddiaçıya məxsus evdə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə onun adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 98 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-329/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-329/2025
14.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver