Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3469/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı “öhdəliyin icrasının gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəmə xərcinə görə 400 manat pul, öhdəliyin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1913,9 manat pul, mənəvi zərərə görə 1000 manat pul və ödənilmiş 53,90 manat dövlət rüsumunun əvəzinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 05 iyun 2023-cü il tarixli qərardadı ilə «400 manat miqdarında məhkəmə xərcinin tutulması» hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bakı şəhəri 41 saylı notariat ofisində Cavabdeh oğluna 15300 manat məbləğində borc vermiş, müqavilənin 1-ci bəndinə əsasən borcalan borcu 03 iyul 2020-ci il tarixində qaytarmalı idi. Lakin cavabdeh borcu qaytarmadığından məcbur qalaraq Gəncə şəhəri 3 notariat ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixli icra qeydi almış, borc məbləği məcburi icra qaydasında borclunun əmək haqqında tutulmaqla xx.xx.2022-ci il tarixdə 7060 manat, daha sonra isə 01 noyabr 2022-ci il tarixdə 3100 manat, 06 dekabr 2022-ci il tarixdə 3100 manat, xx.xx.2023-cü il tarixdə 360 manat olmaqla qaytarılmışdır. Qalan 1700 manat məbləğ isə müxtəlif vaxtlarda qızının kart hesabına köçürülmüşdür. 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Bakı şəhəri 41 saylı notariat ofisində Cavabdeh oğluna 6800 manat məbləğində borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən borcalan borcu 22 oktyabr 2020-ci il tarixində qaytarmalı idi. Lakin cavabdeh borcu qaytarmadığından məcbur qalaraq Gəncə şəhəri 3 notariat ofisinə müraciət edərək 3218 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi almış, borc məbləği məcburi icra qaydasında borclunun əmək haqqında tutulmaqla xx.xx.2022-ci il tarixdə qaytarılmışdır. Konstitusiya Məhkəməsinin qərarındakı mövqedən aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən 5 faiz məbləğ nə vurulmuş zərərdən, nə pul öhdəliklərinin icra edilməsi ilə bağlı məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 449-cu maddəsindən asılı deyildir. Bu isə onu deməyə əsas verir ki, həmin norma icranın gecikdirilməsi nəticəsində vurulmuş zərər və ya öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti üçün sanksiya olmamaqla, borclunun təqsiri ilə bağlı olan halı özündə ehtiva etmir. Həmin norma pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələrini müəyyən edir. Yəni kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmirsə və ya həmin məbləği sübut edə bilmirsə ən azı 5 faiz tələb etmək hüququ var. Qanunun bu norması kreditora onun qarşılaşdığı maliyyə itkisini minimal qaydada kompensasiya etmək imkanı tanıyır. Belə ki, iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 7060 manat pul ödənmiş, borcun ödənilməsi 607 gün gecikdirdiyindən bir günün faizi 1,88 manat olmaqla, 1141,16 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə iddiaçının hesabına 3100 manat pul ödənmiş, borcun ödənilməsi 244 gün gecikdirdiyindən bir günlük faiz 0,908 manat olmaqla, hesablanmış faiz 221,552 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 3100 manat pul ödənilmiş, borcun ödənilməsi 35 gün gecikdirdiyindən bir günlük faiz 0,47 manat olmaqla, hesablanmış faiz 16,45 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 340 manat pul ödənilmiş, borcun ödənilməsi 58 gün gecikdirdiyindən bir günlük faiz 0,047 manat olmaqla, hesablanmış faiz 2,73 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 6800 manat pul ödənilmiş, borcun ödənilməsi 566 gün gecikdirdiyindən bir günlük faiz 0,94 manat olmaqla hesablanmış faiz 532,04 manat təşkil etmişdir. İddia tələbindən də göründüyü kimi cavabdeh borcu ödəməmək üçün hüquqlarından sui-istifadə edir. Buna görə o, dəfələrlə Gəncə şəhərinə İcra Şöbəsinə, müxtəlif dövlət orqanlarına getməli olur, vəkillə müqavilə bağlayır. Bütün bunlara görə xərc çəkir. Xərcdən əlavə bütün proses boyu onun əsəblərim pozulur. Yaxşılıq edib verdiyi pulu geri ala bilmir. Hər dəfə ciddi sarsıntı keçirir, bu da onun səhhətində ciddi fəsadlar törədir. Ona görə də hesab edir ki, cavabdehdən əlavə olaraq mənəvi zərər görə 1000 manat pul tutulmalıdır. Göründüyü kimi cavabdeh öz hüquqlarından sui-istifadə edərək borcu qaytarmamaq üçün müxtəlif yollara əl atır. Nəticədə onun verdiyi pulu almağı üçün müxtəlif tədbirlər görməsi ilə nəticələnir. O, fiziki və mənəvi sarsıntılar keçirir. Yəni, onun fiziki və mənəvi sarsıntılar keçirməsi birbaşa cavabdehin qanunsuz hərəkətlərinin nəticəsidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan mülki işə baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarıılmasını xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərə aşağıdakılar müəyyən edilmişdir: İddiaçı (borcverən) ilə Cavabdeh oğlu (borcalan) arasında bağlanmış, Bakı şəhəri 41 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 3M-489 reyestr nömrəli 03 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 15300 manat məbləğində pulu Mərkəzi bankın xx.xx.2019-cu il tarixli məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalenti ilə 9000 ABŞ dolları məbləğində borc verir və borcalan isə həmin məbləği xx.xx.2020-ci il tarixədək həmin günün, yəni xx.xx.2020-ci il tarixin Mərkəzi bankın məzənnəsinə uyğun olaraq borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı (borcverən) ilə Cavabdeh oğlu (borcalan) arasında bağlanmış, Bakı şəhəri 41 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 3M-1234 reyestr nömrəli 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 4000 ABŞ dolları, Azərbaycan manatı ekvivalenti ilə 6800 manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği xx.xx.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2598/2022 nömrəli 30 iyun 2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh oğlunun cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsinin (vəkili) ərizəsinə əsasən geri qaytarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2950/2022 nömrəli 18 iyul 2022ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh oğlunun cavabdehlər İddiaçı və X2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsinin (vəkili) ərizəsinə əsasən geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 7060 manat, xx.xx.2022-ci il tarixdə 6800 manat, xx.xx.2022-ci il tarixdə 3100 manat və xx.xx.2022-ci il tarixdə 3100 manat pul köçürülmüşdür. 28 may 2020-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı əsas xəstəliyi qeyri-stabil stenokardiya, infarktdan sonrakı kardioskleroz və hipertoniya xəstəliyi İİİ mərhələ diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı diaqnozu post infarkt, kardioskleroz, stenddən sonrakı vəziyyət və xroniki ürək çatmamazlığı İİİ FSdir. Mərkəzi Klinikanın xx.xx.2021-ci il tarixli epikrizindən görünür ki, İddiaçı 2008-ci ildə angioplastika icra olunub. Əsas diaqnozu ÜİX: sol mədəciyin ön divarının miokard infarktı, yarımkəskin mərhələ, xəstəlikləri hipertoniya xəstəliyi, şəkərli diabet. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olan kredit müqavilələri bağlanmış, həmin müqavilələr notarial qaydada təsdiq edilmişdir. Birinci müqaviləyə əsasən 15300 manat pulun xx.xx.2020-ci ilədək, ikinci müqaviləyə görə isə 6800 manat pulun xx.xx.2020-ci ilədək qaytarılması nəzərdə tutulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı notariat ofisinə müraciət edərək hər iki kredit müqaviləsi üzrə icra qeydi almış, icra qeydlərinə əsasən cavabdehin əmək haqqından hissə-hissə 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7060 manat, 3100 manat, 3100 manat pul tutulmuşdur. İddiaçı qalıq 340 manat pulun xx.xx.2023-cü il tarixdə qaytarıldığını göstərmişdir. İddiaçı həmin müqavilə üzrə 1700 manat pulun gecikdirilməsini iddia etmir. 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 6800 manat pul bir dəfəyə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Öhdəliyin icra edilməsini, o cümlədən vaxtında və tam icra edilməsini sübuta yetirmək borclunun vəzifəsidir. Cavabdeh qeyd edilən borc məbləğlərinin daha tez qaytarılmasını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında kredit müqavilələri üzrə öhdəliklərin icrasının gecikdirildiyini müəyyən edir. İddiaçı cavabdehdən pul məbləğinin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə gecikmə müddətinə uyğun olaraq borcun illik beş faizi olan pulun tutulmasını tələb edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditorun belə tələb irəli sürməyə hüququ vardır. İddiaçı tərəfindən öhdəliyin gecikdirilməsinə görə tələb olunan məbləğ 1913,9 manat təşkil edir. Məhkəmə iddiaçının təqdim etdiyi hesablamalara aydınlıq gətirərək qeyd edir ki, 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 15300 manat məbləğində pulu bir il ərzində qaytarmalı olmasına baxmayaraq onun 1700 manat hissəsini vaxtında ödəsə də qalan 13600 manat puldan iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 7060 manat pul ödəmiş, borcun ödənilməsi həmin tarixədək 606 gün gecikdirilmişdir. Bu tarixə gecikmiş 13600 manat pulun illik beş faizi olan 680 manat pulun bir günə düşən hissəsi – 1,86 manat, gecikmə günlərinin cəminə görə 1127,16 manatdır. xx.xx.2022-ci il tarixdə iddiaçının hesabına 3100 manat pul ödənilmiş, qalıq 6540 manat borcun ödənilməsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 243 gün gecikdirildiyindən gecikdirilən 6540 manat pulun illik beş faizinin bir günə düşən hissəsi 0,895 manat olmaqla, gecikmə günlərinin cəminə görə hesablanan faiz 217,49 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə 3100 manat pul ödənilmiş, qalıq 3440 manat borcun ödənilməsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 35 gün gecikdirildiyindən bir günlük faiz 0,47 manat olmaqla, gecikmə günlərinin cəminə görə hesablanan faiz 16,45 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə 340 manat pul ödənilmiş, qalıq 340 manat borcun ödənilməsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 58 gün gecikdirdiyindən bir günlük faiz 0,047 manat olmaqla, gecikmə günlərinin cəminə görə hesablanan faiz 2,73 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 6800 manat pulun xx.xx.2020-ci il tarixədək qaytarılması nəzərdə tutulsa da cavabdeh xx.xx.2022-ci il tarixdə 6800 manat pul ödəmiş, borcun ödənilməsi 566 gün gecikdirildiyindən 6800 manat pulun illik beş faizinin (340 manat) bir günə düşən hissəsi 0,93 manat, gecikmə günlərinin cəminə görə hesablanan faiz 526,38 manat təşkil etmişdir. Beləliklə cavabdehin kredit müqavilələri üzrə öhdəliklərinin icrasını gecikdirməsinə görə ödəməli olduğu faizlərin ümumi məbləği 1890,21 manat təşkil edir və həmin hissədə iddia tələbi bu həcmdə təmin edilməlidir. İddiaçı cavabdehin öhdəliyini icra etməməsi nəticəsində ona mənəvi zərər vurmasını iddia edir. İddiasını da cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməmək üçün məhkəmələrə müraciət etdiyini, o da hüquqlarını müdafiə etmək üçün vəkillə təmin olunduğunu, hər dəfə xərc çəkdiyini, bütün bu hadisələrin gedişatında əsəblərinin pozulması, ciddi sarsıntı keçirməsi və səhhətində ciddi fəsadlar törətməsi şəklində qiymətləndirir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da göründüyü kimi iddiaçının ürək xəstəliyi ilə bağlı müalicə və müayinələr 2008-ci ildən başlamış, tərəflər arasındakı mübahisə isə 2020-ci ildən yaranmışdır. Ona görə də, iddiaçının səhhətindəki problemlərin cavabdehin öhdəliyini yerinə yetirməməsinə görə yaranması öz təsdiqini tapmır. İddiaçı cavabdehin öhdəliyini icra etmədiyinə görə notariusa müraciət etmiş, icra qeydi əsasında borc ödənilmişdir. Həmçinin, məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən də görünür ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh iki dəfə hazırki iş üzrə iddiaçıya qarşı məhkəmədə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia qaldırsa da məhkəmənin hazırlıq iclasında onun ərizəsi əsasında hər iki ərizə geri qaytarılmış, mülki işə mahiyyəti üzrə baxılmamış, iddiaçı heç bir məhkəmə prosesində iştirak etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçıya öhdəliyin icra edilməməsi nəticəsində mənəvi zərərin vurulması ilə razılaşmır və hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 53,90 manat dövlət rüsumundan ibarətdir. İddiaçının iddia tələbi qismən təmin edilmişdir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu qismində ödənilmiş pulun 30,72 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 03 iyul 2019-cu il tarixli və 22 sentyabr 2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 1890,21 manat (bir min səkkiz yüz doxsan manat iyirmi bir qəpik) pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,72 manat (otuz manat yetmiş iki qəpik) pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-3469/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3469/2023
05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver