Məhkəmə qərarları › İş №2(125)-3562/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3562/2024

03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3562/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 aprel 2024-cü il tarixdə Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 8i-122 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında 21 iyun 2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə o, borc alan, Cavabdeh2 isə borc verən olmuşdur. Müqaviləyə görə 8000 manat məbləğində borc pulu xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. xx.xx.2023-cü il tarixdə Bankdan 5000 manat məbləğində kredit götürərək, Cavabdeh2 borclu olduğu pulun 5000 manatını ödəmişdir. Daha sonra isə hər ay 300 manat olmaqla 3 ay ona borc ödəmişdir. Hazırda onun Cavabdeh2 2100 manat borcu qalmışdır. Həmin zaman Cavabdeh2 ilə aralarında narazılıq yarandığından ona borcu qaytarmağı dayandırmışdır. 20 fevral 2024-cü il tarixdə Gəncə şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən ona **********729 saylı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” verilmişdir. Həmin bildirişdə ödənilməmiş 7100 manat borcunun olduğu göstərilmişdir. Qeyd edilən bildirişi aldıqdan sonra 6 saylı notariat kontoruna gedib etirazını bildirmiş, onu dinləyən notarius onun tərəfindən icra qeydi verilməyəcəyini bildirmişdir. O, Cavabdeh2 ilə əlaqə saxlamış, ona belə bir bildirişin göndərilməsinin səbəbini soruşmuşdur. Həmin zaman onunla bəhanə gətirərək, guya ki, başqa yerdə olduğunu göstərərək danışmaqdan imtina etmişdir. 02 aprel 2024-cü il tarixdə Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X4 icra qeydi vermiş, bu zaman 8000 manat pulun tutulmalı olması göstərilmişdir. Odur ki, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bankdan 5000 manat məbləğində kredit götürərək, Cavabdeh2 borclu olduğu pulun 5000 manatını Cavabdeh2 ərinə ödəmişdir. Bu zaman onun yanında şahidlər olmuşdur və həmin məbləğdə borcun qaytarıldığı barədə Akt tərtib edilmiş, şahidlər də həmin Akta imza etmişlər. Ona görə də iddia tələbinin təmin edilərək icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 21 iyun 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində İddiaçı 8000 manat məbləğində borc pul vermiş və bu barədə onlar arasında yazılı kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit borcu üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və borcundan yalnız 900 manat məbləğini ödəmişdir. Belə ki, o dəfələrlə iddiaçıya məxsus ünvana gedərək borcunu ödəməsi barədə şifahi formada xəbərdarlıq etsə də, iddiaçı deyilənlərə məhəl qoymamışdır. Bundan sonra o, birbaşa Gəncə şəhərində yerləşən 2 saylı Notariat Kontoruna müraciət etmiş və notarius tərəfindən borcun tutulması barədə 02 aprel 2024-cü il tarixdə, 8i-122 saylı icra qeydi aparılmışdır. Notarius tərəfindən icra qeydinin qanunsuz aparılmasını iddiaçı əsas gətirirsə belə, həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Odur ki, iddia tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə digər cavabdeh Gəncə şəhəri 2 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, gəlmiş tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 21 iyun 2022-ci il tarixli 3M-456 reyestr nömrəli təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh2- "Borc verən" İddiaçı-“Borc alana” 8000 manat məbləğində borc pul verir. “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək "Borc verənə"qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kedit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. ”Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir. İş materiallarına əlavə edilmiş icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 20.02. 2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2022-ci il tarixli 3M-456 saylı sənəddən irəli gələrək 8000 (səkkiz min) manat məbləğin ödənilməmiş qalan 7100 (yeddi min yüz) manat bu günədək olan borc ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli pul barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 8i-122 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan borclu İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olan tələbkar Cavabdeh2 xeyrinə xx.xx.2022-ci il müddət üçün vaxtında ödənilməmiş 8000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 8025 manat pul tutulmalıdır. İddia ərizəsinə əlavə edilmiş 20 aprel 2023-cü il tarixli Aktdan görünür ki, həmin Akt İddiaçı tərərfindən tərtib edilmiş, Akt İddiaçı, X8 və X6 tərəfindən imzalanmışdır. Aktda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bankdan 5000 manat məbləğində kredit götürərək, Aktı imzalamış şəxslərin iştirakı ilə Cavabdeh2 ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 2 saylı Notariat Ofisində 21 iyun 2022-ci il tarixli 3M-456 reyestr nömrəli təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən tələbkar tərəfindən 8000 manat borc pul verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun cavabdeh qarşısında borcu yaranmışdır. Cavabdeh2 isə iddiaçının kredit müqaviləsindən irəli gələn 7100 manat məbləğində borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən 02 aprel 2024-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. İddiaçı aldığı 8000 manat məbləğində borcun 5900 manat hissəsini ödədiyini göstərərək, hazırki iddianı qaldırmışdır. Məhkəmədə iştirak edən cavabdeh 8000 manat məbləğində borcun cəmi 900 manat hissəsinin iddiaçı tərəfindən ona ödənildiyini etiraf etmiş, borcun qalan 7100 manat hissəsinin ödənilmədiyini bildirmişdir. Məhkəmə aparılan araşdırmaların nəticəsi kimi bu qənaətdədir ki, iddiaçının cavabdehdən aldığı 8000 manat məbləğində borcun 900 manat hissəsini ödədiyi təsdiq olunsa da, qalan 5000 manat hissəsinin cavabdehə qaytarıldığı mötəbər sübutlarla təsdiq olunmur, ona görə də iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Məhkəmə göstərir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh2 arasında 21 iyun 2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinə görə o, Cavabdeh2 8000 manat məbləğində borc pul almış və aldığı pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Bankdan 5000 manat məbləğində kredit götürərək, Cavabdeh2 borclu olduğu pulun 5000 manatını ödəmişdir. İddiaçı bu iddialarının təsdiq edən sübut növü kimi, 20 aprel 2023-cü il tarixli Aktı İddia ərizəsinə əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 borclu olduğu pulun 5000 manatını ödədiyi barədə məhkəməyə bildirdikləri və onun iddia ərizəsinə əlavə etdiyi 20 aprel 2023cü il tarixli Akt irəli sürülən iddianın həmin hissədə təmin olunmasına əsas verən mötəbər sübut növləri kimi qəbuledilən deyildir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi 20 aprel 2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı 19 aprel 2023-cü il tarixdə Bankdan 5000 manat məbləğində kredit götürüb, X5 və X2 iştirakı ilə Cavabdeh2 vermişdir. Məhkəmədə isə iddiaçı izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bankdan 5000 manat məbləğində kredit götürərək, Cavabdeh2 borclu olduğu pulun 5000 manatını Cavabdeh2 özünə deyil, onun ərinə ödəmişdir. Göründüyü kimi, İddiaçı özü izahatında borcunun 5000 manatını Cavabdeh2 vermədiyini bildirmiş, Aktın həqiqiliyini özü də təkzib etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, hazırki işdə iddiaçının məhkəməyə bildirdikləri və onun məhkəməyə təqdim etdiyi 20 aprel 2024-cü il tarixli Akt onun cavabdehə olan borcundan 5000 manat ödədiyini təsdiq edən mötəbər sübut növləri kimi qəbuledilən deyildir. Bundan başqa, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 21 iyun 2022-ci il tarixli 3M-456 reyestr nömrəli təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 8000 manat məbləğində borc pul verir. “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək "Borc verənə"qaytarmağı öhdəsinə götürür. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Yəni, tərərflər arasında əldə edilən razılaşmaya görə borcun qaytarılması da yazılı qaydada təsdiqlənməlidir. İş materiallarından müəyyən edilir ki, bu qaydaya riayət edilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanununun 77-ci maddəsinə əsasən, icra qeydləri ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulunu (olduğu təqdirdə) barədə məlumatları özündə əks etdirməlidir: Beləliklə, məhkəmə göstərir ki, Cavabdeh2 7100 manat məbləğində pulun tutulması barədə icra qeydi verilməsini xahiş etsə də, Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən 8000 manat məbləğində pulun tutulmasına dair icra qeydi verilmişdir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, icra qeydinin tamamilə ləğv edilməsi Borc verən Cavabdeh2 hüquqlarının pozulması anlamına gələr. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə aid xx.xx.2024-cü il tarixli, 8İ-122 saylı icra qeydi qismən-900 manat məbləğində pulun İddiaçı tutulub Cavabdeh2 verilməsi hissədə icra edilməli olmayan sənəd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 224 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 8i-122 reyestr nömrəli icra qeydi 900 (doqquz yüz) manat məbləğində pulun İddiaçı tutulub Cavabdeh2 verilməsi hissədə icra edilməli olmayan sənəd hesab edilsin. İcra qeydi əsasında tutulmalı olan məbləğ 7125 (yeddi min bir yüz iyirmi beş) manat müəyyən edilsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar