Məhkəmə qərarları › İş №2(125)-3566/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3566/2024

24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3566/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Cavabdehnə qarşı «şəxsin 2-ci dərəcə müharibə əlilli olması faktının müəyyən edilməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 2-ci qrup Qarabağ əlili olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin həmin Qərarın 6.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətinin və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçıya müvafiq orqana müraciət etmək hüququ izah edilməli, iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtina edildiyi, yaxud hər hansı inzibati akt qəbul edilmədiyi halda isə hazırki iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:29916) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı «şəxsin 2-ci dərəcə müharibə əlilli olması faktının müəyyən edilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz İddiaçı qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:29916) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar