Məhkəmə qərarları › İş №2(125)-3676/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3676/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3676/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" X15 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" X15 Cəmiyyətinə qarşı “əsassız hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq su puluna görə hesablanmış 724,44 manat borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri 3 saylı Dövlət notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-2-351 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur. Mənzilimdə mənzilin keçmiş sakinləri olan X10 və X8 formal olaraq qeydiyyatda qaldıqlarından Cavabdeh2 ASC-nin "xxxx" TSC tərəfindən mənzilə su sayğacı qoyularkən mənzilin əvvəlki sahiblərinə məxsus 724,44 manat su borcu əsassız olaraq onun adına yazılmışdır. O, "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə müraciət edərək adları göstərilən şəxslərin onun mənzilində yaşamadıqlarını bildirməklə, ondan əvvəl mənzildə yaranmış və onun üzərinə yazılmış su borcunun silinməsini xahiş etsə də bundan imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət edib X10 və X4 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları barədə iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3169/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, X10 və X8 ona məxsus ünvan 2 ünvandakı mənzildən qeydiyyatdan çıxarılmışlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" TSC-nin nümayəndəsi iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı ailə sayının tərkibin dəyişməsi barədə onlara məlumat vermədiyini və tərkib haqqında Gəncə “ASAN xidmət” mərkəzindən əldə etdiklərini və hesablamanı qeydiyyatda olan şəxslərin sayına uyğun apardıqlarını bildirdi. O, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X10 və X4 Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, 35 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, 35 nömrəli mənzili xx.xx.2013-cü il tarixli alğısatqı müqaviləsi əsasında X5 almışdır. İş materiallarına əlavə olunmuş, əsli məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 019633 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, 35 nömrəli mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş hesab-fakturadan görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, 35 nömrəli mənzildə su təchizatı və kanalizasiya xidmətinə görə abonent İddiaçı xx.xx.2022-ci il tarixə 724,44 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş, əsli məhkəmə iclasında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında 13 may 2014-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abdinov, arvada Abdinova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və 24 aprel 2020-ci il təvəllüdlü X1 ataları İddiaçıdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin "xxxx" X15 Cəmiyyətinin direktoruna ünvanlandığı 08 may 2023-cü il tarixli məktubdan görünür ki, X10 xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, X8 xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, X3 xx.xx.2014-cü il tarixdən indiyədək və İddiaçı xx.xx.2013-cü ildən indiyədək Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, 35 nömrəli mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus Gəncə şəhəri, 1-ci mikrorayon, ev 5, 35 nömrəli mənzilə dair abonent kartından görünür ki, "xxxx" TSC tərəfindən İddiaçı məxsus mənzildə sudan və çirkab suyun axıdılması xidmətindən istifadəyə görə xx.xx.2013-cü il tarixədək borc olmamışdır. xx.xx.2020-ci il tarixədək mənzilə sayğac quraşdırılmadığı üçün hesabat mənzildə qeydiyyatda olan (yaşayan) şəxslərin sayına uyğun aparılmışdır. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 5 nəfər üçün hər şəxsə 5 m3 olmaqla aylıq 25 m3 sərfiyat və 9 manat borc; 2014-cü ilin yanvar ayında 5 nəfərə 25 m3 sərfiyat, 9 manat borc; 2014-cü ilin fevral ayından 2015-ci ilin dekabr ayınadək 1 nəfər üçün aylıq 5 m3 sərfiyat və 1,80 manat borc; 2015-ci ilin dekabr ayında 4 nəfər üçün aylıq sərfiyat norması 20 m3 olmaqla 7,20 manat borc; 2016-cı il üzrə 4 nəfər üçün aylıq sərfiyat norması 20 m3 olmaqla ümumilikdə 82,80 manat borc; 2017, 2018 və 2019-cu illər üzrə 4 nəfər üçün aylıq sərfiyat norması 20 m3 olmaqla hər il üçün 108,90 manat borc; 2020-ci ilin yanvar və fevral ayları üçün xx.xx.2020-ci il tarixədək 4 nəfər üçün aylıq sərfiyat norması 20 m3 olmaqla ümumilikdə 15,75 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar 16 may 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qəraradək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Gəncə şəhəri, 1-ci mikrorayon, bina 5 ünvanda yerləşən 35 nömrəli mənzil xx.xx.2013-cü il tarixdən etibarən iddiaçının mülkiyyətindədir. Həmin mənzildə su təchizatı və tullantı suların axıdılması xidməti (bundan sonra xidmət) mövcuddur və bu xidmət X13 Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilir. xx.xx.2020-ci il tarixədək həmin ünvanda sayğac olmadığından xidmətin dəyərinin hesabatı mənzildə yaşayan şəxslərin sayına görə aparılmış, həmin tarixdə sayğac quraşdırılaraq hesabat sayğacın göstəricisinə uyğun aparılmışdır. İddiaçının iddia ərizəsini verdiyi tarixə xidmətə görə borcu 724,44 manat olmuşdur. İddiaçı həmin borcun silinməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının silinməsini istədiyi borc məbləğinin içərisində xx.xx.2020-ci il tarixdən sonra sayğacın göstəricisinə uyğun hesablanmış məbləğ də vardır və iddiaçı sayğac göstəricisinə görə aparılan hesabatı mübahisələndirmir. İddiaçının tələbinin əsasını mənzildə yaşamayan şəxslərə görə hesablanmış su borcunun silinməsi təşkil etdiyindən su borcunun düzgün hesablanıbhesablanmaması yalnız xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək aparılmış hesabat üzrə yoxlanılmalıdır. Həm alğı-satqı müqaviləsinə dair ümumi qaydaları müəyyən edən mülki qanunvericilik normaları baxımından yanaşıldıqda, həm də “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin məzmununa görə sudan istifadə faktı olmadan su borcunun tələb edilməsinə yol verilmir. Yəni əvvəlcə satılmış əşya (su) istehlakçıya verilməli, daha sonra ondan istifadəyə görə ödəniş alınmalıdır. Bu baxımdan “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndi ilə müəyyən edilmiş qaydada qeydiyyatda olan şəxslərin sayı barədə məlumatın verilməməsi istehlakçını istifadə etmədiyi suya görə ödəniş etməyə məcbur edən qayda kimi yox, sübutetmə yükünü istehlakçının üzərinə qoyan qayda kimi qiymətləndirməlidir. Yəni, belə məlumatı təqdim etmədikdə istehlakçı sudan istifadə edən şəxslərin sayı barədə mübahisə yarandığı halda, hazırkı mübahisədə də olduğu kimi sudan istifadə edən şəxslərin sayının hesabatda əksini tapan saydan daha az olduğunu sübuta yetirməlidir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçıya məxsus mənzildə mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri də qeydiyyatda olmuş və həmin şəxslər Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən mənzildən qeydiyyatdan çıxarılmışlar. İddiaçı mənzili xx.xx.2013-cü il tarixdə almışdır. İddiaçı 13 may 2014-cü il tarixdə X7 ilə nikaha daxil olmuş, xx.xx.2014-cü il tarixdə X3 və 24 aprel 2020-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmənin yoxladığı dövr ərzində mənzildə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək bir nəfər (iddiaçı özü), xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək iki nəfər (iddiaçı və arvadı), xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək isə üç nəfər (iddiaçı, arvadı və qızı) şəxsin yaşadığı müəyyən edilir. Hazırda həmin ünvanda qeydiyyatda olan şəxslər İddiaçı və qızı X2r. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə cavabdeh tərəfindən hesablanmış xidmət dəyəri mənzildə faktiki yaşamış və xidmətdən istifadə etmiş şəxslərin sayına uyğun yenidən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının aldığı mənzildə xidmətdən istifadəyə görə xx.xx.2013-cü il tarixədək borc olmamışdır. Cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə kimi 1 nəfərə düşən borc 5 kubmetr suya görə 1,8 manat olmaqla 6 ay üçün 10,8 manat hesablanmalı idi. Lakin cavabdeh mənzildə yaşayan şəxslərin sayını 5 nəfər qəbul edərək hər ay üçün 9 manat olmaqla cəmi 54 manat borc hesablamışdır. Ona görə də bu dövr üçün hesablanmış 54 manat borcun 43,20 manat hissəsi silinməlidir. xx.xx.2014-cü il tarixdə 5 nəfər üçün 25 kubmetr suya 9 manat borc hesablansa da həmin ay mənzildə bir nəfər yaşadığı üçün 1 nəfərə düşən 5 kubmetr suya görə 1,8 manat borc hesablanmalı idi. Ona görə də hesablanmış borcun 7,2 manat hissəsi silinməlidir. 2014-cü ilin qalan aylarında və 2015-ci ilin dekabrınadək bütün aylarında hesabat bir nəfər şəxsə görə aparılmışdır. Həmin dövr üçün əsassız borc hesablanması istisna olunur. 2015-ci ilin dekabr ayında 4 nəfər üçün 20 kubmetr suya görə 7,20 manat borc hesablanmış, halbuki həmin vaxt mənzildə yaşayan 3 nəfərə düşən 15 kubmetr suya görə 5,40 manat (3x5x0,36) borc hesablanmalı idi. Ona görə də borcun artıq hesablanmış 1,8 manat hissəsi silinməlidir. 2016-cı ilin yanvar ayından dekabr ayınadək 4 nəfərə görə 224 kubmetr suya görə 82,80 manat hesablanmış, lakin həmin dövrdə mənzildə 3 nəfər yaşadığından xx.xx.2016-cı ilədək köhnə tariflə 67,5 kubmetr suya görə (3 nəfər x 5 m3 x 4,5 ay) 24,30 manat (67,5x0,36), xx.xx.2016-cı il tarixdən ilin sonunadək yeni tariflə 112,5 kubmetr suya görə (3 nəfər x 5 m3 x 7,5 ay) 50,63 manat (112,5 x 0,45), cəmi 74,90 manat hesablanmalı olduğundan borcun 7,90 manat hissəsi (82,80-74,90) silinməlidir. 2017, 2018 və 2019-cu illər üçün hər il 4 nəfərə düşən 242 kubmetr su üçün 108,90 manat borc hesablanmışdır. Lakin həmin dövrdə mənzildə yaşayan şəxslər üç nəfər olduğundan həmin miqdarın dörddə üçü hesabı ilə sərfiyat 181,5 m3 hesablanmalı, buna uyğun olaraq borc hər il üçün 81,68 manat olmalı idi. Ona görə də 2017, 2018 və 2019-cu illər üçün hesablanmış illik borcların hər il üçün 27,22 manat hissəsi silinməlidir. 2020-ci ilin yanvar və fevral aylarında 4 nəfərə görə 35 kubmetr su sərfiyatına görə 15,75 manat borc hesablanmışdır. Həmin aylar üçün də qeyd olunan miqdarın dörddə üç hissəsi götürülməklə 3 nəfərə düşən 26,25 kubmetr su sərfiyatı üçün 11,81 manat borc hesablanmalıdır. Buna görə də həmin dövr üçün borcun 3,91 manat hissəsi silinməlidir. Beləliklə aparılmış hesablamaya əsasən iddiaçının mənzilində sudan istifadəyə görə xx.xx.2013-cü il tarixdən sayğacın quraşdırıldığı xx.xx.2020-ci il tarixədək hesablanmış ümumi borc məbləğinin 145,67 manat hissəsinin əsassız olduğu müəyyən edildiyindən borcun həmin hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X15 Cəmiyyəti tərəfindən Gəncə şəhəri, 1-ci mikrorayon, bina 5 ünvanda yerləşən 35 nömrəli mənzildə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış borcun 145,67 manat (bir yüz qırx beş manat, altmış yeddi qəpik) hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar