Məhkəmə qərarları › İş №2(125)-3678/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3678/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3678/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə Cavabdeh2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onların vəkili X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin alçaldılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən şərəf və ləyaqətini alçaltmalarına görə vurduqları mənəvi ziyanın əvəzi olan 3000 manat pulun və maddi ziyana görə 1600 manat pulun müştərək qaydada xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh Cavadlı Saddədin onun etibarından sui-istifadə edərək, subay olduğunu bildirmiş, 700 manat nəğd pulu maşınını təmir etdirmək adı ilə alaraq mənimsəmişdir. O, isə cavabdehə inanmış, hətta aralarında dini kəbin də olmuşdur. Sonradan məlum olmuşdur ki, cavabdeh ailəli imiş, hətta həyat yoldaşı olan digər Cavabdeh2 onun yaşadığı ünvana gələrək, səsküy salmış fərdi yaşayış evində qapı-pəncərələri sındırmış, onu qonşuların içərisində rüsvay edərək, ünvanına təhqiredici sözlər işlətmiş, həyətində ona xəsarət yetirmiş, dişlərini sındırmış, saçını yolmuşdur. Bu barədə rayon polis şöbəsində araşdırma aparılmışdır. Cavabdehlərin onun şərəf və ləyaqətini alçaltmaları, ona xəsarət yetirmələri və evini dağıtmaları nəticəsində ona 900 manat dəyərində maddi ziyan və 3000 manat dəyərində mənəvi ziyan dəymişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh Saddədin Cavadlı tərəfindən heç vaxt ona 3000 manat pul verilməmişdir. Ola bilsin cavabdeh həmin krediti öz məqsədi üçün istifadə etmişdir. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdeh İddiaçı Fəxrəddin qızı ilə 2020-ci ilin yay aylarında avtobusda tanış olmuşdurlar. Bundan sonra uzun müddət dostluq münasibətləri olmuş, Pərvanənin evinə gedib-gəlmişdir. Kənddə söz-söhbət yarandıqda Pərvanə hamıya demişdir ki, «Saddəddin ərimdir». Pərvanənin evi kəndin kənarındadır, qonşusu yoxdur. 2022-ci ilin əvvəllərində Pərvanə evini təmir etdirən zaman ondan pul istəmiş, lakin o, pulu olmadığını dedikdə Pərvanə təklif etmişdir ki, bankda öz adına pul götürsün və ona borc kimi versin, Pərvanə də az-az həmin pulu ödəsin. O, Pərvanə ilə razılaşmış, 2022-ci ilin may ayının 12-də "xxxx" ASC-in Gəncə filialından 3000 manat kredit götürərək həmin pulu Pərvanənin evinin təmiri üçün ona vermişdir. Sonradan Pərvanə onun ailəsini dağıtmağa çalışmışdır. O, Pərvanədən aralanmaq istəmiş, lakin Pərvanə ayrı-ayrı vaxtlarda onun arvadı Mətanətə ona olan sevgi hisslərini çatdırmışdır. Arvadı Mətanət onun Pərvanə ilə dostluq əlaqələrini bildikdən sonra o, Pərvanədən aralanmaq istəmiş və bununla bağlı söz-söhbətə son qoymaq üçün onun yaşadığı evə getdikdə həmin vaxt arvadı Mətanətin Pərvanə ilə mübahisə etdiklərini görüb onları aralaşdırmışdır. X4 ilə mübahisə etdiyi üçün əli ilə bir iki daş atmışdır. Həmin vaxt Pərvanənin evinə nə də ki, özünə hər hansı bir zərər dəyməmişdir. Pərvanənin şikayəti ilə bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılmış onun əmlakına nə də ki, özünə zərər vurulması öz təsdiqini tapmamışdır. Pərvanənin 700 manat pulunun mənimsənilməsi ilə bağlı dedikləri yalandır. O, Pərvanədən heç zaman pul almamış, əksinə özü ona pul vermişdir. İlkin iddianın əsassız olduğundan rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh2 izahatında göstərdi ki, 2022-ci ilin oktyabr ayında işlədiyi mağazaya tanımadığı bir şəxs gələrək ona mobil nömrə vermiş və əlaqə saxlamağını bildirmişdir. Həmin nömrəyə zəng etdikdə telefona iddiaçı Pərvanə cavab vermiş və ona demişdir ki, “Sadəddin sənin ərin deyil, iki ildir ki, mənim yanımdadır”. Bundan sonra Sadəddinin Pərvanə ilə əlaqələrinin olduğunu bilmişdir. Həmin gün axşam Sadəddin evə gələndə onunla dalaşmış, evdən getməsini tələb etmişdir. Lakin, Sadəddin and-aman edərək həmin münasibəti bitirdiyini bildirmişdir. Buna baxmayaraq, Pərvanə əl çəkməyərək müxtəlif nömrələrdən zəng edərək, SMS-lər yazaraq təhqir etməyə, əxlaqsız sözlər deməyə başlamışdır. Hətta onun özü də Sadəddinlə münasibətdə olduğunu tanıdığı və tanımadığı bütün insanlara yaymışdır. 07 yanvar 2023-cü ildə səhər saatlarında Pərvanə yenidən zəng edərək, Sadəddinin onun Samux rayonu, Əhmədbəyli kəndində olan evində olduğunu bildirmişdir. O, həmin evə gedəndə Sadəddin ilə Pərvanənin söhbət etdiklərini görmüşdür. Sadəddin onu görən kimi tutub çölə çıxartmışdır. Lakin Pərvanənin onu təhqir etdiyini görəndə Sadəddinin də onu buraxmaması səbəbindən yerdən daş götürüb atmışdır. Lakin daş nə Pərvanəyə dəyməmiş, nə də ki evə zərər vurmamışdır. Əgər belə hal baş versəydi polis bu barədə sənədləşmə aparardı. Pərvanə onlardan qisas almaq üçün əvvəlcə polisə şikayət etmiş, daha sonra məhkəməyə müraciət etmişdir. İlkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh2 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili X2 çıxışında göstərdi ki, tərəflər arasında olan mübahisə Mətanətin əri Sadəddinin ona xəyanət etməsi ilə bağlı olmuş və mübahisə zamanı hər iki tərəf qarşılıqlı olaraq biri-birlərini təhqir etsələr də, həmin vaxt kənar şəxslər olmamışdır. Bununla yanaşı tərəflər arasında olan mübahisə ilə əlaqədar iddiaçının şikayəti əsasında Samux rayon Polis Şöbəsində araşdırma aparılmış, iddiaçının əmlakına zərər vurulması faktı sübut olunmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. MM-in 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir:-məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə yaxud qeyri müəyyən şəxslər dairəsində bildirilməklə yayılmış hesab edilir. Göründüyü kimi iddiaçı cavabdehlər tərəfindən onun şərəf və ləyaqətinin alçaldılmasını və bunun nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də onun şərəf və ləyaqətinin cavabdehlər tərəfindən alçaldılmasının nədə ifadə olunması barədə hər hansı sübut təqdim etməmişdir. İşin müəyyən olunmuş hallarından da görünür ki, tərəflər arasında olan şəxsi münasibətlər zəmnində mübahisə zamanı tərəflər biri-birilərini təhqir etmiş, hər hansı şərəf və ləyaqəti ləkələyən məlumat yayılmamışdır. Digər tərəfdən ilkin iddaçı cavabdeh tərəfindən əmlakının zədələnməsi zamanı ona 900 manat maddi zərər dəydiyini və cavabdehlərdən Cavabdeh1 700 manat pul verdiyini iddia etsə də bu barədə də hər hansı bir sübut təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı kredit təşkilatı ilə aralarında müqavilə bağlandığını və həmin müqavilə üzrə aldığı 3000 manat pulu cavabdehə verdiyini iddia etsə də həmin pulu cavabdehə verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Hər iki iddia tələbi əsassız olduğundan təmin olunmasın. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar