Məhkəmə qərarları › İş №2(125)-3764/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3764/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3764/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Qaz İdarəsi tərəfindən barəsində əsassız hesablanmış 518,40 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı istismar müddətini başa vurmuşdur. Buna görə də X6 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 13 yanvar 2022-ci il tarixdə ******* saylı akt tərtib edilərək aktda sayğacın istismar müddəti bitdiyi qeyd edilmiş və qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin tərtib edilmiş aktın qeyd hissəsində sayğaca müdaxilə olunması barədə heç bir müdaxilə halı göstərilməmişdir. Qaz sayğacı sökülərkən əgər sayğaca müdaxilə olunsaydı bu barədə aktda qeyd olunmalı idi. Bundan sonra X6 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 26.09 2022-ci il tarixdə ******* saylı akt yazılaraq cərimə edildiyi bildirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən yazılan aktda isə qeyd edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Buna görə də ona 518.40 manat məbləğində cərimə hesablanmışdır. Bu vaxta qədər ona yazılan cərimə barədə məlumatı olmamışdır. Mənzildə quraşdırılmış qaz sayğacı çöldə quraşdırılmış, hər kəsin görəcəyi yerdədir və qaz sayğacına yaşlı qadın olaraq müdaxilə edə bilməz. Həmçinin labarotoriya rəyində də və qaz sayğacının çıxarılması və quraşdırılması aktında da qeyd edilmişdir ki, qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.Bu da o deməkdir ki, cavabdeh təşkilatın quraşdırdığı qaz sayğacı istismarını bitirib v ə vaxtında qaz sayğacını dəyişməmişlər. Onların məsuliyyətsizliyi səbəbindən köhnəlmiş qaz sayğacını vaxtında dəyişmədiklərinə görə vətəndaşın heç bir təqsiri ola bilməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının istifadəsində olan qaz sayğacı istismar müddəti bitdiyinə görə xx.xx.2022-ci il tarixli akta əsasən Zenner tipli başqa bir sayğacla əvəz edilmiş və laboratoriyadan keçirilən zaman saygağın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. İtirilmiş sərfiyyata görə hesablanmış məbləğ 518,40 manat təşkil edir. İddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X2 istifadəsində olan İTRON tipli, G4 markalı, 1002AQ**********4 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, ********** nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 4320 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 4320 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bununla yanaşı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X2 istifadəsində olan İTRON tipli, G4 markalı, 1002AQ**********4 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, ********** nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. Göründüyü kimi qaz istismar idarəsinin əmkdaşları sayğacın yenisi ilə əvəz edilməsinin səbəbini onun istismar müddətinin bitməsi ilə əlaqədar olduğunu qeyd etdikləri halda digər tərəfdən istismar müddəti bitmiş sayğacın işləməməsində iddiaçını təqsirli hesab etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 518,40 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 518,40 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar