Məhkəmə qərarları › İş №2(125)-377/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-377/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-377/2023 28.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 9362 manat, ona vurulmuş mənəvi ziyana 10000 və 150 manat dövlət rüsumunun, cəmi 19512 manat pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə ona məxsus Gəncə şəhəri yerləşən əmlakının təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta Emin adlı şəxsi öz evinə təmir işlərinin aparılması üçün dəvət etmiş, görüləsi işlərə baxıb və iki tərəfli razlaşma əsnasında Emin onun evində təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşayıb və ara bir təmir edilən evə gəlib gedib. Bir müddət keçdikdən sonar o, Emin gördüyü işləri qeyri peşakar səviyyəsində olduğunu görüb, aralarında narazılıqlar başlamışdır. O, dəfələrlə bildirmişdir ki, öz işində dönüş yaratsın ama bu hec bir nəticə verməmişdir. Hal hazırki vaxta qədədrdə onun işini başa çatdırmayıb, nömrələrinə zəng çatmır, özünü tapa bilmir. Həmin müddətə artıq onun tərəfindən ayrı ayrı vaxtlarda ümumi -225 manat məbləğində əl müzdu vermişdir. Hovuzun titkilməsi üçün 1025 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 50 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 500 manat, 13.012.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 50 manat, ümumillikdə 4225 manat vermişdir. Əlavə olaraq o, həmin evə 5137 manat məbləğində mal-materiallar almışdır. Göstərilən materialların ayrı ayrı vaxtlarda almışam (qaimələr işə əlavə edilibdir). Hazırda işi yarımçıq qalıb, o, aldığı materialların hamısı korlanıbdır. Emini çağırıb bunun nə üçün belə olduğunu soruçmuşdur. O da işlərin korlanmasını onun təqsirindən olduğunu qəbul etmədi. Onun həmin günkü və sonrakı tələblərinə baxmayaraq dəymiş zərəri ödəməkdən imtina etdi. Əmlakının yoxlatdığı digər ustaların verdiyi şifahi məlumata görə qeyd olunan qüsurların aradan qaldırılması üçün 9500 manat vəsait tələb olunur. İddiaçı tələbinə əlavə edəərk bildirmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında hovuzun tikilməsi (su sisteminin də quraşdırılaraq işlək vəziyyətdə təhvil verilməsi), hamamda kafel-metlax, tavan, santexnik işlərinin görülməsi, hovuzun üstündə olan yerə metlax vurulması, evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının aqlay daşı ilə çərçivəyə alınması işlərinin görülməsi razılaşdırılmışdır. Lakin qeyd edilən bütün işlər qüsurlu şəkildə görülmüş, həmin işlər qəbul edilə bilən səviyyədə amışdır. Cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş işlər bunlardan ibarət olmuşdur: Hovuzun tikilməsi (15.7 kub metrlik)- (Tikinti işləri üçün 1 kub 75 manat, suvaq işləri üçün 1 kv.m 4 manat) hovuz suyu saxlamayıb, hovuzun suyu həyətə axıb. Bu bu barədə 8 nəfərin iştirakı ilə işin qüsurlu olması barədə akt tərfıb edilib. Bundan sonra, hovuzun içi başqa usta tərəfindən hörülüb və suvanıb, altına beton qatı tökülüb. Cavabdeh tərəfindən hovuzdan suyun çıxması üçün boru yerləri düzgün qoyulmayıb. Başqa usta düzəltmək üçün həmin işləri görüb. Hovuzun həyətə baxan hissəsində suvaq işlərinin görülməsi üçün pul alınsa da həmin işləri görülməmişdir. Hovuzun üstündəki yerə metlax vurulması - yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmayıb. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, qapının qarşısında yığılaraq gölməçə yaradır. Beləliklə, həmin yerin suyu düzgün şəkildə trapa tökülmür.Hovuzun üstündəki 4.6 m x 3.7 m = 17.02 kv.m sahədə metlax düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. Hamamda kafel metlax, tavan işlərinin görülməsi - hamamın divarlarına vurulmuş kafellərin birləşmə yerləri bir-biri ilə uyğun gəlməmiş, bir-birlərində hündürlük səviyyəsi baxımından aşağı və yuxarı olmuşdur. Hamamın giriş hissəsində olan otaqda yerdə suyun axması üçün hamam trapı qoyulmamışdır. Hamamın digər otağında yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmayıb. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, hamamın kənarında yığılaraq gölməçə yaradır. Beləliklə həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hamamın divarlarına vurulmuş kafellər düzgün istiqamətdə vurulmadığı üçün onların üstündə olan naxışlar bir-birlərinə uyğun gəlməmişdir. Hamamın kafellərinin əyriliyini itirmə üçün iki kafel arasında nazik alüminium kantdan istifadə etmişdir. Hamamın tavanında aspirator (havalandırma) yeri açılaraq aspirator taxılmamışdır. Hamamın iki otağının tavanının səviyyəsi bir-biri ilə uyğun götürülməmişdir. Tavan lüzumsuz şəkildə aşağı salınmışdır. Tavana vurulmuş lövhələr bir-birləri ilə, həmçinin beton tavan ilə düzgün birləşdirilməmişdir, nəticədə əl ilə toxunduqda tavanda silkələnmə olur. Bundan başqa hamamın döşəməsini isti polun səviyyəsindən çox yuxarı qaldırıb, nəticədə daha çox sement işlənib və döşəmənin isinməsi zəifləyib. 3.2 m x 4 m = 12.8 kvm metlax yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 3.2 m x 4 m = 12.8 kvm tavan yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 26.88 kvm hamamın iç otağının, 24.48 kvm. hamamın giriş otağının kafeli yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. Evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının aqlay daşı ilə çərçivəyə alınması - aqlay daşları divara möhkəm bərkidilməmiş, daşların divarda qalması üçün divara mismar vurularaq daşları məftil ilə həmin mismara bağlamışdır Vurulmuş aqlay daşlarının üstü cilalanmamışdır. Aqlay daşlarının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Evin həyət hissəsində olan iki ədəd pəncərənin aqlay çərçivələrinin hündürlüyü eyni səviyyədə olmamışdır. Pəncələrin aqlaylarının arxası beton ilə doldurulmamışdır. Divara vurulmuş 4 mert hündürlükdə sütun aqlay daşının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Bütün aqlay daşları sökülməli və yenidən vurulmalıdır. 7 ədəd pəncərənin və 2 ədəd qapının ümumilikdə 60 metr uzunluğunda çərçivə aqlay daşları qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. 4 metr uzunluqda ikitərəfli aqlay sütun daşı qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. Odur ki, vurulmuş maddi ziyana görə 9362 manat, ona vurulmuş mənəvi ziyana 10000 manat, 130 manat vəkilə ödənilmiş xidmət haqqının və 150 manat dövlət rüsumunun, cəmi 19642 manat pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi tələbi müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və tələbini müdafiə edərək həmçinin bildirmişdi ki, təqdim etdiyi dəftərdən təmirə çəkilən xərclə və cavabdehə ödənilən məbləğlər görünür. Bundan başqa, cavabdehin 250 manat borclu qalması həmin dəftərdə öz imzasıyla təsdiq olunmuşdur. Mübahisəli evin həyətində hovuzun tikintisi işini qüsurlu həyata keçirilmişdi. Belə ki, cavabdeh işi təhvil verdikdən sonra hovuzdan su sızırdı. Başqa usta tərəfindən həmin qüsurun aradan qaldırılmasına məcbur qalmışdır. İddiaçının qardaşı mübahisəli evdə yaşayır və aparılan tikinti işlərinə nəzarəti iddiaçı qardaşına tapşırmamışdır, iddiaçının qardaşı görülən işlərlə bağlı cavabdehə hər hansı göstəriş verməmişdir. Mübahisəli evdə cavabdeh tərəfindən işin qüsurlu icra edildiyini gördükcə səbəbini soruşurdu, cavabdeh onu aldadaraq daha sonra həmin qüsurları aradan qaldıracağını, hazırkı vəziyyətdə işin görülməsi qaydasının belə olduğunu bildirirdi. Bir iş icra edildikdən sonra müəyyən müddət keçməli olduğundan, həmin müddət ərzində cavabdeh digər işi icra etdiyində, eyni zamanda bir neçə iş icra edildiyindən işlərin qüsurlu icra edildiyini bilməmişdir. Əvvəla hovuz təxmini 2 aya tikilib. Cavabdehdən əlavə icra tələb etdi, lakin yerinə yetirmədi, buna görə polis idarəsinə şikayət etməli oldu. Ziyan olan materialın dəyərini tələb edir. Mübahisəli evdə təmir-tikinti işləri aparılan vaxt iddiaçı orada yaşamırdı, işlərə nəzarət etmək üçün ayda bir neçə defə həmin evə baş çəkirdi. İşlərin görülməsi üçün cavabdehə muzdu hissə-hissə ödəyirdi. İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli evin həyətində hovuzun tikintisi işini qüsursuz həyata keçirmişdir və oraya su doldurmuş, axıntı olmadığını müəyyən etdikdən sonra həmin işi iddiaçıya təhvil vermişdir. Mübahisəli evin hamam otağında və dəhlizində kafel-metlaxın vurulması, tavanında və hamama bitişik balkonda kafel-metlax vurulması, divara suvaq çəkilməsi işlərini iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirmişdi, bu göstərişə uyğun həyata keçirəcəyi halda işlərin qüsurlu olacağını bildirsə də, həmin göstərişlər dəyişdirilməmişdir. Mübahisəli evin həyət hissəsindəki qapı-pəncərələrin kənarına çərçivə formasında vurulmuş aqlayların dəmir tellərlə bərkidilməsi və kənarlarına kağız doldurulması tikinti işlərinin görülməsindən irəli gələn zərurətdir. İddiaçıdan həmin işlərin görülməsinə görə cəmi 2700 manat xidmət haqqı almışdı və iddiaçının dəftərində 250 manat borcum olması barədə yazının altından cavabdeh imzalamışdır. Təxminən 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək mübahisəli evdə işləmişdir. İddiaçıya borcu yoxdur, onu aldatdığı üçün dəftərə borcu olduğuna dair imza atmışdır. Cavabdeh həmçinin yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı məxsus, ünvan 2 ünvanında yerləşən 7 saylı evin həyətində hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otaqa kafelmetlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının içəri tərəfində çərçivə formasında aqlay vurulması işlərini o, görmüşdür. Cavabdeh verilən göstərişlərə uyğun olaraq işləri həyata keçirəcəyi halda işlərin qüsurlu nəticələnəcəyini bildirmiş, lakin iddiaçı tərəf bununla razılaşmış, işlərin görülməsindən imtina etməyə ona icazə verməmiş və işləri yerinə yetirməyə məcbur etmişdir. Cavabdeh mübahisəli ünvanda görülən işlərin qüsurlu həyata keçirilməsi barədə ekspert rəyinin əsassız olduğunu bildirdi. Cavabdeh bildirdi ki, əgər işləri qüsurlu yerinə yetirirdisə, iddiaçı onun işindən imtina edə bilərdi, lakin iddiaçı işlərlə razılaşaraq onları qəbul etmiş və sonradan narazılıq bildirmiş, ondan polis şöbəsinə şikayət etmişdir. Cavabdeh iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1562 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 7 saylı evin həyətində olan hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında vurulmuş aqlay işləri qüsurlu görülmüşdür. Tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7027.0 manat müəyyən olunmuşdur. İş materiallarında olan, əslinə məhkəmə iclasında baxış keçirilmiş, İddiaçı tərəfindən aparılmış, Cavabdeh tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixli yazılı qeydlərdə göstərilmişdir ki, Eminlə hesablaşdı, 250 manat borcu qaldı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (maddə 752.1). Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur (maddə 755). Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 760.2). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (maddə 762.2). Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (maddə 765). Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər(maddə 766). Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur (maddə 767.2). Sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda, podratçı sifarişçini vaxtında xəbərdar etməyə borcludur (maddə 768.1). Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər (maddə 768.2). Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (maddə 773). Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz (maddə 775). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (maddə 776.1). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (maddə 776.2). Hazırkı iş üzrə iddiaçı ona məxsus ünvanda görülməsini sifariş etdiyi işlərin qüsurlu həyata keçirilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin yaşayış sahəsində hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında aqlay vurulması işlərinin qüsurlu görülməsi iş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəylə təsdiq olunmuşdur. Həmin işlərin podratçı qismində cavabdeh tərəfindən görülməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, rəyin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh işlərin qüsursuz həyata keçirildiyini bildirsə də, podratın nəticəsi adi istifadə üçün yararlı olmadığından qüsurlardan azad sayıla bilməz. Cavabdehin işi qüsurlu icrası nəticəsində sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır və ekspert rəyinə əsasən, tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7027 manat müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, həmin məbləğin hesablanmasına dair hissədə də ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh eyni zamanda işlərin qüsurlu həyata keçirildiyini bildirir və bu halı iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirməsi ilə əsaslandırmışdır. Cavabdeh işlərin həmin göstərişlərə uyğun həyata keçiriləcəyi halda qüsurlu nəticələr əldə ediləcəyinə dair xəbərdarlıq etdiyini bildirsə də, iddiaçı tərəfindən işlərin qardaşının göstərişlərinə uyğun həyata keçirilməsi barədə razılıq verilməsinə və (ya) iddiaçının qardaşının belə göstərişlər verməsinə və (ya) iddiaçıya göstərişlərə dair qüsurlu nəticə barədə xəbərdarlıq edilməsinə və (ya) işlərin qüsurlu nəticəsi ilə iddiaçı tərəfin razılaşmasına və (ya) işlərin görülməsindən imtina etməyə cavabdehə icazə, imkan verilməməsinə və (ya) işləri yerinə yetirməyə cavabdehin məcbur edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı qardaşının mübahisəli evdə yaşadığını və aparılan tikinti işlərinə nəzarəti ona tapşırmadığını, qardaşının görülən işlərlə bağlı cavabdehə hər hansı göstəriş vermədiyini bildirmişdir. Cavabdeh işlərin qüsurlu görüldüyü halda iddiaçının imtina etmək hüququnun olduğunu, lakin bu hüquqdan istifadə etmədiyini, beləliklə görülən işlərlə razılaşdığını, lakin sonradan narazılıq etdiyini və ondan şikayət etdiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı təmir-tikintisi davam edən evdə muzdunu ödəməklə sifariş etdiyi işlərin vicdanlı həyata keçirildiyini güman etmək hüququna malikdir və həmin evin istifadə verildiyi zaman mübahisələndirilən işlərin qüsurlu görüldüyü aşkara çıxmışdır. Belə ki, iddiaçının təmir-tikinti sahəsində xüsusi biliyə malik olduğunu təsdiqləyən sübutlar təqdim edilmədiyindən istifadədən əvvəl işlərin qüsurlu görülməsini müəyyən etmək imkanı istisna edilir. Beləliklə, məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etməsini təsdiqləyən hər hansı sübut təqdim olunmadığından, iddiaçının məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran hal müəyyən olunmur. Belə ki, mülki qanunvericiliklə binaya aid icranın qüsuru barəsində tələbin işin qəbul edildiyi gündən beş il ərzində irəli sürülə bilməsi imkanı nəzərdə tutulmuşdur və hazırkı iş üzrə icra hissə-hissə qəbul edildiyindən, işin tam qəbul olunduğu gündən başlayan qüsur barəsində tələb üzrə müddətin keçməsi üçün əsas müəyyən olunmur. Belə ki, hər iki tərəf mübahisələndirilən işlərin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək görüldüyünü təsdiqləyir. Bununla yanaşı, hərəkətinin yaratdığı məsuliyyəti dərk edən tam fəaliyyət qabiliyyətli cavabdehi işlərin vicdanlı yerinə yetirilməsi öhdəliyindən azad edən hal müəyyən olunmur. Belə ki, cavabdeh vaxtında xəbərdar etməsinə baxmayaraq, iddiaçının işin yerinə yetirilməsi qaydaları haqqında verilən göstərişləri dəyişmədiyini və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmadığını bildirsə də, podratçının mülki qanunvericiliyə əsasən müqavilədən imtina etmək, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçı tərəfin işlərdən imtinaya icazə və (ya) imkan vermədiyini, işlərin görülməsinə onu məcbur etdiyini bildirsə də, bu halları təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı tərəf bu halı təkzib etmişdir, belə ki, cavabdehin onu aldadaraq daha sonra qüsurları aradan qaldıracağını, hazırkı vəziyyətdə işin görülməsi qaydasının belə olduğunu bildirməsinə, bir iş icra edildikdən sonra müəyyən müddət keçməli olduğundan, həmin müddət ərzində cavabdeh digər işi icra etdiyindən, eyni zamanda bir neçə iş icra edildiyindən işlərin qüsurlu icra edildiyini bilmədiyinə dair izahat vermişdir. Sifarişçinin icradakı qüsurun aradan qaldırılması məqsədilə əlavə icra tələb etməsi və belə icradan imtina edildiyi üçün hüquq mühafizə orqanına müraciət edilməsi tərəflərin izahatı ilə təsdiqlənmişdir. Mülki qanunvericiliyə əsasən, bu halda sifarişçi xərclərin əvəzini tələb etməyə haqlı, podratçı isə onları ödəməyə borcludur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən 7027 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə dəşamil edilir (maddə 1092.1). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092.2) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (maddə 1092.3). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (maddə 1093.1). Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir (maddə 1093.2). Məhkəmə həmçinin qeyd edir ki, sifariş edilən işlərə görə iddiaçı tərəfindən hissəhissə cəmi 2700 manat muzdun ödənildiyi və iddiaçının sübut qismində təqdim etdiyi dəftərdə qeyd edilmiş 250 manat borcun olması barədə yazının altındakı imzanın cavabdeh tərəfindən icra edilməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya borcu olmadığını və aldadıldığı üçün borcu olduğuna dair qeydi imzasıyla təsdiqlədiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhrum olan iddiaçı əsassız varlanmış cavabdehdən verdiyi 250 manat pulu geri tələb etməkdə haqlıdır, buna görə cavabdehdən 250 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə maddi ziyanın əvəzinin tutulmasına dair iddianın təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş və görülən işlərə çəkilən xərcləri təsdiqlədiyi bildirilən qəbzlər üzərindəki qeydlər aydın olmamaqla yanaşı mötəbər sübut hesab edilə bilməz. Məhkəmə hesab edir ki, mənəvi ziyanın əvəzinin tutulmasına dair hissədə iddianın təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ona qarşı törədilən hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və (ya) onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə əsaslanaraq ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malik idi. Həmin hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi, iddiaçının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması işin hallarından müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçıya məxsus evdə cavabdeh tərəfindən aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri olan 7027 manat pul və muzdun miqdarında geri qaytarmalı olan 250 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92.77 manat pul cavabdehdən tutularaq iddiaçıya; ekspertiza xərcinin əvəzi qismində 77 manat pul cavabdehdən, 33 manat pul iddiaçıdan tututlaraq dövlət büdcəsinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi qismində 7277 (yeddi min iki yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92 (doxsan iki) manat 77 (yetmiş yeddi) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat xərcdən 77 (yetmiş yeddi) manat pul Cavabdeh, 33 (otuz üç) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar