Məhkəmə qərarları › İş №2(125)-383/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-383/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-383/2025 10.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi və Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə edilmiş kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 881 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək işə iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(125)-2001/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 01 iyun 2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 492 nömrə ilə qeydiyyata alınmış nikah pozulmuş, 19 fevral 2008-ci il tarixdə anadan olmuş X1, 28 aprel 2015-ci il tarixdə anadan olmuş X3 və 25 sentyabr 2017-ci il tarixdə anadan olmuş X2 anası Cavabdeh yanında qalması müəyyən olunmuş, uşaqların saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-220/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(125)- 584/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2-ci dalan 25 nömrəli fərdi yaşayış evinə Cavabdeh və İddiaçı hər birinin payının 1/2 hissədə müəyyən olunmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-220/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2022-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayının sonuna kimi Cavabdeh Gəncə şəhəri, Heydər Əliyev prospekti, 2-ci dalan ev 25-də yaşamış və kommunal xidmətlərdən istifadə etmiş, evdən çıxarkən istifadə etdiyi kommunal xidmətlərə görə borcları ödəməmişdir. Cavabdeh Gəncə şəhəri, Heydər Əliyev prospekti, 2-ci dalan ev 25-də yaşadığı müddətdə içməli su və tullantı sularında istifadə etdiyinə görə 293 manat və təbii qazdan istifadə etdiyinə görə 588 manat borc yaranmışdır. Cavabdeh həmin məbləğləri ödəməli olduğu halda bu günə kimi ödəməmişdir. Borcların ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü ildə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, həmin evdə yaşadığı müddətdə kommunal xərclərini ödəmişdir. Nikahları 2022-ci ilin noyabr ayında pozulmuş, evlə bağlı məhkəmə prosesi davam etdiyinə görə həmin evdə 3 uşağı ilə yaşamış, Ali Məhkəmənin yekun qərarı ilə ev tam olaraq qarşı tərəfə verildikdən sonra 2024-cü ilin iyul ayında uşaqları ilə birlikdə evdən çıxmışdır. Hazırda 3 uşağı ilə birlikdə anasının evində yaşayır. Həmin müddətdə iddiaçı evin aşağı mərtəbəsində, o isə yuxarı mərtəbədə yaşamışdır. Evin mülkiyyətçisi iddiaçı olduğundan borcu da o ödəməlidir. Həmçinin iddiaçı xeyriyyəçi olduğundan həmin evdə tez-tez ehsanlar vermiş, yeməklər bişirilmiş, kommunal xidmətlərdən istifadə edilmişdir. İşsiz olduğunu, həmin məbləği ödəməyə imkanının olmadığını göstərərək, iddia tələbinə etiraz etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2012-ci il qeydiyyat tarixli, **********36-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2-ci dalan, 25 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 220/2024 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-584/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2-ci dalan, 25 nömrəli fərdi yaşayış evinə Cavabdeh və İddiaçı hər birinin payının ½ hissədə müəyyən olunmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2009/2024 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 220/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X10 Sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Heydər Əliyev prospekti, 25 ünvanında təbii qazdan istifadəyə görə hesablanmış 588,49 manat pulun ödənilməsi tələb olunmuşdur. “İri şəhərlərin X7 Xidməti” PHŞ Gəncə şəhər Sukanal İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli hesab fakturasından görünür ki, Heydər Əliyev prospekti, 25 ünvanında sudan istifadəyə görə hesablanmış 262,05 manat pulun ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 2-ci dalan, ev 25-də yaşadığı müddətdə içməli su və tullantı sularından istifadə etdiyinə görə 293 manat borcun, təbii qazdan istifadə etdiyinə görə 588 manat borcun ödənilməsini tələb etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 2-ci dalan, 25 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla həmin ünvanda sudan və qazdan istifadəyə görə abonent olaraq sonuncunun adına su və qaz sayğacı quraşdırılmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh 2022-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayının sonuna kimi sudan istifadə etdiyinə görə 293 manat və təbii qazdan istifadə etdiyinə görə 588 manat borcu yaranmışdır. Həmin borc cavabdehdən alınıb ona ödənilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi iddiaçının evində sudan və təbii qazdan istifadəyə görə müqavilələr (alqı-satqı müqavilələri) qazpaylayıcı və su təchizatı və kanalizasiya müəssisəsi ilə abonent olaraq iddiaçı arasında bağlanmış və sərf olunmuş suyun və təbii qazın dəyərini də qazpaylayıcı və su təchizatı və kanalizasiya müəssisəsi tələb etmək hüququna malik olmuşdur. İddiaçının evində istifadə olunmuş təbii qazdan və sudan istifadəyə görə ödənilməmiş borcu cavabdehdən tələb etməsi, yəni icra edilməmiş öhdəliyin cavabdehdən alınaraq ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Cavabdeh qarşı istifadə edilmiş kommunal xərclərin ödənilməsi tələbinə dair iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı istifadə edilmiş kommunal xərclərin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar