Məhkəmə qərarları › İş №2(125)-3969/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3969/2023

18.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3969/2023 18.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə X3 İdarəsinə qarşı Gəncə X3 İdarəsi tərəfindən ona qeyriqanuni hesablanmış 12960 kub metr həcmində ziyan barədə 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilərək, həmin akt əsasında hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı F.N.Məmmədov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Gəncə X3 İdarəsinin Cavabdeh ilə əvəz edilməsi, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 1.555 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı F.N.Məmmədov məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Gəncə şəhəri, Gəncəvi küçəsi, döngə 1-də yerləşən 8 nömrəli mənzildə yaşayır. 2023-cü ilin fevral ayının əvvəllərində onun mənzilinə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacı qaz sərfiyyatını qeydə almadığı üçün o, Cavabdeh Gəncə X3 İdarəsinin əməkdaşı, həmçinin qonşusu Elxan Hüseynova müraciət edərək, qaz sayğacına baxmasını xahiş etmişdir. 11 fevral 2023-cü il tarixdə Elxan Hüseynov qaz sayğacına baxmış və həmin sayğacın elementinin bitdiyini bildirərək, elementin dəyişilməsinin zəruri olduğunu bildirmişdir. Buna görə də Elxan Hüseynov qaz sayğacını açmış və həmin vaxt qaz sayğacı Elxan Hüseynovun əlindən düşərək, qırılmışdır. Həmin vaxt orada Elxan Hüseynovla yanaşı, Cavabdeh Gəncə X3 İdarəsinin digər əməkdaşları Şəmil Əzizov və Aydın Tağıyev də olmuş, həmin şəxslər də baş verən hadisələri görmüş və buna dair tərtib olunan akta imza etmişlər. Elxan Hüseynov onun qonşusu olsa da, onun yaşadığı evə qonşu kimi deyil, Cavabdeh Gəncə X3 İdarəsinin əməkdaşı kimi gəlmişdir. Bundan sonra həmin qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Bütün bunlara baxmayaraq, 2023-cü ilin əvvəllərində qaz sayğacındakı qüsurla əlaqədar qazdan qanunsuz istifadəyə görə ona borc hesablandığı məlum olmuşdur. Sonda F.A.Hüseynova iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır və onların yaşadıqları ev qonşudur. 2023-cü ilin fevral ayının əvvəllərində İddiaçı arvadı Familə Məmmədova onun yaşadığı evə gəlmiş, qaz idarəsinin əməkdaşlarının qaz sayğacını dəyişdiklərini və yaşadığı evdə kişi cinsinə aid heç kimin olmadığını bildirmiş, buna görə də ondan onlara getməsini xahiş etmişdir. Qeyd olunan səbəbdən o, İddiaçı yaşadığı evə getmişdir. Orada olarkən Cavabdeh Gəncə X3 İdarəsinin əməkdaşı, həmçinin qonşusu Elxan Hüseynov əvvəlcə cib telefonunu çıxarıb sayğacın şəklini çəkəndən, plombu yoxlayandan sonra elementin bitdiyini bildirmişdir. Elxan Hüseynov sayğacın elementini dəyişmək üçün sayğacı nə qədər çəksə də, sayğac açılmamışdır. Daha sonra Elxan Hüseynov çıxmayan hissəsini çəkiclə vurmuş və sayğacın ön hissəsi qopub yerə düşmüş, yerə düşən hissə yerə çırpılmanın təsirindən bir qədər də sınmışdır. Bundan sonra Elxan Hüseynov akt tərtib etmiş və həmçinin çıxarılan qaz sayğacının əvəzinə yenisini quraşdırmışdır. Həmin vaxt orada Elxan Hüseynovla yanaşı, Cavabdeh Gəncə X3 İdarəsinin digər əməkdaşları Şəmil Əzizov və Aydın Tağıyev də olmuş, həmin şəxslər də baş verən hadisələri görmüş və buna dair tərtib olunan akta imza etmişlər. Elxan Hüseynov İddiaçı qonşusu olsa da, İddiaçı yaşadığı evə qonşu kimi deyil, Cavabdeh Gəncə X3 İdarəsinin əməkdaşı kimi gəlmişdir. İşdə olan 11 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri, Gəncəvi küçəsi, döngə 1-də yerləşən 8 nömrəli mənzildə istehlakçı İddiaçı məxsus «G-4 İtron» markalı 1102AQ**********5 nömrəli, mexaniki göstərici 11103, əvəzlənən zaman yivli birləşməsində korroziyaya uğramışdır. Sayğacın giriş və çıxış hissələrinin açılması zamanı, hesablama mexanizminin plastmas hissəsi gövdədən aralanmışdır. İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 fevral 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, elementin bitməsi ilə əlaqədar 1102AQ**********5 nömrəli sayğac çıxarılmış və **********6 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan Cavabdeh «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-2410- 1 nömrəli aktının 4-cü qrafasından görünür ki, 20472411 nömrəli plomb kəsilərək G-4 SM/706 nömrəli qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı. 26 yanvar 2023-cü il tarixə elektron göstərici 10956 m3 olmuşdur. Element qapağı qoruyucu örtüyə yapışqdan maddə vasitəsi ilə yapışdırılıb. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100 faiz nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh MSK-14-2-2/3-5-2410-1 nömrəli rəyinə əsasən xətalar normadan artıq olduğu, elementin qoruyucu yapışqan maddə vasitəsi ilə yapışdırıldığı aşkar edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x90=12960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00080 abonent kodlu istehlakçıdır. Gəncə şəhəri, Gəncəvi küçəsi, döngə 1-də yerləşən 8 nömrəli fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış «G-4 İtron» markalı 1102AQ**********5 zavod nömrəli qaz sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 11 fevral 2023-cü il tarixdə İddiaçı məxsus mənzilə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacı xətdən açılmış və digəri ilə əvəz edilmişdir. Həmin vaxt qaz sayğacı element qapağı qırılmış, yivli birləşməsi korroziyaya uğramışdır. Həmçinin sayğacın giriş və çıxış hissələrinin açılması zamanı, hesablama mexanizminin plastmas hissəsi gövdədən aralanmışdır. Bu barədə 11 fevral 2023-cü il tarixdə akt tərtib edilmişdir. Sonradan keçirilmiş yoxlama zamanı Cavabdeh əməkdaşları tərəfindən iddiaçının iştirakı təmin olunmamış, qaz xəttindən açılmış qaz sayğacının element qapağının qoruyucu örtüyə yapışqan maddə vasitəsi ilə yapışdırıldığı müəyyən edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, Cavabdeh Gəncə X3 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Gəncəvi küçəsi, döngə 1-də yerləşən 8 nömrəli mənzilə aid qaz sayğacının texniki baxışın keçirilməsi zamanı İddiaçı iştirakı təmin olunmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Lakin mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən istər məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, istərsə də sübut qismində məhkəməyə təqdim olunmuş 11 fevral 2023-cü il tarixli aktla Gəncə şəhəri, Gəncəvi küçəsi, döngə 1-də yerləşən 8 nömrəli fərdi yaşayış evinə gedən qaz borusunun üzərində quraşdırılmış 1102AQ**********5 zavod nömrəli sayğacın əvəzlənərkən yivli birləşməsinin korroziyaya uğradığı, sayğacın giriş və çıxış hissələrinin açılması zamanı isə hesablama mexanizminin plastmas hissəsinin gövdədən aralandığı müəyyən edilmişdir. Həmçinin Cavabdeh «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-2410- 1 nömrəli aktında 1102AQ**********5 zavod nömrəli sayğacın elementinin bitdiyi, sayğacda istismar müddətində Alarm-1 rejiminin və kamera ilə sayğacın daxilinə baxış keçirilərkən kənar təsir izləri aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni elementin bitməsi ilə əlaqədar 11 fevral 2023-cü il tarixdə açılaraq, götürülməsini və həmin sayğac yararlı vəziyyətdə açılarkən Cavabdeh əməkdaşlarının səhvi nəticəsində qırılmasını, qeyd olunan sayğacda müəyyən edilmiş qüsurların onun təqsiri olmadan baş verməsini 11 fevral 2023-cü il tarixli aktın surətini, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 fevral 2023-cü il tarixli ******* nömrəli aktın surətini, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktın surətini məhkəməyə təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinə öz münasibətini, etirazı olduğu halda isə onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktı əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 1.555 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktı əsasında, qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat məbləğində borc silinsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar