Məhkəmə qərarları › İş №2(125)-4156/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4156/2023

01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4156/2023 01.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı qanunsuz və artıq hesablanmış 1.415 manat 29 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə olan 1.461 manat 79 qəpik məbləğində borcun 792 manat 80 qəpik məbləğində hissəsinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli ev 01 yanvar 2012-ci ildən onun mülkiyyətindədir. Həmin ev 2020-ci ilədək sayğac quraşdırılmadan evdə yaşayan şəxslərin sayına uyğun ödəniş əsasında su təchiz edilmiş, 2020-ci ilin aprel ayında isə su sayğacı ilə təmin edilmişdir. Lakin o, heç vaxt mütəmadi olaraq, həmin evdə yaşamamış və çox nadir hallarda sudan, eləcə də digər kommunal xidmətlərdən istifadə etmişdir. 2020-ci ilin aprel ayında Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli evə çəkilmiş su xəttinin üzərində sayğac quraşdırılmışdır. O, sudan istifadə etmədiyinə görə su sayğacı su sərfiyyatını qeydə almamışdır. Buna baxmayaraq, həmin evdə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, borc hesablanmaqda davam etmiş və beləliklə də ona əsassız olaraq, 792 manat 82 qəpik məbləğində borc hesablanmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli ev mütəmadi olaraq, «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən mütəmadi olaraq su ilə təchiz edilmişdir. Buna baxmayaraq, İddiaçı su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə borcunu ödəməmiş, nəticədə borcu yaranmışdır. Həmin borc mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanmışdır. Lakin 2020-ci ilin aprel ayında Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli evə çəkilmiş su xəttinin üzərində sayğac quraşdırılmışdır. Buna görə də Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli evin su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə borc 2020-ci ilin aprel ayınadək həmin evdə qeydiyyatda olan şəxslərin sayına uyğun, 2020-ci ilin ayından isə sudan istifadəyə görə su sayğacının qeydi əsasında hesablanmalı idi. Keçirilmiş yoxlama zamanı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli evə çəkilmiş su xəttinin üzərində quraşdırılmış sayğacın su sərfiyyatını qeydə almadığı müəyyən edilmişdir. Qeyd olunan səbəbdən 2020-ci ilin aprel ayından sonra su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış borcun silinməsinə etiraz etmir. Lakin həmin borcun məbləği 792 manat 80 qəpik deyil, 735 manat 38 qəpik təşkil edir. Sonda A.C.Rəhimov iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan 8708 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli evə mülkiyyət hüququ 24 dekabr 2003cü ildə 14 nömrəli reyestr kitabında qeydə alınmışdır. İş materiallarında olan abonent kodu **********010 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından görünür ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli evdə yaşayan **********010 abonent kodu İddiaçı qızına məxsusdur. İddiaçı qızına 2020-ci ilin aprel ayından hazırki tarixədək 735 manat 38 qəpik məbləğində borc hesablanmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı su təchizatı və çirkab suyun axıdılması xidməti üzrə **********010 abonent kodlu istehlakçıdır. İddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli fərdi yaşayış evinə çəkilmiş su xəttinin üzərində 2020-ci ilin aprel ayınadək su sayğacı olmamış, 2020-ci ilin aprel ayında isə su sayğacı quraşdırılmışdır. Həmin fərdi yaşayış evinə çəkilmiş su xəttinin üzərində su sayğacının mövcudluğuna və su sərfiyyatına görə su sayğacı tərəfindən hər hansı qeydiyyat aparılmamasına baxmayaraq, 2020-ci ilin aprel ayından sonra da su təchizatı və çirkab sularının axıdılması xidmətinə görə Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli fərdi yaşayış evinə çəkilmiş su xəttinin üzərində su sayğacının mövcudluğuna və su sərfiyyatına görə su sayğacı tərəfindən hər hansı qeydiyyat aparılmamasına baxmayaraq, 2020-ci ilin aprel ayından sonra da su təchizatı və çirkab sularının axıdılması xidmətinə görə Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, borc hesablanmışdır. Halbuki, 2020-ci ilin aprel ayından sonrakı dövr üçün borc su sərfiyyatı ilə əlaqədar sayğacın qeydləri əsasında hesablanmalıdır. Lakin cavabdeh tərəfindən həmin məbləğ 2020-ci ilin aprel ayından sonra Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, 735 manat 38 qəpik olaraq hesablanmışdır. Buna görə də, borcun əsassız hesablanmış həmin hissəsi silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı borc kimi hesablanmış 735 manat 38 qəpik məbləğ silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Atatürk prospektində yerləşən 295 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 735 (yeddi yüz otuz beş) manat 38 (otuz səkkiz) qəpik məbləğində borc silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar