Məhkəmə qərarları › İş №2(125)-4261/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4261/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4261/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «məlumatların təkzib edilməsi, üzr istənilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçı barəsində yazmış olduğu şər və böhtan xarakterli məlumatların təkzib edilməsi, cavabdehlərin iddiaçını tanıyan qohumların qarşısında ondan üzr istəmələri, vurulmuş mənəvi zərərin əvəzi qismində 5.000 manat, maddi ziyan kimi həkimlər və dava-dərmana xərclənmiş vəsaitin əvəzi qismində 1.000 manat, həmçinin ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, cavabdehlər onun barəsində polis şöbəsinə ərizə ilə müraciət edib, qaynanası Zəhranın qəbir daşını nəcislə buladığını göstərmişlər. Bu ərizə əsasında polisdə araşdırma aparılmış və qaynanasının qəbir daşını onun yox, başqa bir şəxsin nəcisə bulaşdırdığı müəyyən edilmişdir. Belə ki, qeyd olunan hərəkətləri edən şəxsin video görüntüləri əldə olunmuşdur. O, xəstə adamdır və cavabdehlərin onun barəsində yazdıqları şər, böhtan xarakterli şikayət əsasında onun xəstəliyi güclənmişdir. Nəticədə, o həkim müayinələrindən yenidən keçib maddi və mənəvi ziyana məruz qalmışdır. Hazırda da, o müalicə almaqdadır. Bundan başqa, cavabdehlərin onun barəsində yaydıqları şər və böhtan xarakterli məlumatlardan sonra o, insanlar içərisində biabır olmuşdur. Buna görə də, cavabdehlərin onun barəsində yaydıqları məlumatlar məhkəmə qaydası ilə təkzib edilməli və ona dəymiş maddi və mənəvi ziyanının əvəzi qismində cavabdehlərdən onun xeyrinə pul tutulmalıdır. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Yunis oğlu iddianı qəbul etməyərək bildirdi ki, bir müddət əvvəl o, anası Zəhranın məzarını ziyarət edərkən, anasının qəbrinin nəcisə bulaşdırıldığını görmüşdür. Bununla bağlı, o, polis şöbəsinə müraciət etmişdir. Orada ona videokamera görüntüləri izlətdirilmiş və kimdən şübhələndiyi soruşulmuşdur. Onun anasının qəbrini nəcisə bulaşdıran şəxsin üzü video görüntüyə yansımamış və buna görə də o həmin şəxsi tam aydın görə bilməsə də, İddiaçı bənzətmişdir. Sonradan polis əməkdaşlarını hadisəni törədənin əqli geriliyi olan bir şəxs olduğu söylənilmişdir. Lakin o, iddiaçı barəsində şərəf və ləyaqəti alçaldan ifadələr işlətməmiş, yalnız anasının qəbrini təhqir edən şəxsi aşkar etmək üçün hüquq mühafizə orqanlarına yardım etmək məqsədi ilə ona edilən şifahi sorğunu cavablandırmışdır. Sonda Cavabdeh1 Yunis oğlu iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçı barəsində yazmış olduğu şər və böhtan xarakterli məlumatların təkzib edilməsi, cavabdehlərin iddiaçını tanıyan qohumların qarşısında ondan üzr istəmələri, vurulmuş mənəvi zərərin əvəzi qismində 5.000 manat, maddi ziyan kimi həkimlər və dava-dərmana xərclənmiş vəsaitin əvəzi qismində 1.000 manat, həmçinin ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. A.H.Allaherverdiyeva öz iddia tələbini Cavabdeh1 və Cavabdeh2 polis şöbəsinə ərizə ilə müraciət edib, qaynanası Zəhranın qəbir daşını nəcislə buladığını göstərmələri ilə əsaslandırmışdır. Cavabdeh1 isə anası Zəhranın qəbir daşının nəcislə bulaşdırıldığına görə polis şöbəsinə müraciət etdiyini və ondan həmin əməlin törədilməsində kimdən şübhələndiyi soruşulduqda isə İddiaçı şübhələnməsini dediyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci mddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 204.1-ci maddəsinin tələbinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 7.0.2-ci maddəsinin tələbinə görə ərizəçi - özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda» 14 may 1999-cu il tarixli qərarında tövsiyə etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə hər bir şəxsin özünün həqiqi və ya ehtimal edilən hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır, belə əməl qanunla qadağan edilməmişdir və hüquqazidd deyildir. Digər tərəfdən iş materiallarından, habelə tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbir üzərində təhqiredici hərəkətlərlə bağlı hüquq mühafizə orqanlarına məlumat vermiş, məlumatın verilməsində məqsəd isə pozulması ehtimal edilən hüququn bərpası olmuş və hüquq-mühafizə orqanlarına yardım göstərilməsi üçün kimdən şübhələndiyi soruşularkən İddiaçı şübhələnməsini bildirmişdir. Lakin İddiaçı iddia ərizəsində də öz təsdiqini tapdığı kimi, qəbir üzərində təhqiredici hərəkətlərin edilməsinə dair cinayətinin törədilməsində hər hansı bir şəxsi ittiham etməmiş, özündə olan mövcud şübhələri şərəf və ləyaqətin alçaldılması həddinə qədər qaldırmamış, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasının cinayət-prosessual qanununvericiliklə müəyyən edilmiş qaydada aşkarlanması üçün hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmişdir. Bundan savayı Cavabdeh1 və Cavabdeh2 hüquq mühafizə orqanlarına müraciəti ilə bağlı İddiaçı barəsində hər hansı prosessual məcburiyyət tədbiri tətbiq olunmamış, hüquqlarının həyata keçirilməsi ilə əlaqədar prosessual məhrumiyyət və məhdudiyyətlər yaradılmamışdır. Bundan başqa, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni şərəf və ləyaqətinin alçaldılmasına dair cavabdehlər tərəfindən söz və ifadələrin işlədilməsini, bu söz və ifadələrin yayılması üçün cavabdehlər tərəfindən hərəkətlər edilməsini, eləcə də bunun nəticəsində ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2007-ci tarixli Qərarında göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin oxşar fakt ehtimallarından gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «məlumatların təkzib edilməsi, üzr istənilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul tələbi» barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «məlumatların təkzib edilməsi, üzr istənilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar