Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-432/2023 17.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı və cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız qeyd edilmiş 8640 m3 qaz sərfiyyatı xərci 1036 manat pulun silinməsi və vurulmuş zərərin kompensasiya edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-un 6 saylı ərazisində yerləşən ona məxsus evə dair süni və əsassız olaraq hesablanmış 8640 m3 qaz sərfiyyatı xərci olan 1036 manat pulun silinməsi və cavabdehin təqsiri nəticəsində ona dəymiş 170 manat zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun istehlakçı hüququ kobut şəkildə pozulmuşdur. Belə ki, cavabdehin əməkdaşları onun xəbəri olmadan akt tərtib etmiş, əsassız olaraq 8640 m3 qaz sərfiyyatı yazmışlar. Bundan onun qətiyyən xəbəri olmamışdır. Yaxın vaxtda ayın əvvəlində sayğacda pul bitəndə karta pul yükləmək istəmiş, mümkün olmamışdır. Saygac bloklanmışdır. Ayın 10-da «Asan xdmət»ə müraciət etdikdə məlum olmuşdur ki, onların barəsində akt tərtib edilib cərimə yazılmışdır. Həyat yoldaşı rəhmətə gedib, o, İ qrup əlil olmuşdur. 2 yaşlı övladı onun himayəsindədir. Gücbəla ilə birtəhər dolanır, heç bir gəliri yoxdur. Uşaqların pensiyası çörək pulu da kəsilib. Məcbur olub 100 manat verib odun almışdır. Qaz idarəsinə gedib gəlməkdən yorularaq 70 manat taksilərə pul vermişdir. Lakin hüquqlarını bərpa etməmişlər. Akta imza atanlar Avazov Müseyib, Atakişiyev Vaqif və Əsədov Səxavət hamısı inkar edib demişlər ki, onlar imza atmamışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, qaz istismar idarəsinin əməkdaşları aktı ona görə tərtib etmişlər ki, guya o, saygacdan kənar xəttə qoşulmuşdur. Halbu ki, onların çəkdikləri fotoşəkildə olan görüntü onun evinə gedən su şlanqı olmuşdur. O heç vaxt saygacdan kənar xəttə qoşulmamışdır. Evində quraşdırılmış qaz saygacına gedən boru 2022-ci ilin dekabr ayının sonu, yanvar ayının əvvəlində qırılmışdır, qırılandan sonra şlanq vasitəsi ilə boruya qoşub saygacdan keçərək qazdan istifadə etmişdir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X11 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı qaz saygacından kənar xəttə qoşulduğu üçün qaz istismar idarəsinin əməkdaşları tərəfindən aşkar edilərək müvafiq akt tərtib edilmiş, fotoşəkil çəkilmiş və itirilmiş qaz sərfiyatına görə qanuna müvafiq olaraq zərər hesablanmışdır. Hesab edirlər ki, akt tərtib olunarkən heç bir qanun pozuntuzuna yol verlmədiyindən zərərin silinməsi üçün əsas yoxdur.İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudurlar.İddiaçıya məxsus evə gedən qazın şlanqı qırılmışdır. Bununla bağlı Zibar onun telefonu ilə qaynar xəttə zəng vurub məlumat vermişdir.Zibarın evinə gedən qaz borusu onun öz hesabına çəkilmişdir. Boru yerlə çəkildiyi üçün maşın keçərkən qırılmışdır. Zibarın qaynar xəttə zəngindən sonra qaz idarəsinin əməkdaşlarının gəlib-gəlməmələri barədə məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşı arvadıdır. Zibarın evinə gedən qazın borusu qırılmışdır. Ola bilsin ki, həmin vaxt mal qara və ya üstünə müəyyən bir əşyanın düşməsi nəticəsində boru sınmışdır. Boru qırılanda adətən qaz havaya gedir. Qaz idarəsinin əməkdaşları su şlanqını boruya özləri qoşub video çəkiblər. Həmin ərazinin nəzarətçisi Səxavətə və qaynar xəttə zəng etdikləri üçün qaz idarəsinin əməkdaşları özləri gəlib borunun sınan yerini qaynaqla birləşdirmişlər. Boru dekabr ayında qıqılmışdır. Qaz idarəsinin əməkdaşları gəlib qaynaq edənə qədər yəqin ki qaz sızmaya getmişdir. Qaynaq olanda o, özü də iştirak etmişdir, şlanq su şlanqı idi və arteziandan gəlib çənə girirdi. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. 2022-ci ilin dekabr ayının sonu idi Zibar gəlib ondan qaynaq aparatını soruşmuşdur. Zibara onda qaynaq aparatı olmadığını bildirdikdə Zibar qaz idarəsinin işçisi Səxavətin nömrəsini ondan istəmişdir. O, Səxavətin nömrəsini Zibara vermişdir ki, Səxavət gil özləri qaynaq etsinlər. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, «Azəriqaz» X8 regional qaz istismar idarəsində xidmət rəisi işləyir. Qış aylarında gecə saatlarında reydlər keçirilir, şübhli abonentlərə baxış keçirilir. Reyd keçirilən gecə 3-4 ünvanda kənar xəttə qoşulan abonen aşkar olunmuşdur. Onlardan biri də iddiaçı olmuşdur. Bu barədə çəkiliş olunmuş səhərisi günü akt tərtib olunmuşdur. Akta abonent tərəfindən imza olunmasını dəqiq xatırlamır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, «Azəriqaz» X8 regional qaz istismar idarəsində böyük mütəxəssis işləyir. İddiaçının yaşadığı əraziyə çilingər kimi Səxavət aldı əməkdaşları nəzarət edir. Abonent olan şəxslərin hansı ünvanda sərfiyyatı az olur həmin ünvana baxış keçirilir. İddiaçının yaşadığı ünvana baxış keçirilərkən sayğacdan kənar xəttə qoşulduğu aşkar olunmuşdur. Gecə saatları olduğu üçün şlanqı açmamışlar ki, evə qaz dolub partlayış olar.Gecə saatları olduğu üçün çəkiliş aparıb səhərisi günü də akt tərtib etmişlər. Aktı tərtib edəndə abonent olan İddiaçı orada olmayıb. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, «Azəriqaz» X8 regional qaz istismar idarəsində nəzarətçi işləyir. İddiaçının kənar xəttə qoşulması gecə keçirilən reydlər zamanı aşkar olunub. Onun əmək funksiyası sayğacın sərfiyyatına salamatlığına 24 saat ərzində istənilən vaxt nəzarət etməkdir. İddiaçı saygacdan kənar əlavə xəttə qoşulması xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Həmin vaxt abonent sayğacdan kənar qaz xəttinə qoşulmuşdur. Məhkəmə xx.xx.2023-cü il tarixdə iddiaçının evinə gedən qaz xəttinə yerində baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının evinə çəkilmiş qaz xətti 20 diametrlik boru vasitəsi ilə iddiaçının evinin arxa tərəfindən yerin üstü ilə çəkilməklə saygaca çatmamış hissəsində kəsilmiş və qaz istismar idarəsinin əməkdaşları tərəfindən yenidən qaynaq vasitəsi ilə birləşdirilmişdir. Borunun çəkildiyi evin arxa tərəfində gediş gəliş yolu olduğu müəyyən edilməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı sayğacdan kənar əlavə xəttdən istifadə etmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 8640 m3 itirilmiş qaz sərfiyatının dəyəri iddiaçıdan tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmlə gələn münasibət olsa da mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5 və 6.7 bəndlərində qeyd edilir ki, qazpaylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi «Azəriqaz» İB-in əməkdaşları tərəfindən iddiaçının (istehlakçının) qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttə qoşulması aşkar olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı borunun kənar müdaxilənin təsirindən sınmasını və bununla bağlı ərizə ilə cavabdeh tərəfə müraciət etməsini göstərsə də məhkəmə baxışı zamanı həmin ərizənin möcudluğu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərdiyi dəlillər məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən iş üzrə ödənilməmiş 30,36 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız olaraq hesablanmış 1036 manat pulun silinməsi və dəymiş 170 manat zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İddiaçı dövlət rüsumu hesabına 30,36 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №2(125)-432/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-432/2023
17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver