Məhkəmə qərarları › İş №2(125)-4376/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4376/2023

04.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4376/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 11.070 manat, borc məbləğini gecikdirdiyi üçün illik 5 faiz hesablanmaqla 1.007 manat, mənəvi zərərin əvəzi qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 manat, cəmi 13.206 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən o, Bakı şəhəri 41 saylı notariat ofisində Cavabdeh 11.070 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borcalan borcu 29 iyul 2021-ci il tarixində qaytarmalı idi. Lakin Cavabdeh borcu qaytarmadığından o, məcbur qalaraq Gəncə şəhəri 3 saylı notariat ofisinə müraciət edərək, 20 oktyabr 2021-ci il tarixli icra qeydi almışdır. Qeyd olunan borc məbləğindən bu günə kimi heç bir ödəniş olmamışdır. Cavabdeh borcu qaytarmamaq üçün icra qeydi üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli e-2(006)-2884/2022 nömrəli qətnaməsi ilə Cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X3 və ona qarşı «icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinn etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 124 manat dövlət rüsumu Cavabdeh aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7350/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2884/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsinin qismən – icra qeydinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən – icra qeydinin ləğv edilməsi hissəsində təmin edilməsi və Gəncə şəhəri 3 saylı Notariat Ofisinin Sayad Nağıyev tərəfindən 20 oktyabr 2021-ci il tarixdə verilmiş və reyestrdə 8İ-3219 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş icra qeydinin ləğv edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7350/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmişdir. Bundan başqa, borcun qaytarılmalı olduğu 29 iyul 2021-ci il tarixdən 15 may 2023-cü il tarixədək 655 gün keçmişdir. İllik 5 faiz hesablanmaqla bir günə düşən faiz dərəcəsi 1,5375 manat edir. Cəmi məbləğ isə 655 gün x 1,5375 manat = 1.007 manatdır. İddia tələbindən də göründüyü kimi cavabdeh borcu ödəməmək üçün hüquqlarından sui-istifadə edir. Buna görə də o, dəfələrlə Gəncə şəhəri İcra Şöbəsinə, müxtəlif dövlət orqanlarına getməli olmuş, vəkillə müqavilə bağlamışdır. Bütün bunlara görə xərc çəkmişdir. Xərcdən əlavə bütün proses boyu onun əsəbləri pozulmuşdur. Yaxşılıq edib, verdiyi pulu geri ala bilməmişdir. Hər dəfə ciddi sarsıntı keçirmiş, bu da onun səhhətində ciddi fəsadlar törətmişdir. Buna görə də cavabdehdən əlavə olaraq mənəvi zərərə görə 1.000 manat məbləğində pul tutulmalıdır. Sonda İddiaçı iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 11.070 manat, borc məbləğinin gecikdirdiyi üçün illik 5 faiz hesablanmaqla 1.007 manat və mənəvi zərərin əvəzi qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 manat, cəmi 13.206 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 09 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 11.050 manat, ABŞ dolları ilə ekvivalenti ilə 6.500 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh həmin borcu 29 iyul 2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(102)-1768/2023 nömrəli qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2884/2022 nömrəli 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və İddiaçı qarşı «icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddiasının rədd edilməsi, ödənilmiş 124 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7350/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2884/2022 saylı, 24 avqust 2022-ci il tarixli qətnaməsinin qismən - icra qeydinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbi qismən – icra qeydinin ləğv edilməsi hissəsində təmin edilməsi və Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu Sayad Nağıyev tərəfindən 20 oktyabr 2021-ci il tarixdə verilmiş və reyestrdə 8İ-3219 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş icra qeydinin ləğv edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(102)-1768/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7350/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında 29 yanvar 2021-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 11.050 manat, ABŞ dolları ilə ekvivalenti ilə 6.500 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh həmin borcu 29 iyul 2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh qeyd olunan borcunu qaytarmamış və bununla əlaqədar 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 20 oktyabr 2021-ci il tarixli 8İ-3219 reyestr nömrəli icra qeydi verilmişdir. Cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və İddiaçı qarşı «icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2884/2022 nömrəli 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və İddiaçı qarşı «icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddiasının rədd edilməsi, ödənilmiş 124 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7350/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2884/2022 saylı, 24 avqust 2022-ci il tarixli qətnaməsinin qismən - icra qeydinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbi qismən – icra qeydinin ləğv edilməsi hissəsində təmin edilməsi və Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu Sayad Nağıyev tərəfindən 20 oktyabr 2021-ci il tarixdə verilmiş və reyestrdə 8İ-3219 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş icra qeydinin ləğv edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(102)-1768/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7350/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 29 yanvar 2021-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinin etibarlılığına Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2884/2022 nömrəli 24 avqust 2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 7350/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(102)- 1768/2023 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş, həmin kredit müqaviləsinin etibarsızlığına dair hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə borcu 29 iyul 2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüş, lakin ötən 2 il müddətində qeyd olunan öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 11.070 manat və müqavilənin bitdiyi tarixdən – 29 iyul 2021-ci il tarixdən 22 may 2023-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.007 manat, ümumilikdə 12.077 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddianı mənəvi zərərin əvəzi kimi 1.000 manat pul tələbinə dair hissədə əsaslı hesab etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətində narahatlıqlar yarandığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması istisna edilməsə də, məhkəmə hesab edir ki, belə mənəvi sarsıntının əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.070 (on bir min yetmiş) manat, müqavilənin bitdiyi tarixdən – 29 iyul 2021-ci il tarixdən 22 may 2023-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.007 (bir min yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 (bir yüz iyirmi doqquz) manat, cəmi 12.206 (on iki min iki yüz altı) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar