Məhkəmə qərarları › İş №2(125)-45/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-45/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-45/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı (və digər İddiaçı2 nümayəndəsi) İddiaçı1, Cavabdeh (və digər Cavabdeh2 nümayəndəsi) Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payların naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və X4 qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, N.Nərimanov prospekti, 6-cı döngə, 16 nömrəli ünvanda 565 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 139.7 kv.m olan yaşayış evindən və torpaq sahəsindən paylar üzrə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, N.Nərimanov prospekti, 6-cı döngə, 16 nömrəli, 565 kv.m torpaq sahəsində yerləşən, ümumi 139.7 kv.m sahəsi olan yaşayış evi xx.xx.2021-ci ildə vəfat etmiş ataları X2 miras qalmışdır. Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-613/2023 saylı qətnaməsi ilə onların hər biri həmin mirasdan 1/8 pay almışlar. İkisinin birgə payı mülkün ¼-ni təşkil edir. Cavabdehlərdən Hacıyeva (Nəsibova) Leyla Sahib qızı atalarının ikinci arvadıdır, mirasın yarısı onun mülkiyyəti sayılır. O da, oğlu Cavabdeh2 da qanun üzrə vərəsələr kimi, yəni onlar kimi mirasdan 1/8 pay almalıdır. Lakin onlar nə vərəsəlik hüququ haqqında şəhadətnamələr, nə də mülkiyyət hüququ haqqında şəhadətnamə almağa tələsmirlər. Amma miras mülkdə yaşayıb, onları ora yaxın buraxmırlar. Ona görə də bu iddianı qaldırmaq zərurətində qalmışlar. Həmin evdən onlar, iddiaçıların birgə 1/4 payına 34,92 kv.m tikili sahəsi və 141,2 kv.m torpaq sahəsi düşdüyü üçün hesab edirlər ki, həmin payların birlikdə real (naturada) ayrılması mümkündür. Paylarına düşən torpaq sahəsi tikili sahəsi ilə 2 sotdan bir azacıq kiçikdir, yəni naturada ayrılması üçün yetərlidir. 34,92 kv.m tikili sahəsinin ayrılması üçün bir kiçik yaşayış otağı və mətbəx yeri bəs edər, darısqallığı olarsa, 141,2 kv.m sahələrində əlavə tikinti apara bilərlər. Paylarının ayrılması texniki cəhətdən mümkündür. Ayırmaq mümkün olmazsa, onlar paylarının əvəzinə pul tələb edəcəklər. Ümumi mülkiyyətdə olan bu evin naturada bölgüsü onlara vacib lazımdır, çünki ümumi mülkiyyətdə olan evdə yalnız cavabdehlər yaşadığından onlar paylarından istifadə edə bilmir, əmlaklarına kənardan baxmaq məcburiyyətində qalırlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri, N.Nərimanov prospekti, 6-cı döngə, 16 nömrəli ünvanda yerləşən ümumi sahəsi 139.7 kv.m olan yaşayış evindən və torpaq sahəsindən 2/8 hissədə olan paylarının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı (və digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (və digər Cavabdeh2 nümayəndəsi) Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İiş materiallarından müğyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 0,0565 ha torpaq sahəsindən və ümumi sahəsi 139,7 kv.m olan fərdi yaşayış evindən ibarət **********12-10301 reyestr nömrəli daşınmaz əmlak tərəflərin ümumi paylı mülkiyyətində olmaqla, 6/8 hissəsi X3, 1/8 hissəsi İddiaçı1, 1/8 hissəsi isə İddiaçı2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli 3-16-16/2-10/9312 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər arasında 6/8, 1/8 və 1/8 hissədə paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş, ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədiqiatlarının dəyəri 100 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,0565 ha torpaq sahəsindən və ümumi sahəsi 139.7 kv.m olan fərdi yaşayış evindən ibarət **********12-10301 reyestr nömrəli daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını tələb edir. İddiaçının bu tələbi qanunidir. Belə ki, qüvvədə olan qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İş üzrə ekspert rəyindən isə müəyyən olunur ki, daşınmaz əmlakın naturada, yəni əmlakın 6/8 hissəsinin qalan hissələrdən bölünüb ayrılması faktiki cəhətdən mümkün deyildir. Həmçinin, iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehlər razılıq verməmişlər. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan sözügedən daşınmaz əmlakda iddiaçıların 2/8 hissədə paylarının real surətdə ayrılması mümkün deyil. Başqa sözlə, hazırkı vəziyyətdə iddiaçılara məxsus payların cavabdehlərin payından naturada ayrılması cavabdehlərin mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları bu iddianın təmin edilməsinə əsas vermir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payların naturada ayrılması tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq, (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar