Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4549/2024 20.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən mülkiyyət hüququ əsasında ona məxsus 20EN363 qeydiyyat nişanlı, istehsal ili 2010, ağ rəngli, Man TGX 18 440 yük markalı dartıcı nəqliyyat vasitəsinə əmlaka tutma yönəldilməsi barədə reyestrdə 8İ-5365 nömrəli, xx.xx.2024-cü il tarixdə aparılmış icra qeydinin ona göndərilməməsini nəzərə alaraq, 8İ-5365 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar “X4” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər 5 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ 1014, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin/ tələbi ilə ipoteka qoyan ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan 20EN363 qeydiyyat nişanlı, istehsal ili 2010, ağ rəngli, Man TGX 18 440 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 60micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 63796,26 manat əsas borc, 5916,38 manat faiz borcu, 1050,95 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 70763,59 manat təşkil etmişdir.) Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmış və reyestrdə Sİ-5365 nömrə ilə qeyd edilmişdir. Qəbul edilmiş icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydi barədə ona bildiriş və yaxud digər formada hər hansı bir məlumat verilməmişdir. İcra qeydi haqqında məlumatı icra məmurundan almışdır və bundan sonra Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X1 müraciət edərək icra qeydini xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Eyni zamanda, onun kredit müqaviləsi üzrə borcu icra qeydində göstərilən məbləğdən əhəmiyyətli dərəcədə azdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edib əlavə olaraq göstərdi ki, icra qeydi ilə bağlı notariat ofisi tərəfindən bildiriş göndərilməmişdir. İddiaçı vaxtlı-vaxtında borclarını ödəmiş, Sibirdə maşını vurulduqdan sonra xərci çox çıxdığından gecikmələr olmuşdur. Bank tərəfindən göndərilmiş bildiriş Tağıyev soyadlı şəxs tərəfindən götürülmüşdür, halbuki həmin evdə Tağıyev soyadında adam yoxdur. İddiaçı tərəfindən həmin bildirişə etiraz verilmiş, bank tərəfindən nəzərə alınmamışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh ünvan 3 ünvanlayaraq məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 228micKPZ/22-EM nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 60micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 80000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 20EN363 qeydiyyat nişanlı, istehsal ili 2010, ağ rəngli, Man TGX 18 440 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsini bank qarşısında ipoteka qoyaraq bu barədə rəsmi reyestrdə qeydiyyat aparılaraq müvafiq çıxarış verilmişdir. İddiaçı dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bank qarşısında öz öhdəliyini yerinə yetirməmişdir. İcra qeydinin aparılması üçün notariat ofisinə müraciət edilməmişdən 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərilmiş və daxil olmuş xəbərnamədən məlum olmuşdur ki, həmin bildiriş borclu tərəfindən qəbul edilmişdir. Borclu tərəfindən bildirişə etiraz edilməsi ilə bağlı heç bir məktub banka daxil olmamışdır. X2 tərəfindən verilmiş və imzasız formada banka daxil olmuşdur. Notarius tərəfindən icra qeydi verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, prosessual qaydalara əməl olunmaqla verilmişdir. İddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 60micKPZ/23 saylı əlavə kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə, xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 18 faiz olmaqla 80000 manat məbləğində kredit verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisində 3M-40 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq ipoteka qoyan İddiaçı özünə məxsus 20EN363 qeydiyyat nişanlı, istehsal ili 2010, ağ rəngli, Man TGX 18.440 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsini ipoteka saxlayan "xxxx" ASCyə ipoteka qoymuşdur. Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə, 8İ-5365 reyestr nömrə ilə təsdiq olunmuş notariat işində olan: -xx.xx.2024-cü il tarixli, 8İ-5365 reyetsr nömrəli icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan 20EN363 qeydiyyat nişanlı, istehsal ili 2010, ağ rəngli, Man TGX 18. 440 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsindən ibarət əmlaka tutma yönəldilməlidir. Tutulmalı olan məbləğ cəmi 70763,59 manat təşkil edir. -İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş poçt vasistəsilə borclu İddiaçı ünvanına göndərilmişdir. 193360 saylı qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli bildiriş İddiaçınnun ünvanına xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı iddia etmişdir ki, icra qeydi barədə ona bildiriş və yaxud digər formada hər hansı bir məlumat verilməmişdir. İcra qeydi haqqında məlumatı icra məmurundan almışdır və bundan sonra Gəncə şəhəri 5 saylı notariat ofisinə müraciət edərək icra qeydini xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Eyni zamanda, onun kredit müqaviləsi üzrə borcu icra qeydində göstərilən məbləğdən əhəmiyyətli dərəcədə azdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 gün müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verməmiş iddia tələbini bildirişin ona təqdim edilməməsi kimi əsaslandırmışdır. İddiaçı iddiasında bildirişin ona təqdim edilməməsini göstərmiş, digər tərəfdən iddiaçının nümayəndəsi məhkəmə iclasında ipotekaya tutmanın yönəldilməsi barədə bildirişi aldıqdan sonra bildirişə qarşı etiraz yazdıqlarını iddia etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4549/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4549/2024
20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver