Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-458/2023 21.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16) “əmlaka payın naturada ayrılması və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, ev 34-də real olaraq paylar uyğun olaraq 1/3 və 2/3 hissə ilə bölgüsünün aparılmasına, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, General Mehmandarov küçəsi, 1-ci döngə ev 34-ün 1/3 hissəsi cavabdehin mərhum atasına, 2/3 hissəsi isə ona məxsusdur. Cavabdeh həmin mülkdə yaşayır. Cavabdehlə mülkdə real bölgü aparmadan yaşamaq mümkün deyildir. Cavabdeh atası öləndən sonra yəni 2013-cü ildən sonra mülkdə yaşamaqla 1/3 hissə payı qəbul etmişdir. O, bu 1/3 hissə payı qanun üzrə vərəsə kimi adına da keçirmir. Ona görə də məhkəmə qaydası ilə mülkdə real bölgü aparılmalıdır. O, cavabdehə bildirmişdir ki, 20.000 manat verim mülkdən çıx, və ya cavabdeh ona 20.000 manat versin o, həmin mülkdən çıxsın. Cavabdeh bu təkliflərin heç biri ilə razılaşmır. Ona görə də mülkdə real bölgünün aparılmasına zəruri ehtiyac yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər məhkəməyə birgə ərizə verərək bildirmişdir ki, ataları İsmayıl Dadaşov vəfat etdikdən sonra sonra onun 4 oğlu mübahisəli evdə yaşamışdır. Şahin vəfat etdikdən soran arvadı və uşağı orada yaşamamışdır. İsmayıl vəfat etdikdən sonra bugünədək Rauf və Ramiz həmin evdə yaşamışdır. İddiaçı mübahisəli evdə yaşamasına etiraz etmirlər və maneə yaratmırlar. Cavabdehlər məhkəməyə birgə ərizə verərək bildirmişdir ki, iş üzrə iddiaçının tələb etdiyi payın dəyəri olan kompensasiya olaraq 25000 manat ödəməyə imkanının olmadığını bildirdi. 15000 manat ödəməyə gücünün catdığını bildirdi. Cavabdehlər hər biri ayrı-ayrılıqda iddianın təmin olunmasına etiraz etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Belə ki, iş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin görünür ki, X13 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubundan görünür ki, X7 ailə tərkibi arvadı X17 (xx.xx.2008-ci ildə vəfat edib), uşağı X21 (xx.xx.2013-cü ildə vəfat edib), uşağı X16, uşağı Cavabdeh2, uşağı Cavabdeh1 ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, General Mehmandarov küçəsi, 1-ci döngə, ev 34 (keçmiş Bakinskaya küçəsi, Yerevan küçəsi, 32) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 163.12 kv.m torpaq sahəsinə dair 16 iyul 1948-ci il tarixli torpaq qeydi X22 adına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun xx.xx.1959-cu il tarixli, 15-2332 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən fərdi yaşayış evi X23 vərəsəsi X3. Kirovabad şəhər 4 saylı notariat kontorunun xx.xx.1959-cu il tarixli, 18/3022 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülk X2. Fərdi yaşayış evinin yerləşdiyi 167.70 kv.m torpaq sahəsinə dair 16 avqust 1962-ci il tarixli torpaq qeydi X18 adına işlənilmişdir. Kirovabad şəhər 1 saylı notariat kontorunun xx.xx.1978-ci il tarixli, 3K- 2-554 reyestr nömrəli Şəxsi mülkiyyət hüququ haqqında şəhadətnaməsinə və xx.xx.1978ci il tarixli, 3K-2-555 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülk X4 (5/8 hissə), X7 (1/8 hissə), X8 (1/8 hissə) və X9 (1/8 hissə) payları göstərilməklə adlarına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 167.70 kv.m torpaq sahəsinə dair 29 iyun 1978-ci il tarixli torpaq qeydi X4 (5/8 hissə), X7 (1/8 hissə), X8 (1/8 hissə) və X9 (1/8 hissə) payları göstərilməklə adlarına işlənilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 2V-1-241 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülkün X5 məxsus 5/8 hissə X10, X11 və X1. Həmin şəhadətnamə əsasında X7 (1/3 hissə), X8 (1/3 hissə) və X9 (1/3 hissə) payları göstərilməklə xx.xx.2004-cü il tarixli, 21395 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-3- 550 reyestr nömrəli evin 2/3 hissəsinin bağışlama müqaviləsinə əsasən X14 (1/3 hissə) və X15 (1/3 hissə) tərəfindən paylarını İddiaçı bağışlanmışdır. X7 (1/3 hissə) və İddiaçı (2/3 hissə) payları göstərilməklə adlarına xx.xx.2004-cü il tarixli, 21395 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, General Mehmandarov küçəsi, 1-ci döngə, 34 nömrəli fərdi yaşayış evinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, mübahisəli əmlak iddiaçıya 2/3, X10 1/3 paylı mülkiyyət hüququ əsasında məxsusdur. X13 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən etibarən İsmayıl Dadaşova məxsus pay Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras əmlaka sahiblik və istifadə edilməklə qəbul edilmişdir. Cavabdehlər tərəfindən həmin əmlakın öz adlarına rəsmiləşdirməsi üçün lazımi hərəkətlər yerinə yetirilməsə də, bu hal mirasın faktiki qəbulunu və onun hüquqi nəticələrini aradan qaldırmır, habelə İddiaçı mübahisəli əmlaka dair mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnməli deyil. Beləliklə, mübahisəli əmlaka dair X6 miras qalmış 1/3 paya cavabdehlər bərabər pay hüquqlu vərəsələr sayılırlar və miras qoyanın öldüyü gün olan mirasın açıldığı tarixdən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə həmçinin qeyd edir ki, həmin paylı mülkiyyətçinin digər vərəsələrinin miras paya dair hüqunun yaranması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqedə göstərilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Tərəflər paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmiş, əmlakın naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün deyildir. İddiaçı ilə cavabdeh tərəf payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli əmlaka dair X6 miras qalmış 1/3 paya cavabdehlər bərabər pay hüquqlu vərəsələr sayıldığından əmlakın açıq hərracdan satılmasıyla əldə edilən vəsaitə cavabdehlərin bərabər pay hüququ yaranır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, İddiaçı 2/3 hissədə paylı mülkiyyətində olan və X7 1/3 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 nömrəli ev açıq hərracda satılaraq satışdan əldə edilən pul İddiaçı və X7 paylarına mütənasib surətdə onların arasında bölüşdürülməli; açıq hərracda satışdan əldə edilən pulun X7 payına mütənasib hissəsi Cavabdeh1 və Cavabdeh2 arasında bərabər paylarla bölüşdürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı 2/3 hissədə paylı mülkiyyətində olan və X7 1/3 hissədə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 nömrəli ev açıq hərracda satılaraq satışdan əldə edilən pul İddiaçı və X7 paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. Açıq hərracda satışdan əldə edilən pulun X7 payına mütənasib hissəsi Cavabdeh1 və Cavabdeh2 arasında bərabər paylarla bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-458/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-458/2023
21.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver