Məhkəmə qərarları › İş №2(125)-4603/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4603/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4603/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Cavabdeh2 üçüncü şəxs göstərməklə) pul tələbinə dair “məcburetmə barədə” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Cavabdeh2 üçüncü şəxs göstərməklə) qarşı məcburetmə barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xidməti vəzifəsini icra edən zaman faciəli şəkildə həlak olan oğlu, sabiq polis leytenantı X1 Daxili İşlər Nazirliyi tərəfindən təyin olunmuş sığorta məbləğinin ödənilməsi vəzifəsinin Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Məcburetmə” adı ilə qeyd edilən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci maddəsi). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (MPM-in 25.1-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır. Göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsini “məcburetmə” başlığı altında tərtib etməklə məhkəməyə təqdim etmişdir. Lakin mülki məhkəmə qaydasında belə tələb baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, belə tələb, yəni “məcburetmə” tələbi inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Hazırkı əsaslarla, yəni “məcburetmə” adlandığı halda bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya məcburetmə adlandırdığı hazırki tələbi üzrə müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Cavabdeh2 üçüncü şəxs göstərməklə) pul tələbinə dair “məcburetmə barədə” iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar