Məhkəmə qərarları › İş №2(125)-4626/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4626/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4626/2024 02.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «işgüzar nüfuzunu ləkələyən məlumatların cavabdeh şəxs tərəfindən təkzib olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «işgüzar nüfuzunu ləkələyən məlumatların cavabdeh şəxs tərəfindən təkzib olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsində yaydığı işgüzar nüfuzunu ləkələyən məlumatlara görə ondan üzr istəməsini, cavabdehdən yalan məlumatlara görə ona vurduğu 2000 manat mənəvi ziyanı və məhkəmə üçün ödənilmiş 41 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru vəzifəsində çalışır. Cavabdeh təqsiri ucbatından işgüzar nüfuzuna xələl gəlmiş, pisxoloji sarsıntı keçirtmiş, nəticədə həm mənəvi, həm də maddi ziyana düşmüşdür. Belə ki, Cavabdeh ilə heç bir əlaqəsi və tanışlığı olmamışdır. Cavabdeh əvvəlcə onun atası X2 barəsində şərböhtan xarakterli məlumatlar yaymışdır. Bu səbəbdən də atası X2 Cavabdeh qarşı işgüzar nüfuzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh atasının Gəncə Şəhər Məhkəməsindəki iddiasından sonra ona qarşı yalan məlumatlar yayaraq haqqında “TİK-TOK” sosial şəbəkəsi vasitəsi ilə ona qarşı işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymışdır. Cavabdehin verdiyi şər böhtan dolu məlumatlar nəticəsində işgüzar nüfuzu ləkələnmişdir. Cavabdehin həqiqətə uyğun olmayan yalan məlumatlar yayması tam müəyyən edilmişdir. Beləliklə, məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, sosial şəbəkələrdə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Ona görə də cavabdeh özü tərəfindən yaydığı (şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən) məlumatları təkzib etməli, dəymiş maddi və mənəvi zərəri ona ödəməlidir. Cavabdehin barəsində həqiqəyə uyğun olmayan məlumatlar verməsinə görə o, mənəvi ziyana düşmüşdür. Belə ki, cavabdehin hərəkəti nəticəsində iztirab keçirtmiş və psixoloji əzab çəkmişdir. Ona görə cavabdeh ona vurduğu 2000 manat miqdarında mənəvi ziyanı ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, onun atası Göygöl Rayon Üçtəpə kəndində bələdiyyə sədri olmaqla, cavabdeh atası Rzadan qanunsuz torpaq sahəsi tələb etmişdir. Daha sonra cavabdeh onun atasının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaydığına görə atası Rza cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4602/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə həmin iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən atası Rza Məmmədov barəsində “TİK-TOK” sosial şəbəkəsində yayılmış məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi qət edilmişdir. Bundan sonra cavabdeh qisas almaq üçün onu, qardaşlarını şantaj etməyə başlamışdır. Ümumiyyətlə, Cavabdehla nə rastlaşmamış, nə də xidmətdə olan zaman cavabdeh barəsində xidməti vəzifəsindən irəli gələn tədbirlər görməmişdir. Buna baxmayaraq Cavabdeh “TİK-TOK” sosial şəbəkəsində onun rüşvət alması və rüşvət verməsi barədə yalan, həqiqətə uyğun olmayan sözlər danışmışdır. Buna görə onun şərəf, ləyaqət və işgüzar nüfuzu zədələnmiş, o cümlədən, mənəvi sarsıntı keçirtmişdir. Cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4602/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən iddiaçı X2 barəsində “Tik-Tok” sosial şəbəkəsində yayılmış məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi və iddiaçı barəsində yaydığı məlumatları Göygöl Rayonu Üçtəpə Bələdiyyəsinin inzibati binasında təkzib etməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 72 manat alınaraq, iddiaçı X1 xeyrinə ödənilməsi və Cavabdeh dövlət rüsumu hesabına 28 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. CD diskdəki görüntülərdən görünür ki, Cavabdeh “TİK-TOK” sosial şəbəkəsində “Salam əziz izləyicilər, salam Azərbaycan xalqı” deyib, Şəmkir postunun komandirinə müraciət edərək, postda çalışan İddiaçı xalqı incidərək, İddiaçı rüşvət almasını bildirmişdir. Həmçinin digər CD diskdəki görüntülərdən görünür ki, Cavabdeh “TİK-TOK” sosial şəbəkəsində “Cənab nazir, Şəmkir postunda nə baş verir, İddiaçı fəaliyyətindən xəbəriniz varmı, post komandiri hara baxır” başlığı ilə video paylaşmışdır. Bundan başqa CD diskdəki digər görüntülərdən aydın olur ki, Cavabdeh “TİK- TOK” sosial şəbəkəsində AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ünvanlanan SMS Xəbərdarlığın üzərində “Şəmkir postunun komandiri rüsvətxor işçin İddiaçı sahib çıx” başlığı altında yazı paylaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların yayılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılmasını, həmin məlumatların yalan olmasını, habelə iddiaçının mənəvi zərərə məruz qalmasını, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Beləliklə, məhkəmə iddiaçının izahatını və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh İddiaçı ünvanına hüquqazidd ifadələr işlətməklə iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaltmışdır. Bununla yanaşı məhkəmə, ilk növbədə iddiaçı tərəfin təqdim etdiyi CD disklərə qiymət verilməsini mübahisənin düzgün həll edilməsi baxımından zəruri hesab edir. Belə ki, həmin CD disklərə baxış keçirilən zaman həmin diskdə əks olunanların yönəldiyi şəxs İddiaçı olduğu və həmin məlumatların həqiqətə uyğun olmayan yalan məlumatlar olmaqla, iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə CD diskləri tərəflərin qarşılıqlı münasibətini müəyyən edən hissədə sübut növü kimi qəbul edir və nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh yaydığı məlumatların doğruluğunu sübut etmədiyindən, iddiaçı bu məlumatların həqiqətə uyğun olmaması əsası ilə yalan məlumatın yayılması nəticəsində şərəf, ləyaqət və işgüzar nüfuzuna dəyən mənəvi zərərin ödənilməsi tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçının barəsində yayılan yalan məlumatlar onun haqqında mənfi rəyin formalaşmasına, habelə iddiaçının yaşadığı ərazidə, iş yerində onu tanıyan şəxslər arasında nüfuzunun sarsılmasına səbəb olmuşdur. Bu hal isə iddiaçının şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən mülki məsuliyyət daşıyır. O, yaydığı məlumatlara görə üzr istəməklə təkzib verməlidir. İddianın bununla bağlı hissəsi əsaslıdır. Tələbin üzr istənilməsinin forma və məzmunu ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının haqqında söylədiyi yalan məlumatlar yazılı qaydada həyata keçirilməlidir. Göstərilən qaydada üzr istənilməsi məlumatların yayılmasının dərəcəsinə və xarakterinə uyğun gəlir. Ona görə də cavabdeh şərəf, ləyaqəti və işgüzar nüfuzu ləkələyən məlumatları yazılı qaydada həmin məlumatların həqiqətə uyğun olmadığını göstərməklə üzr istəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatın yayılması üsuluna uyğun olmalıdır. İddianın mənəvi zərərə görə 2000 manat məbləğində kompensasiya hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, cavabdehin heç bir sübutu olmadan iddiaçının həyatına mənfi təsir göstərən yalan məlumatları yayması, şübhəsiz ki, iddiaçının yuxarıda sadalanan yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə bir araya sığmadığına görə onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. Cavabdeh heç bir əsas olmadan iddiaçını nüfuzdan salan, onun barəsində yalan məlumatlar yaymaqla iddiaçını mənəvi zərərə məruz qoymuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərər tələbi qismən əsaslıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 2000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, yayılan yalan məlumatların xarakterinə, həmin yalan məlumatların kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıqaşkar ədalətsiz pul tələbidir. Belə ki, mülki işə məhkəmədə baxılarkən, iddiaçı cavabdehin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatları yaydığını və keçirdiyi mənəvi sarsıntıları sübuta yetirsə də, lakin fiziki iztirab nəticəsində sağlamlığının pozulması ilə bağlı dəyən zərər barədə, habelə zərərvuran şəxsin əmlak vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, nə də iş materiallarından da belə bir sübutun olması görünmür. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd hərəkətləri iddiaçının şüurunda müəyyən mənfi–psixi reaksiyaya səbəb olsa da, o, tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmamışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, tərəflərin maddi, əmlak vəziyyətini, həmçinin digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, kompensasiyanın məbləğinin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin hüquqa zidd hərəkətlərinin təhlükəlilik dərəcəsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərər vuran şəxsin, yəni cavabdehin həmin hərəkətləri törətməkdə təqsirli olması, habelə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, onun qanunla qorunan hüquqlarının pozulması ilə müşayiət olunduğundan, iddiaçı tələb etdiyi məbləğdə deyil, 500 (beş yüz) manat miqdarında mənəvi zərərə məruz qalmışdır və bu kifayət qədər ağlabatan məbləğ olmaqla yanaşı cavabdehi əsassız olaraq maddi məhrumiyyətə düçar etmir. Məhkəmə bir daha öz mövqeyinə uyğun olaraq qeyd edir ki, iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, onu tanıyan şəxslər arasında nüfuzdan salan yalan məlumatların yayılması, cavabdehin eyni üsulla həmin məlumatları təkzib etməsi yolu ilə pozulmuş hüquqlarının bərpası mümkündür. Belə olan halda iddiaçının 2000 manat məbləğində mənəvi zərərə görə kompensasiya tələb etməsi, işin həqiqi hallarına uyğun sayıla bilməz. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddianın mənəvi zərərin əvəzinə 2000 manat məbləğində pul kompensasiyası verilməsinə aid hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 500 (beş yüz) manat mənəvi zərərə görə pul alınıb iddiaçıya verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı barəsində “TİK-TOK” sosial şəbəkəsində yayılmış məlumatlar həqiqətə uyğun olmayan yalan məlumatlar hesab edilməli, Cavabdeh iddiaçı barəsində yaymış olduğu həmin məlumatlara görə İddiaçı yazılı qaydada üzr istəməli və Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində “TİK-TOK” sosial şəbəkəsində yayılmış məlumatlar həqiqətə uyğun olmayan yalan məlumatlar hesab edilsin. Cavabdeh iddiaçı barəsində yaymış olduğu həmin məlumatlara görə İddiaçı yazılı qaydada üzr istəsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı olmaqla, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar