Məhkəmə qərarları › İş №2(125)-4647/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4647/2023

21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4647/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehlərin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mirasda məcburi pay almaq hüququndan məhrum etmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçının ölümündən sonra məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Z.Tağıyev küçəsində yerləşən 41 nömrəli daşınmaz əmlak onun mülkiyyətindədir. Cavabdehlər onun övladları və o, övladları üçün yaxşı valideyn olmuş, onların qayğılarına qalmışdır. O, «Çernobıl qəzası»nın iştirakçılarındandır. Bir müddət bundan əvvəl o, ayağında yaranmış xəstəliklə əlaqədar əməliyyat olunmuş, lakin həmin müddət ərzində övladları onunla maraqlanmamış, onun qayğısına qalmamışdır. Hazırda o, qayğıya ehtiyacı olan şəxsdir. Lakin övladlarının ona qarşı laqeyd münasibəti onun ata ləyaqətini alçaldır. Buna görə də o, öldüyü halda uşaqlarına hər hansı payın çatmasını istəmir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlərin nümayəndəsi X2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdehlərin məcburi paydan məhrum edilmələri üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların heç biri mövcud deyildir. Belə ki, iddiaçının övladları olan cavabdehlər bugünədək iddiaçıya qarşı heç bir cinayət və ya əxlaqsız hərəkət törətməmişlər. Cavabdehlərin iddiaçıya qarşı soyuq münasibət göstərmələrinin səbəbi məhz iddiaçının özü olmuşdur. Sonda E.S.Məmmədova iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehlərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 21 iyul 2023-cü il tarixli 3-21-3-33/2-6520/2023 nömrəli daşınmaz əmlaka dair məlumatın verilməsi və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə arayışdan görünür ki, Gəncə şəhəri, Z.Tağıyev küçəsi, 41 saylı ev 18 iyun 1998-ci il tarixli, 3Ç-2-216 saylı alqı-satqı müqaviləsinə əsasən X3 tərəfindən İddiaçı satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə yğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin «məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar» müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin «vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar» müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Qeyd edilən qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından göründüyü kimi, miras qoyanın uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi paydan məhrum edilə bilmələri üçün onların miras qoyana qarşı Mülki Məcəllənin 1137 və ya 1138-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi mütləq müəyyən edilməlidir. Digər hallarda onların məcburi paydan məhrum edilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununlada özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə ) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz , bu şərtlə ki , həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin maddə əsas götürülərək hazırki iş üzrə cavabdehlər o halda məcburi paydan məhrum edilə bilərlər ki, onlar iddiaçıya qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsunlar. Lakin, iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından aydın olur ki, iddiaçının övladları olan iş üzrə cavabdehlər bugünədək iddiaçıya qarşı hər hansı nə cinayət əməli, nə də bu və ya digər şəkildə əxlaqsız xarakterli hərəkətlər törətməmişlər. İddiaçı yalnız övladlarının ona qarşı laqeyd davranmalarını, xəstə olması ilə əlaqədar onun qayğısına qalmamalarını, onunla maraqlanmamalarını əsas gətirərək cavabdehlərin məcburi paydan məhrum edilmələrini tələb etmişdir ki, məhkəmə hesab edir ki, bu hallar iddiaçıya qarşı yönəlmiş əxlaqsız xarakterli hərəkətlər kimi qiymətləndirilə bilməz və beləliklə də cavabdehlərin məcburi paydan məhrum edilmələri üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsində görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1138-ci maddəsi də əsas götürülərək cavabdehlər məcburi paydan məhrum edilə bilməzlər. Belə ki, həmin maddənin tələbinə görə cavabdehlər iddiaçının saxlanılması üzrə onların öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırdıqda, onlar məcburi paydan məhrum edilə bilərlər. Lakin, işin faktiki halları ilə hazırda cavabdehlərin iddiaçını saxlamaq vəzifələrinin olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin maddədən göründüyü kimi, yetkinlik yaşına çatmayan övladın valideyni saxlamaq vəzifəsinin yaranması üçün ilkin şərt valideynin əmək qabiliyyətinin olmamasıdır. Lakin, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı əmək qabiliyyətlidir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdehlərin iddiaçını saxlamaq vəzifələri yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə cavabdehlərin məcburi paydan məhrum edilmələri üçün qanunvericiliklə nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədiyindən, hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mirasda məcburi pay almaq hüququndan məhrum etmə» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar