Məhkəmə qərarları › İş №2(125)-4782/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4782/2023

06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4782/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı X1 cavabdeh “Azərsu» Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 cavabdeh “Azərsu» Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 312,32 manat məbləğində su borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun yaşadığı ünvan 1 ünvanına yazılı olaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərmişdir. Cavabdeh xəbərdarlığında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixinə kimi su təchizatı və kanalizasiya xidmətlərinə görə iddiaçının cavabdehə 312,32 manat məbləğində su borcu yaranmışdır. Cavabdeh xəbərdarlığını belə əsaslandırmışdır ki, 3 iş günü müddətində borc ödənilməsə xidmətlər dayandırlacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclər məhkəmə qaydasında ondan tutulacaq. İddia tələbinə görə iddiaçının evinə su yeni sistem qoşulana kimi sızıntı şəklində, yəni çox zəif gəlmiş, bunu da dəfələrlə cavabdeh təşkilatın əməkdaşlarına bildirmişdir. Lakin buna baxmayaraq ona borc yazılmışdır. Yeni sayğaclar quraşdırıldığı gündən evə su gəlir, ödənişini də vaxtı-vaxtında edir. Suyun sızıntı halda gəlməsini cavabdeh tərəf vaxtında həll etməli idi. Lakin, buna baxmayaraq cavabdeh tərəf məsuliyyətsiz davranaraq vətəndaş olaraq onun problemini həll etməmişdir, hazırda da ona borc pul yazıb, ödəməyini tələb edir. İddiaçı, cavabdehə bildirmişdir ki, istifadə etmədiyi suyun borcunu ödəməyəcək, bu səbəbdən məhkəməyə borcun silinməsi tələbi ilə müraicət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə etmişdir ki, sayğac quraşdırıldıqdan sonra borcunun yarandığını qəbul edir, lakin sayğac quraşdırılmamışdan əvvəl su gəlmirdi, cavabdeh isə məhz həmin vaxta görə də borcunu tələb edir, həmin borc ilə isə iddiaçı razılaşmır. Odur ki, iddiaçı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı ilə 2005-ci ildə müqavilə bağlanıb, 2013-2014-cü illərdə iddiaçı tərəfindən heç bir ödəniş olmayıb, 2013-2016-cı illər üzrə 161,10 manat borcu yaranıb, xx.xx.2020-ci ildə sayğac quraşdırılıbdır. İddiaçı borcunu hissə hissə ödəsə də, sayğac quraşdırılana qədər 236,30 manat, sayğac quraşdırıldıqdan sonra isə 125 manat borcu qalıbdır. Sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********000 kimi qeyd edilən Nəribə Aslanovaya məxsus abonent kartından görünür ki, **********000 abonent kodu Gəncə şəhəri, Əli Məmmədov küçəsi, 67 nömrəli evdə yaşayan X2 məxsusdur. ünvan 2 ünvanı üzrə hissə-hissə ödənişlər edilsə də, həmin mənzilin abonent hesabına 2012-ci il üçün illik qalıq borc 1 manat; 2013-cü il üçün illik qalıq borc 36 manat; 2014-cü il üçün illik qalıq borc 36 manat; 2015-ci il üçün illik qalıq borc 30 manat; 2016-cı il üçün illik qalıq borc 30 manat; 2017-ci il üçün illik qalıq borc 36,6 manat; 2018-ci il üçün illik qalıq borc 25,2 manat; 2019-cu il üçün illik qalıq borc -12 manat; 2020-ci il üçün illik qalıq borc 13,4 manat; 2021-ci il üçün illik qalıq borc 125,12 manat; 2022-ci il üçün illik qalıq borc -10,7 manat; 2023-cü il üçün illik qalıq borc -52,2 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçının adına ünvanladığı xx.xx.2023-cü il tarixli “xəbərdarlıq” məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə iddiaçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 313,32 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. Qeyd olunan borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə göstərilən xidmətlərin dayandıralacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin iddiaçıdan məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin faktiki əsasını **********000 abonent kodu olan və iddiaçının yaşadığı Gəncə şəhəri, Əli Məmmədov küçəsi, 67 nömrəli evə suyun yeni sistem qoşulana kimi sızıntı şəklində, yəni çox zəif gəlməsi, bunun dəfələrlə cavabdeh təşkilatın əməkdaşlarına bildirilməsi, lakin buna baxmayaraq qeyd edilən məbləğdə iddiaçıya borcun yazılması təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, abonent kodu **********000 kimi qeyd edilən Gəncə şəhəri, Əli Məmmədov küçəsində yerləşən 67 nömrəli fərdi yaşayış evinə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə həm qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, həm də suölçən cihazın göstəricisinə əsasən borc hesablanmış, borcdan müvafiq məbləğlərdə hissə-hissə ödənişlər edilmişdir. Məhkəmə qeyd edir ki, su təminatı suyun alğı-satqı müqaviləsinə əsasən həyata keçirildiyinə görə suyun dəyərinin ödənilməsi öhdəliyin yaranması üçün əvvəlcə suyun istehlakçıya verilməsi faktı mövcud olmalıdır. Məhkəmə, iddiaçının mütəmadi olaraq sözügedən fərdi yaşayış evinə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə cavabdeh təşkilata hissə-hissə ödənişlər etməsi halını, eləcə də cavabdehin borc barədə xəbərdarlığından sonra suyun sızıntı ilə gəlməsini iddia etməsi halını sübutetmə yükünün dəyişməsi üçün əsas hesab edir. Yəni, indiki halda iddiaçı sudan istifadə etmədiyini, yaxud da suyun onun yaşadığı evə sızıntı ilə verildiyini sübuta yetirmək vəzifəsini daşıyır. Lakin iddiaçı bu halı təsdiq edən hər hansı sübuta istinad etməmiş, ümumiyyətlə məhkəməyə suyun sızıntı ilə verilməsi barədə cavabdeh təşkilata müraciət etməsini, ona borc barədə xəbərdarlıq gələnədək bu halı mübahisələndirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X1 cavabdeh “Azərsu» Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar