Məhkəmə qərarları › İş №2(125)-487/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-487/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-487/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi zərərə görə 9000 manat və mənəvi zərərə görə 900 manat olmaqla, cəmi 9900 manat pul məbləğinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 34 ildir qeyd etdiyi ünvanda yaşayır və heç bir qonşu ilə problemi olmayıb. 9 il öncə ailəsi ilə birlikdə köçüb Gəncə şəhəri, X5 ev 101 ünvanında yaşayan cavabdehlə problem yaşayır. 2016-cı ildə atası X1 xərçəng xəstəliyindən əziyyət çəkib yataqda son günlərini keçirən zaman qonşusu, cavabdeh xanımı ilə birlikdə onlara gəlib bildirmişdir ki, “gəlin həyətin barısını uçuraq, yeni barı tikək”. Atası başa salmışdır ki, onlar tərəfin barısında problem yoxdur, atmalar qoydurub “naves” düzəltdirmişlər, onların barısı uçmur və heç nə olası deyil, sağlamdır, gedin usta gətirin baxsın, öz tərəflərindən barını tikib düzəltdirsinlər. Qonşular istədikləri cavabı almadıqdan sonra gedib məhlənin ayağındakı barıya bir neçə gündən sonra neynədilərsə, barı uçası oldu. Sonra o hissəni hördürüb 20 santimetr məsafədə onların sahəsinə girmişlər. Atası ğldükdən sonra gəlib demişlər ki, “məhlənin evə baxan barısını sökək, yerində yenisini tikək”. Əslində isə onlar tərəf olan yol 20 santimetr genişləndirilməli idi. Onlar da öz növbəsində cavabdehə etirazlarını bildirmişlər. Çünki onlar tərəfdə problem yox idi və qonşular öz sahəsini genişləndirmək, divarlarının uçmasının qarşısını almaq üçün onları xərcə salmaq istəyirdilər. Beləcə mübahisə davam edirdi. 2016-cı ildə anası əməliyyat olunduğundan onunla birlikdə Bakı şəhərində qalmalı olmuşdur. Bundan istifadə edən qonşu barısı uçmasın deyə söküb düzəltmək əvəzinə icazəsiz onların dirəyinə ağır bir dəmir svarkalayıb öz barılarına söykəmişdir. Gəlib o dəmiri görəndə bir az gec idi. Amma narazılıqlarını bildirsələr də, ağır dəmiri oradan sökməsini desələr də, onların sözünə məhəl qoyan olmamışdır. Onların divarı əyilib uçmaq istədikcə onların dirəyinə ağırlıq düşməyə başladı və barıda balaca çat əmələ gəldi. Nə qədər öz tərəfini düzəltməyi, bu dəmiri sökməyi desə də, hər dəfə cavabdeh davaya çıxıb nalayiq söyüşlər söyməyə və hədə qorxu gəlməyə başlamışlar. 2021-ci ildə anası X2 “Covid19 Coronavirus” xəstəliyindən dünyasını dəyişmişdir. Bundan istifadə edib bir də gəlmişlər ki, “divarı sökək əvəzində yenisini tikək”. Yenə istədikləri cavabı ala bilməyib getmişlər. Hər dəfə dəmiri sökməsini desələr də, eyni söhbətlər təkrar olunmuşdur. Nəhayət, onların barısının uçmaması üçün vurduqları ağır dəmir onların barını çəkib onlar tərəfə aparmağa başlamışdır. 2022-ci ildə hansı hissədən ağır dəmir vurulubsa, o hissədən nəhəng bir çat əmələ gəlmişdir. O da vurub darvazanın üstünə vermişdir. Hər tərəfli uçma təhlükəsi ilə üzbəüzdür. Çağırıb ona ziyan vurduğunu, ziyanı ödəməyini bildirsələr də, cavabdeh, razılaşmır, şərt qoyur ki, “ya birlikdə edək, ya da mən darvazamı söküb aparıb ev tərəfimə qoyacam”. Darvaza sökülsə, ziyan onun üstündə qalır. Burada həm onun barısı uçur, həm də ziyanı o, ödəməlidir. Bu məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən barıya baxmağa arxitektor dəvət etmişdir. Baxıb bildirmişlər ki, bu divarın çat hissəsi sökülüb düzəlsə, hərtərəfli uça bilər. Qəzalı vəziyyətdədir. Divarı uçsa, onunla birgə “naves” də gedir. O, 1 ildir işsizdir, dolanışığı üçün ona qardaşı kömək edir. Bunlar 20 santimetr torpaq yerlərini genişləndirmək üçün həm onun barısını uçurdur, həm də yarı-yarıya pul qoyub təmir elətdirək deyir. Məcbur qalıb yuxanda göstərilənləri nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, qonşusu olan cavabdehlə qonşuluğuna köçən gündən mübahisə yaşayırlar. Atası ölməmişdən qabaq cavabdeh həyat yoldaşı ilə onlara yaxınlaşaraq ikitərəfli barını uçurdub təzə barı tikməyi təklif etmişlər. Xərçəng xəstəsi olmuş mərhum atası isə cavabdeh və həyat yoldaşına bildirmişdir ki, onlardan əvvəl orada yaşayan qonşuya barı qaldırmağı təklif etsə də, o vaxtkı qonşusu buna razı olmamışdır, buna görə də evin binəsini qoydurmuş, “navesini” qaldırmış, “kubiklə” hördürmüşdür. Buna görə də mərhum atası cavabdehə usta gətirib öz tərəfini düzəltdirməyini bildirmişdir. Lakin cavabdeh tərəf bununla razılaşmamışdır. 2015-ci ildə atası öləndən sonra cavabdeh tərəf yenə barını söküb təzə barı tikməyə təkid etsə də, bununla razılaşmamışlar. Bundan sonra anasının əməliyyatı ilə əlaqədar 2016-cı ildə Gürcüstan Respublikasına getməli olmuşlar, həmin vaxt cavabdeh tərəf öz barılarına uçmasın deyə onun mülkünə icazəsiz şəkildə ağır dəmiri “svarka” etmişlər. Evə gəlib həmin dəmiri görəndə anası ilə birgə cavabdehdən dəmirin mülkü uçurmaq təhlükəsi olduğu üçün sökülməsini tələb etmişlər. Öz divarları sağlam vəziyyətdə idi, nəyə görə cavabdehin uçan divarını dəmirlə saxlamalıdır? Cavabdehlə barıları ayrıcadır. Cavabdeh tərəfə bunu bildirdikdə isə onu ağır söyüşlərlə təhqir edir. Anası öləndən sonra da cavabdeh barının sökülməsini tələb etmişdir. Cavabdehin əməlləri nəticəsində öz barılarında da çat yaranmışdır. Barı artıq uçası vəziyyətdədir. Həmçinin darvazası açılmır, hasar hər an uçma təhlükəsi ilə üzbəüzdür. Evin novdanını da cavabdeh tərəf qırmış, bir il yarımdan sonra, yəni məhkəmə gedişində düzəltmişlər. Amma novdanı elə vəziyyətdə qoymuşlar ki, qapısının ağzı bütün su içindədir. Həmçinin məhkəmə gedişində cavabdeh öz evinin başından darvaza qoymuşdur ki, guya ora dalandır. Halbuki, bunu təsdiq edən heç bir sənədi yoxdur. Cavabdeh tərəfin niyyəti həmin barının sökülərək təzə barının çəkilməsi və arada olan 20 santimetr torpağı zəbt etməkdir. Cavabdeh tərəf öz divarını düzəltdirməli idi, cavabdeh öz divarını sökəndə onun divarına nəsə olsaydı, cavabdehlik daşıyıb öz divarını düzəltdirərdi. Cavabdeh onun divarını uçurdub, o öz vəsaiti hesabına divarı düzəltdirməlidir. Hazırda işsiz olsa da, həmin vaxt işləyirdi. Maddi imkanı yoxdur ki, hasarı düzəltsin. Cavabdeh tərəflə razılığa gəldikdən bir müddət sonra cavabdeh ortadan yoxa çıxır, vədinə əməl etmir. Bundan başqa, cavabdeh tərəf ona məxsus evin dibindən kanalizasiya xətti çəkmişlər. Heç kim qarantiya vermir ki, çat olan yer sökülsə, o biri tərəflər də uçmayacaq. Bundan əlavə, məhkəmə gedişində cavabdeh “svarka” etdiyi yerə kimi olan ağır dəmirlərin uzunluğundan bir qədər kəsmiş, ağır dəmirin ayaqlarını göydə saxlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etdi izahatında bildirdi ki, tərəflər qonşudur. Texniki pasportdan da göründüyü kimi tərəflərin barıları ayrıdır və aralarında 20 santimetr boşluq var. Cavabdeh tərəf özünə sahə açmaq üçün iddiaçıya məxsus qonşu divarla öz divarını birləşdirmişdir. Kənar müdaxilələr nəticəsində iddiaçı tərəfin barısına ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, 12 ildir ki, iddiaçının qonşuluğundakı evə köçmüşdür. Həmin vaxtdan bəri barı köhnə barı olmuşdur. Hətta barının baş tərəfi uçduğu üçün tez-tez iddiaçının atası barını düzəltməyi təklif etsə də, həmin barı bir gecədə uçmuşdur. İddiaçının atasına həmin barını bir yerdə hörməyi təklif etsə də, qonşusu ona demişdir ki, “sən get 20 metri hör, mən öz evimin qabağını hörəcəm”. O da, bununla razılaşmış və uçan hissəni hörmüşdür. Bu hadisədən 4 ay sonra, iddiaçının atası xəstəlikdən vəfat etmişdir. 11 ildir ki, vurduğu dəmir həmin hasarı saxlayır. İndi uçan hissə dəmir tərəf deyil, başqa tərəfdir. 5 ildir ki, avtomobilini darvazadan içəri sala bilmir. İddiaçıya dəfələrlə qonşu kimi həmin hasarı şərikli formada düzəltdirməyi təklif etsə də, aralarında razılıq əldə olunmamışdır. İddiaçının novdanını qırmamışdır, bunun üçün də heç bir səbəb yoxdur. Bundan başqa, iddiaçının bağçasındakı ağacların yarpağı külək nəticəsində onun evinə dolduğu üçün özünə təzə darvaza qoymuşdur, Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, mübahisə iki qonşu arasında yerləşən bir barıya görədir. Həmin hasar köhnə hasardır. “Naves”in altına vurulan ağır dəmirlər köhnə hasarın üstündədir. Hasar qəzalı vəziyyətdədir. İddiaçının atası arada olan barının üstündən 20 metr uzunluğunda iri mişar daşı (iri ağır kubiklə) beş cərgədən ibarət qanunsuz barı çəkmiş, nəticədə həmin kubiklərin ağırlığından aşağıda olan köhnə barı iri çat verərək boyhaboy yarıqlar əmələ gələrək əyilmiş və hər an uçmaq təhlükəsi altında qalmışdır. Ora gələn Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və ustalar da həmin ağırlıq nəticəsində barının hər an uça biləciyi barədə xəbərdarlıq etmişlər. Bundan başqa, cavabdehin navesinin novu hasar boyu gedir, nəticədə su axıb barının üstünə tökülür. Cavabdeh və ailə üzvləri buna görə yaşayış evinin giriş-çıxışından öz istədikləri kimi istifadə edə bilmirlər. Hasara görə darvaza açılmır. Cavabdehin yaşadığı evdə körpə nəvələri vardır. Barının uçmaq təhlükəsi qorxusundan azyaşlı nəvələrini və istifadəsində olan avtomobilini həyətə sala bilmir. İddiaçı tərəflə razılığa gəlməyə çalışsalar da, buna nail ola bilməmişlər. İddiaçı tərəflə dəfələrlə razılığa gəlməyə çalışsalar da, barışıq barədə real təklif olmadığı üçün razılığa gələ bilməmişlər. İddiaçının atası da sağlığında buna razılıq vermişdir. Həmçinin iddiaçı tərəfindən ona hansı maddi və mənəvi zərərin vurulması əsaslandırılmamışdır. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, cavabdehi və onun nümayəndəsi və vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə k, iş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X5 küçəsi, ev 103 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X5 küçəsi, ev 101 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarına iddiaçı tərəfindən öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mübahisəli ünvana dair bəzi fotoşəkillər əlavə edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı barının üstündə qanunuz çəkilmiş 20 metrlik beş cərgədən ibarət mişar daşının (kubikin) öz hesabına sökülməsi və barının əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1218/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə, iş materiallarına əlavə edilmiş foto şəkillərlə, eləcə də məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, X5 küçəsində yerləşən 103 nömrəli fərdi yaşayış evi ilə cavabdehin mülkiyyətində olan 101 nömrəli fərdi yaşayış evinin giriş-çıxış qapıları (darvazaları) yan-yana təcrid vəziyyətdə olmaqla yaşadıqları və qonşu olduqları evlərin arasında (arakəsməsində) köhnədən torpaq və çaylaq daşından ibarət barı mövcud olmuşdur. Tərəflərin bildirdiklərinə görə sonradan iddiaçı tərəf mülkiyyətində olan evin qarşısındakı köhnə barının arxa hissəsində istifadəsində olan torpaq sahəsində yenidən mişar daşı ilə barı hörmüş, eyni zamanda həmin barıya dəmir atmalar qoydurmaqla çardaq (talvar) düzəltdirmişdir. Köhnə barı isə cavabdehin evinə gediş-gəliş olan dalanda neytral olaraq qalmışdır. İddiaçı yeni hasar inşa etdiyindən köhnə barının iddiaçıya heç bir aidiyyəti qalmamışdır. Yerində müayinə zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının inşa etdirdiyi həmin yeni hasarda zədələrin olduğu müşahidə olunur. Bundan başqa, köhnə barıya və iddiaçının sonradan inşa etdirdiyi çardağın (talvarın) atmalarına dəmirdən ibarət dayaqlar birləşdirilmişdir. Lakin adi gözlə müşahidə, eləcə də adi yoxlanılma ilə həmin dayaqların boş olduğu məlum olmuş, dayaqların sözügedən çardağın (talvarın) atmalarına hər hansı ağırlıq yaratdığı müəyyən edilməmişdir. Məhkəmə tərəflər arasındakı mübahisənin xarakterini nəzərə alaraq hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri tətbiq edilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən müddəa zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı qonşu torpaq sahəsi ilə özünün istifadəsində olan torpaq sahəsini ayıran köhnə barının arxa hissəsində özünün istifadəsində olan torpaq sahəsində mişar daşı ilə inşa etdirdiyi barıda cavabdehin təqsiri ucbatından zədələr əmələ gəldiyini, nəticədə həmin barıya dəmir atmalar qoydurmaqla inşa etdirdiyi çardağın (talvarın) uçma təhlükəsinin olduğunu, pozulmuş hüququnu bərpa etmək üçün 9000 manat məbləğində xərc çəkməli olduğunu bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, sözügedən divarda yaranmış zədələrin məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyindən baş verdiyini əsaslandıra bilməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-in 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.). Məhkəmə xüsusən vurğulayır ki, Mülki Məcəllənin 152.5, 170.2, 171.1 və 171.2-ci maddələrinin mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, maddi və mənəvi zərər barədə iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar