Məhkəmə qərarları › İş №2(125)-4906/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4906/2023

27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4906/2023 27.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və yaşadığı ünvan 1 ünvanda yerləşən evə dair ona süni və əsassız olaraq tətbiq edilmiş 4320 kubmetr qaz sərfiyyatı xərcinin (518,4 manat) ləğv edilməsi barədə qətnamə çıxarılmasını, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən evə dair süni və əsassız olaraq tətbiq edilmiş 4320 kubmetr qaz sərfiyyatı borcunun (518,4 manat) silinməsi barədə qətnamə çıxarılmasını, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00500 olmaqla, iddiaçı qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın “alarm 2” rejimində olduğu və sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmadığı barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabat aparılaraq qaz itkisinin 4320 m3 (518,40 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur, belə ki, cavabdeh əsassız olaraq akt tərtib etmiş, guya dəyişdikləri sayğacda qüsur olduğunu qeyd etmiş, əsassız olaraq 4320 kubmetr qaz sərfiyyatı yazmışdır, sayğacın müayinəsini isə iddiaçının iştirakı olmadan keçirmişdir, halbuki qanuna əsasən onun iştirakı təmin edilməli idi. İddiaçı qeyd etmişdir ki, sözügedən mənzili 2022-ci ilin yanvar ayında almışdır, həmin ilin yayında sayğacını dəyişmişlər, bu yaxınlarda isə cavabdeh təşkilatın əməkdaşı mənzilə gələrək demişdir ki, borcunuz var. Beləliklə, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Qaz İdarəsinə getmiş və orada ona akt vermişlər, həmçinin ona demişlər ki, guya laboratoriyada müayinə zamanı dəyişdirilmiş sayğacda qüsur aşkar edib və 518 manat borcu yaranmışdır. O isə etirazını bildirmiş və bəyan etmişdir ki, sayğacda qüsur olsa belə, bu cavabdehin məsuliyyətinə aiddir və borcu qətiyyən qəbul etmir, odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, mülki işin məhkəmə baxışına təyin edilərək üzürlü səbəbdən onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə etdi ki, sayğac evdən kənarda yerləşir, ümumiyyətlə sayğaca hər hansı müdaxiə edilməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıya məxsus olan evdə quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən əvəzlənmiş və müvafiq olaraq itirilmiş qaz hesablanaraq sözügedən məbləğdə ziyan müəyyən edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, məhkəmə iddiaçının məhkəmə baxışında iştirak etməməsini üzürlü saymışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarında olan Cavabdeh (qaz paylayıcısı) ilə iddiaçı (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış XS-20-01813/23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00500 olan fərdi yaşayış evi üzrə təbii qazın istifadəsinə görə 2023-cü ilin aprel ayı daxil olmaqla, ümumilikdə 518,40 manat borc yaranmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 08 iyul 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Gəncə şəhəri, N.Nərimanov küçəsi, döngə 1, ev 8 ünvanda yaşayan abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış G-4 markalı, 08AZ**********7 nömrəli sayğac yeni sayğacla – Zenner tipli, G-4 markalı, **********1 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə dövri yoxlama müddətinin çatması olmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 27 mart 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış Cavabdeh İB-nin 29/1710-03326-1, 08AZ**********7 nömrəli qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir, sayğac “alarm 2” rejimindədir və istismara yararsızdır. Element bitmək üzrədir, klapan bağlıdır. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğacın klapanı mexaniki üsulla açılmışdır. Dəymiş ziyanın 4320 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında, yəni qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi olan hazırkı iddiaçı arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanmasına və hazırda mübahisələndirilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 27 mart 2023-cü il tarixli aktda abonent kimi başqa şəxsin adının yazılmasına baxmayaraq, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 08 iyul 2022-ci il tarixli, ******* nömrəli aktdan da aydın olur ki, mübahisəli akt qəbul edilərkən abonent kodu **********00500 olan sözügedən ev üzrə abonent İddiaçı olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər 08AZ**********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. Başqa sözlə, cavabdeh tərəf bu halı inkar etməmişdir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 08AZ**********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 4320 m3 itirilmiş təbii qaz üçün 518,40 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Abonent kodu **********00500 olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat miqdarında borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar