Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4920/2025 22.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 250 (iki yüz əlli) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 49, mənzil 1-də Gəncə şəhər 3-MİK ev-13 mənzil 80-də yaşayan tanıdığı usta X2 mənzilində təmir işləri gördürmüşdür. Mənzildə təmir işləri yekunlaşmaq üzrə idi. Bu vaxt mənzilin 4 otağının qapısını və 1 mətbəx qapısını dəyişməli olmuşdur. Usta Asəf ona Gəncə şəhəri, Məhsəti qəsəbəsində qapı satılan mağaza olduğunu, həmin mağazanı Təranə adlı qadın işlətdiyini və orada “Avropa qapıları” almağının məsləhətli olduğunu bildirmişdir. Asəf ona Təranə adlı qadının istifadə etdiyi ***-***-**-** nömrəsini vermiş, 18 may 2025-ci il tarixdə Təranə adlı qadının istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng etmiş və onda Avropa qapılarının olduğunu soruşmuşdur. Təranə ona “bu gün gecdir sabah gələrsiniz”-demişdir. Səhəri günü yəni, xx.xx.2025-ci il tarixdə oğluna məxsus avtomobillə Təranənin “Avropa qapıları” satdığı mağazaya getmişdir. Mağazanın sahibi Təranə ilə görüşüb mağazada olan bir neçə “Avropa qapılarını” nəzərdən keçirmiş və həmin qapılar xoşuna gəldiyini və ona 5 ədəd qapı lazım olduğunu bildirmişdir. Lakin, mağazanın sahibi Təranə mağazadan mobil telefonu ilə kiməsə zəng edib, 5 ədəd qapı lazım olduğunu bildirdikdə, həmin şəxs onda qapılar olduğunu və hər qapının qiymətinin 250 manat olduğunu bildirmişdir. O da onunla razılaşmış və mağazanın sahibi Təranə ona 5 qapının ümumi qiymətinin 1250 manat etdiyini və əvvəlcə bir qapı üçün 250 manat avans verməli olduğunu bildirmişdir. Sonra Təranə ******* nömrəli razılaşma sənədi yazmış və hər ikisi də həmin sənədə imza etmişlər. Bundan başqa Təranə həmin sənəddə “KapitalBank”-dan aldığı 4169-7388- 6654-6512 kartının nömrəsini də qeyd etmişdir. O da evə gedib evdən 1 ədəd qapı üçün 250 manat pulu M10 vasitəsilə mağaza sahibi Təranənin ona verdiyi “KapitalBank”-dan aldığı 4169-7388-6654-6512 saylı bank kartının hesabına göndərmişdir. 20 may 2025-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən mağazada işləyən Təranə oğlu Anar (tel:***-***-**-**) ilə birlikdə onun yaşadığım ünvana gəlmiş, lakin, Təranə avtomobildən düşməmiş və onun oğlu Anar (özünü qapı quraşdıran usta kimi təqdim edən) onun yaşadığı mənzilə daxil olub mənzildə olan otaqların qapılarını ölçmüşdür. Təranə ona ustaların mənzildə işi yekunlaşan kimi, gətirib qapıları quraşdıracaqlarını, qapıları quraşdırdıqdan sonra yerdə qalan pulu da verməli olduğunu bildirmişdir. Bundan sonra o, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən mağazada işləyən Təranənin ona verdiyi ***-***-**-** mobil telefona zəng etsə də telefonu açmamışdır. O da xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib xx.xx.2025-ci il tarixində Təranə adlı şəxsdən 4 ədəd qapı sifariş etdiyini, ilkin ödəniş kimi “M10” tətbiqi vasitəsi ilə şəxsin kart hesabına 250 AZN pul göndərdiyini, lakin Təranə adlı qadının telefonuna cavab vermədiyini, onu aldatması barədə müraciət etmişdir. Müraciəti Gəncə Şəhər BPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırılmış və 23 iyun 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və işin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul edir, həqiqətən də İddiaçı ona qapı sifariş vermiş və bu məqsədlə o iddiaçıdan 250 manat pul almışdır. Lakin nə qapını düzəldib təhvil vermiş, nə də pulu iddiaçıya qaytarmışdır. Hazırda maddi vəziyyəti aşağı olduğuna görə iddiaçıya 250 manat pulu qaytara bilmir. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərməyərək məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Karta köçürmə barədə qəbzdən (800781121 əməliyyat kodu) görünür ki, 19 may 2025-ci il tarixdə +994 50 *** ** 51 nömrəsindən m10 vasitəsilə 4169 7388 **** 6512 bank kartı hesabına 250 (iki yüz əlli manat) pul köçürülmüşdür. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh barəsində qapı sifarişi ilə bağlı sonuncuya 250 manat pul verməsi, lakin onun telefonlara cavab verməməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada 4 ədəd qapı düzəldilməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının sifarişi əsasında hər birinin dəyəri 250 manat olan 4 ədəd qapını ona təhvil verməli idi. İddiaçı qapının ümumi dəyərindən 250 manat cavabdehə avans kimi vermiş, qalan məbləği isə qapılar təhvil verildikdən sonra ödənilməli idi. Lakin, cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh nə iddiaçıya qapını düzəldib təhvil vermiş, nə də avans kimi aldığı 250 manatı ona geri qaytarmışdır. Bu səbəbdən iddiaçı cavabdehə qarşı qeyd edilən iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat pul alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, o cümlədən iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq məqsədi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdeh tutularaq, iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 280 (iki yüz səksən) manat tutularaq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4920/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4920/2025
22.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver